2017-ci ilin sonlarına qədər Rusiyanın təşəbbüsü ilə
Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilə
bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan
xarici işlər nazirlərinin Nyu-York görüşünü hazırlayırlar. Serj
Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına
müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən
müharibəyə səbəb olacaq ritorikadan istifadə edib. Dağlıq
Qarabağdakı qondarma rejimin “parlament”i 3 il müddətinə
“prezident”ini seçib. ABŞ Suriyanın şimalında hərbi gücünü
artırmaqdadır. Ukraynanın şərqində yaradılan “Donetsk Xalq
Respublikası” terror təşkilatının başçısı “Malorusiya dövləti”nin
yaradılmasını elan edib. Müsəlmanların ilk qibləsi olan
Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam
edir.
Azərbaycan, Dağlıq Qarabağ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 16-da Latviya Respublikasına səfər edib. Dövlət başçılarının
təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olub.
Prezident: “Azərbaycan milyardlarla dollar sərmayə qoyur ki, Cənub Qaz Dəhlizi tezliklə reallaşsın” (YENİLƏNİR)
İyulun 21-də Rusiyanın Soçi şəhərində Azərbaycan və
Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş
baş tutub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə
edilib.
Bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında
strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha
təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar
və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi
aparılıb.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji
tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliklərini bildiriblər.
“Azərbaycan və Ermənistan prezidentlərinin mümkün
görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə
konkret planın müzakirəsi və onun implementasiyasını (həyata
keçirilməsi) təmin etmək lazımdır”. Bu barədə
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə
açıqlamasında deyib.
E.Məmmədyarov qeyd edib ki, ermənistanlı həmkarı ilə Brüsseldə
keçirilən görüşdə Minsk qrupunun həmsədrləri prezidentlərin
görüşünün keçirilməsini təmin etməyi xahiş etdilər.
“Görüşlər münaqişənin həlli prosesində əhəmiyyətli elementdir.
Lakin bu görüşlər görüş xətrinə keçirilməməlidir. Əgər prezidentlər
səviyyəsində görüş təşkil ediləcəksə, həmsədrlər tərəfindən
münaqişənin nizama salınması üzrə planın müzakirəsi və onun
implementasiyasını təmin etmək lazımdır. Buna görə biz həmişə
danışıqların substantiv xarakterinə ehtiyacın olduğunu xüsusi
vurğulayırıq”, - deyə nazir qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin
Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə
münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif
təxribat və bəhanələrə əl atıb.Nazirin qənaətinə görə, Ermənistan
hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə
çalışır.
İyulun 19-da Bakıda Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov
və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə
Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü
görüşü başlanıb. Görüş iki gün davam edib.
İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul
edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev Çavuşoğlu ilə görüşdü - FOTO (YENİLƏNDİ)
Dağlıq Qarabağdakı qondarma rejimin “parlament”i
iyulun 19-da Bako Saakyanı yenidən 3 il müddətinə “prezident”
seçib. Gizli “səsvermə”nin nəticəsinə görə, Saakyana
“parlament”in 33 “deputat”ından 28-i səs verib. Onun rəqibi –
“Hərəkat-88” Partiyasının lideri Eduard Aqabekyan 4 səs
toplayıb.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış
qondarma rejimin saxta “prezident seçki”si keçirməsi Ermənistanın
növbəti siyasi təxribatıdır. Bunu Azərbaycan Xarici
İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
19 iyulda qondarma rejimdə qanunsuz “prezident seçki”sinin
keçirilməsi məsələsi ilə bağlı deyib.
XİN: Qondarma rejimin saxta "prezident seçkisi" keçirməsi Ermənistanın növbəti siyasi təxribatıdır
“Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər,
çünki bu, geosiyasi oyunların nəticəsidir”. Bu barədə
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının
Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “RİA Novosti”
agentliyinə müsahibəsində deyib.
“Qarabağda münaqişə yenidən alovlana bilər” - Prezidentin köməkçisi
Azərbaycan müdafiə naziri Zakir Həsənovun
Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək
gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda
təşvişlə müzakirə edilir.
Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və
“Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir.
Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif
dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.
Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK – VİDEO/FOTO
Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin
erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın
Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin,
Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında
siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu
ermənilərin özləri də etiraf edir.
Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana
S-400 raket müdafiə sistemlərinin verəcəyidir.
Azərbaycan erməni ordusunu məhv edəcək S-400 raketlərini alır – Düşmənə gözləmədiyi yerdən ZƏRBƏ
Rusiya Azərbaycan və Ermənistan prezidentləri
arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas
təşkilatçısı olacaq. Bu barədə Rusiya XİN-dəki mənbə
“İzvestiya” qəzetinə bildirib.
“Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun
digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar
masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla
nəticələnib”-mənbə bildirib.
Putin Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil edir
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü
hazırlayırlar. Bu barədə Rusiyanın ATƏT-dəki daimi
nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə
bildirib.
"Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər,
iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə
hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından
tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq", -
deyə o qeyd edib.
Bu informasiyalar fonunda Ermənistan prezidenti Serj Sarkisyanın
erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir. Erməni
siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə
getmək istəmədiyini yazır: “Onun müsahibədə dediyi fikirlər də bunu
göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki
Moskvanın təşəbbüsünü rədd edə bilmir”.
S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün
yaxşı heç nə vəd etmir.
Prezidentlərin görüşü ilə bağlı MÜDHİŞ İDDİA: bu şərtlər Ermənistana diktə ediləcək
Serj Sarkisyan “Ermənistan” telekanalının
“R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən
görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da
istifadə edib. Sarkisyan heç bir variantda geri
çəkilməyəcəklərini bildirib: “Biz davamlı olaraq güzəştlər haqda
danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri
çəkilməyəcəyik”.
O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, “öz
müqəddəratını təyin etmə” prinsipini əsas götürürlər.
“İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri
olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq
Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu
prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın
(qondarma DQR rejimi - red.) iştirak etməsi məcburidir”, - deyə
Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli
sürüb.
Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv
mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə
olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz
şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər.
Ermənistan
Ermənistan hökuməti Rusiya və Ermənistan
qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında 30
noyabr 2016-cı ildə imzalanmış razılaşmanın təsdiqi haqqında qanun
layihəsini bəyənib. Erməni KİV-ı razılaşmanın
təsdiqini Ermənistanın kapitulyasiyası adlandırıb.
Rusiya Ermənistanı ələ keçirir və... – Düşmən ölkədə BÖYÜK QORXU
Daha əvvəl isə Rusiya Federasiya Şurası razılaşmanı təsdiq
edib.
Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün
Moskva ilə danışıqlar aparır. Bunu jurnalistlərə
açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib. O,
danışıqların bu ilin əvvəlindən başladığını bildirib.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon
dollarlıq hərbi kredit ayırıb. Bu kredit çərçivəsində Ermənistana
həmçinin “İsgəndər” raketləri də verilib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış
edib. Volodin Moskvada Ermənistan parlamentinin
spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşdə belə bir təklif səsləndirib.
İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi
statusunun verilməsi barədə təklifinə rədd cavabı
verib. Ermənistan parlamentinin xarici əlaqələr
komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə
açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını
bildirib.
İrəvandan Moskvaya TƏRS ŞİLLƏ
Türkiyə, İran, Yaxın Şərq
İyulun 19-da Türkiyə hökumətinin yeni tərkibi
açıqlanıb.
Türkiyə hökumətinin yeni tərkibi AÇIQLANDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz
turnesinə çıxır. Prezident 23-24 iyul tarixlərində
Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək. Səfərin əsas
məqsədi Qətər böhranının həllinə kömək etməkdir.
Xatırladaq ki, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir
terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə
diplomatik əlaqələri kəsiblər.
Ərdoğan 5 gündən sonra ərəb dünyasını FƏTH EDƏCƏK
Türkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması
üçün 2,5 milyard dollar ödəməyə razılaşıb.
Türkiyə raketlərini Ermənistana tuşlayır – S-400-lər SƏRHƏDDƏ
Rusiya ilə Türkiyə arsında aparılan S-400
sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların
atılması an məsələsidir. Bu barədə Türkiyənin müdafiə
naziri Fikri Işık açıqlama verib.
O, bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün
maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib:
“S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə
yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki,
heç bir problemlə qarşılaşmamışıq”.
Məsələ ilə bağlı açıqlama verən Rusiya hərbi şirkətinin
nümayəndəsi Aleksandr Mixeyev razılaşmanın yaxın zamanda
imzalanacağı xəbərini təsdiq edib.
ABŞ Suriyanın şimalında - PKK/PYD terror
təşkilatının nəzarətində olan bölgədə hərbi gücünü
artırmaqdadır. “Anadolu” agentliyi xəbər verir ki,
ABŞ hazırda bölgədə iki hava bazası və 8 hərbi məntəqəyə
sahibdir.
Haseke, Rakka və Münbiçdəki “əməliyyat nöqtələri”ndə ABŞ-ın
xüsusi təyinatlı qüvvələri yerləşir. Tel-Beyder ABŞ Müdafiə
Nazirliyinin (Pentaqon) bölgədə qurduğu 8 hərbi məntəqədən ən
yenisidir.
Münbiçdə iki hərbi məntəqədə yerləşən qüvvələr PKK/PYD-ni
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusundan müdafiə edir.
FETÖ terror təşkilatı Türkiyədə siyasi liderlərdən
birinə sui-qəsd törədə bilər. Bu iddia ilə Ankara
Böyük şəhər bələdiyyəsinin sədri Melih Gökçek çıxış edib.
Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişi cəhdində iştirak
edən FETÖ-çü zabitlərdən birinin üzərindən qeyd tapılıb: “Həmin
qeydə mənim də adım daxil olmaqla 4 nəfərin adı vardı”.
M.Gökçek bildirib ki, FETÖ bundan sonra heç nə edə bilməz:
“Yalnız sui-qəsd törədə bilərlər. Sui-qəsd ya Prezidentimizə (Rəcəb
Tayyip Ərdoğan), ya da müxalifət liderlərindən birinə ola bilər.
Müxalifət liderinə nəsə edilərsə, Türkiyədə ara qarışar. Diqqət
etmək lazımdır. Sui-qəsdən başqa heç nə edə bilməzlər”.
Almaniya Türkiyəyə qarşı silah və ehtiyyat
hissələrinin ixracının dayandırılması ilə bağlı sanksiya tətbiq
edib. Almaniya ilk növbədə hərbi iş birliklərini
dondurub, silah və hərbi avadanlıqların satışını təxirə salıb.
ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə
əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək
niyyətindədir. Bu haqda jurnalistlərə Ağ Evin
nümayəndəsi bildirib.
Ağ Evin nümayəndəsi həmçinin İranın “düşmən fəaliyyəti”ndən
nümunələr gətirib.
“İran ən böyük təhlükədir...” – Ağ Evdən YENİ PLAN
ABŞ Prezidenti Donald Tramp iyulun 18-də İranın
2015-ci ildən nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul
edib. Ağ Evin yaydığı informasiyaya görə, dövlət
katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə
yetirilməsi ilə bağlı hesabatı Donald Trampa təqdim edib. Həmin
sənəd prezident tərəfindən Konqresə göndərilib.
ABŞ və İsrail İranın Suriyanın cənubunda gücünü
artırmasına imkan verməyəcək. Bunu jurnalistlərə
açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib. O,
Suriyada atəşkəsin İranın maraqlarına xidmət etməməsi gərəkdiyini
söyləyib.
Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu
Suriyadakı atəşkəsi dəstəkləmədiyini bildirib. O, ABŞ və Rusiyanın
əldə etdiyi atəşkəsin İranı Suriyada gücləndirəcəyini
vurğulayıb.
İran parlamenti iyulun 18-də Yaxın Şərqdə “Amerika
terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul
edib. Sənədə parlamentin 212 üzvü səs verib.
Tehranın bu addımı ABŞ Senatının iyunun 15-də qəbul etdiyi
qərara cavab olub.
İran “Amerika terrorizmi”nə qarşı qanun qəbul etdi
ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer
silahı sistemini (Laser Weapons System) sınaqdan
keçirib. Bu barədə CNN telekanalı məlumat verib.
Məlumata görə, bu, faktiki olaraq dünyada ilk işlək lazer
silahıdır.
LaWS sisteminin sürəti 50 min dəfə qitələrarası ballistik
raketin sürətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində
pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA
dənizə düşüb.
Qətər böhranının yaranmasına səbəb olan bəyanatın
yerləşdirildiyi Qətər dövlət xəbərlər agentliyinə kiberhücum
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təşkil
edilib. Bu haqda ABŞ kəşfiyyatında çalışan məmurlara
istinadən “Vaşinqton Post” nəşri bildirib.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının nümayəndələri toplanmış
informasiyanı təhlil edərək ötən həftə təsdiq ediblər ki, BƏƏ
hökumətinin yüksək vəzifəli üzvləri hakerhücum planı və onun
reallaşdırılmasını müzakirə ediblər.
“O ölkə hücum etdi” – ABŞ kəşfiyyatından ŞOK İDDİA
“Türkiyə əgər ərəb dünyasına gizli-gizli girərək
müdaxilə etməyə çalışırsa, bu dövr keçdi”. Bunu haqda
Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla
əl-Muallim deyib.
“Türk qardaşlarımız ərəb dünyasında gizli, yaxud da müəyyən
ölçüdə arzuolunmaz hərbi müdaxilə dövrünün çoxdan bitdiyini
anlamalıdır. Əgər Türkiyə qurucu rol oynamaq istəyirsə, bunu ancaq
xoş qarşılayarıq. Ancaq bu rolu hərbi bazalar və hərbi müdaxilə ilə
oynamaq istəsələr, bu, yaxşı olmayacaq”, - deyə o bildirib.
Diplomat Türkiyənin bu cür addımlarının ərəb dünyasındakı
nüfuzuna zərər verəcəyini vurğulayıb. Daha əvvəl Abdulla əl-Muallim
ərəb ölkələrinin 13 tələbin əvəzinə 6 ümumi prinsip
formalaşdırdığını deyib.
Səudiyyə Ərəbistanından Türkiyəyə TƏHDİD
Suriya müxalifəti Prezident Bəşər Əsədin
devrilməsindən artıq imtina edib. Bu sözləri öz
Tvitter səhifəsində Rusiya Federasiya Şurasının İnformasiya
Siyasəti Komissiyasının sədri Aleksey Puşkov paylaşıb.
Qeyd edək ki, bundan öncə Fransa Əsədin devrilməsinin Paris üçün
artıq prioritet olmadığını bildirib. Eyni fikri bir müddət əvvəl
ABŞ Prezidenti Donald Tramp da söyləyib.
Əsədin devrilməsi məsələsində hələlik İsrail, Səudiyyə
Ərəbistanı və Türkiyə fikrini dəyişməyib.
“İŞİD terror təşkilatı məğlubiyyətdən sonra
diversiya taktikasına keçə bilər”. Bu haqda Şimali
İraq kürd anti-terror güclərinin nümayəndəsi Lahud Təlabani
bildirib.
Təlabaninin sözlərinə görə, təşkilat diversiya taktikasına
keçməklə “Əl-qaidə” terror təşkilatını xatırlatmağa başlayacaq.
Qeyd edək ki, daha əvvəl “Lenta.ru” saytı İŞİD-in İraq və
Suriyada məğlubiyyətindən sonra ehtimal olunan əsas ekspansiya
marşrutlarını açıqlayıb.
İŞİD-in növbəti qurbanı olacaq ÖLKƏLƏR - ADLAR
Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) 173
kamikadzenin yer aldığı siyahını açıqlayıb.
173 nəfərlik “ÖLÜM QRUPU”: Dünyanı qan gölünə çevrimək üçün YOLA ÇIXDI
Lahur Təlabani həmçinin İŞİD lideri Əbubəkr
əl-Bağdadinin sağ olduğunu deyib. “99 faiz ehtimalla
deyə bilərəm ki, Bağdadi sağdır və Rakkada yaşayır. Onun sağ olması
ilə bağlı bizdə kəşfiyyat məlumatı var”, - Təlabani bildirib.
“Moskvada İŞİD lideri Əbubəkr əl-Bağdadinin taleyi
haqqında dəqiq informasiya yoxdur”. Bu haqda Rusiya
prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Bağdadinin taleyi ilə bağlı dövriyyədə olan
bütün məlumatlar yoxlanılır.
“Bizdə hansısa daha dəqiq məlumat yoxdur. Həqiqətən, bir-birinə
zidd informasiyalar hərəkət edir. Bu informasiyalar bizim müvafiq
xidmətlərimiz tərəfindən yoxlanılacaq”, - Peskov əlavə edib.
Amerika Birləşmiş Ştatları İŞİD terror
qruplaşmasının daxilinə sızdırdığı kəşfiyyat üzvlərini geri
çağırıb. Keçən həftə Deyrezzor ərazisindəki
agentlərini geri götürən ABŞ federal agentliyi dünən də İraqın
Havis qəsəbəsindəki üzvlərini təhlükəsiz bölgələrə daşıyıb.
Amerika agentlərini havadan apardığı əməliyyatlar sayəsində
təhlükəsiz şəkildə toplayır.
ABŞ-ın kəşfiyyat məqsədilə agent göndərdiyi daha bir bölgə isə
Mosul şəhəri idi. Mosul terrorçulardan təmizləndikdən sonra ABŞ
hərbi helikopterlərinin şəhərə gəldiyi və İŞİD əsgərlərindən bir
neçəsini apardığı bildirilmişdi. Şəhər azad edildikdən sonra həmin
əsgərlərin əslində, ABŞ kəşfiyyat agentləri olduğu ortaya
çıxarıldı.
Qeyd edək ki, ABŞ rəhbərliyi altında Suriya və İraqda agentlik
fəaliyyəti göstərənlər Tunis, Küveyt kimi ölkələrdən gələn
miqrantlardır. Həmin gizli agentlər sayəsində koalisiya qüvvələri
İŞİD-in onlarla hərbi əməliyyatının qarşısını alaraq ona qalib
gəlib.
Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam
edir. İsrail ordusu Məscidi-Aksanın qapılarına
qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto
etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə
plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib.
İsrail polisi 50 yaşdan aşağı kişilərə qadağa qoydu - VİDEO (YENİLƏNDİ)
İsrail hökuməti yaşı 50-dən aşağı olan müsəlmanlara
məscidə girməyi qadağan edib. İsrail polisinin
verdiyi açıqlamaya görə, qadağa növbəti əmr verilənə qədər davam
edəcək.
Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksanın
İsrail tərəfindən ibadətə bağlanılmasına Türkiyədə sərt reaksiya
verilib. İstanbul və Ankara şəhərləri başda olmaqla,
Türkiyənin 81 əyalətində etiraz nümayişləri təşkil edilib.
Rusiya-Qərb münasibətləri
“Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini
əvəzsiz qaytarmaq niyyətində deyil”. Ağ Evdəki yüksək
vəzifəli məmura istinadən “RİA-Novosti” agentliyi bildirib.
Daha əvvəl – iyulun 14-də ABŞ prezidentinin köməkçisinin müavini
Sebastyan Qork bildirib ki, Ağ Evdə Rusiya diplomatik mülkiyyətin
Moskvaya qaytarılması imkanına baxılır. Lakin o, Suriya
müharibəsini xatırladıb.
“Bunu əvəzsiz etmək niyyətində deyilik”- Ağ Evdən Moskvaya BƏD XƏBƏR
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə
ABŞ-ın hərəkətini “günün günorta çağı soyğunçuluq”
adlandırıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda
çiçəklənən rusofobiya dünya miqyaslı bir sıra əhəmiyyətli
problemlər üzrə qarşılıqlı maraqlara cavab verən həll üçün əminlik
vermir”.
Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətə qoyulan həbsin
götürülməsi barədə Vaşinqtonla “demək olar ki” razılaşmaya nail
olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini
Sergey Ryabkova istinadən edən CNN telekanalının müxbiri Cim
Skuitto bildirib.
Vaşinqtonda Sergey Ryabkovla ABŞ dövlət katibinin
siyasi məsələlər üzrə müavini Tomas Şennon arasında
konsultasiyaların ikinci raundu keçirilib.
Danışıqların əsas mövzusu Rusiyanın diplomatik mülkiyyətinin
qaytarılması olub.
“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20
sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı”
dəyərli görüş adlandırmaq olmaz”. Bu haqda Ağ Evin
nümayəndəsi jurnalistlərə bildirib.
“Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız
naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş
faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və
tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının
nümayəndəsi deyib.
ABŞ və Rusiya liderlərinin “məxfi görüşü” ətrafında qalmaqal
“Eurasia Group” beynəlxalq konsultinq şirkətinin rəhbəri Yan
Bremmerin müsahibəsindən sonra qopub.
Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA
NATO Rusiyanın “Qərb-2017” təlimini diqqətlə
izləyəcək. Bunu “Röyter” agentliyinə müsahibəsində
ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri general-leytenant Ben Xoces
söyləyib.
“Əsas qorxu bu təlim sayəsində Belarusda “Troya atı”nın
yaradılmasıdır. Biz qorxuruq ki, Rusiya Belarusda digər
əməliyyatlar üçün ordu saxlasın. Rusiya deyir ki, bu, sadəcə
təlimdir. Təlimdən sonra isə bütün qüvvələr başqa istiqamətə
yerləşdiriləcək”, – deyə o bildirib.
ABŞ və Rusiyanın Suriyada maraqları ortaq
deyil. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri
Mayk Pompeo söyləyib.
“Hər şey çox çətindir. Biz rusların böyük nüvə arsenalının
olduğu və Suriyada möhkəmləndiyi dünyada yaşayırıq. Amerikaya elə
xoş olmayan şeylər yaşatmaq çox xoşlarına gəlir. Məncə onlar elə
yerlər axtarır ki, bizim həyatımızı çətinləşdirsinlər. ABŞ-ın
birinci məqsədi Rusiya ekspansiyasına mane olmaqdır”, - deyə o
bildirib.
Gürcüstanın NATO-ya girişi haqqında məsələ ABŞ
Konqresində yenidən qaldırılıb. Konqresdə Gürcüstanın
NATO-ya girişinin dəstəklənməsi, həmçinin “Sülh Naminə Tərəfdaşlıq”
proqramında Kosovonun iştirakı təklif edilib.
2018-ci ildə ABŞ-ın hərbi büdcəsi layihəsinə uyğun olan
düzəlişlər Konqresin respublikaçı üzvü Mayk Terner tərəfindən
hazırlanıb. O, parlament üzvlərini “Şərqi Avropada Rusiya
təcavüzü”nün qarşısının alınması üçün NATO ilə daha aktiv işləməyə
çağırıb.
Qafqazda genişlənmə: Rusiya-NATO arasında MÜHARİBƏ MEYDANI
Ukrayna böhranı
ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz
təyyarəsi Ukraynanın Donbas bölgəsi üzərində növbəti kəşfiyyat
uçuşunu həyata keçirib. Bu haqda Rusiyanın
“Korrespondent” nəşri hərbi aviasiyanın uçuşlarını izləyən qərb
saytlarına istinadən yazıb.
“300 kilometr radiusda...” - ABŞ təmas xəttində kəşfiyyat toplayır
“Krım və Donbasın işğal edilmiş rayonlarının Ukrayna
tərkibinə hərbi yolla qaytarılması ehtimalı çox
kiçikdir”. Bunu “Apostrof” nəşrinə müsahibəsində
Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini
Georgi Tuk deyib.
Tuk qeyd edib ki, Donbasın hərbi yolla qaytarılmasının tərəfdarı
deyil. Onun sözlərinə görə, Ukrayna ordusu hələ Rusiya ordusu ilə
qarşıdurmaya girə biləcək qədər güclü deyil.
İşğal olunmuş ərazilərin azad edilməsi üçün YEGANƏ YOL: Rusiya...
Ukraynanın şərqində yaradılan “Donetsk Xalq
Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko
“Malorusiya dövləti”nin yaradılmasını elan edib.
Zaxarçenko bu haqda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü
3 il çəkəcək.
“Vəziyyət dalandadır. Biz ölkənin reinteqrasiyası planını təklif
edirik. Vətəndaş müharibəsini dayandırmaq üçün vəziyyəti müzakirə
etdik və nəticəyə gəldik ki, Ukrayna özünü baş tutmayan dövlət kimi
göstərdi. Kiyev rejimi vətəndaş müharibəsinə son qoymaq
vəziyyətində deyil. Vəziyyətdən çıxış yolu Malorusiya dövlətini
təsis etməkdir. Malorusiya müstəqil gənc dövlətdir”, - Zaxarçenko
deyib.
Qeyd edək ki, Kiyev “DXR” və “LXR”i (Rusiya onları “xalq
respublikaları” adlandırır –red.) tanımır, onların nəzarəti altında
olan əraziləri işğal edilmiş, hərbi gücləri isə terror qrupları
hesab edir.
“Malorusiya dövləti”nin yaradılması haqqında “DXR”
(“Donetsk Xalq Respublikası” – red)) terrorçularının başçısının
bəyanatı Moskvadan edilən zəngin nəticəsidir”. Bunu
Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel”
nəşrinə açıqlamasında deyib.
“Ədəbsiz leksikanın tətbiqi ilə dişlərini göstərmək Kremlin
üsullarından biridir. Kvazidövlət olan “Donetsk Xalq Respublikası”
özünü daha gözəl adla adlandırmağa hazırlaşır. Zaxarçenko heç nəyi
həll etmir. Ona sadəcə Moskvadan zəng vurdular və ədəbsiz
leksikanın tətbiqi ilə nəsə etməyi əmr etdilər”, - o bildirib.
Kremldən zəng və barıt qabında... – Vaşinqtona TƏHLÜKƏLİ MESAJ
Koreya böhranı
“Koreya Xalq Demokratik Respublikasında hakimiyyət
istənilən vaxt dəyişə bilər”. Bu haqda ABŞ-ın dövlət
katibinin sabiq müavini Entoni Blinken deyib.
Onun sözlərinə görə, Koreya böhranı ilə əlaqədar ölkələr
qabaqcadan hadisələrin bu cür inkişafına hazır olmalıdır.
“Hazır olun, hər an...” – Dövlət başçısına sui-qəsd EDİLƏCƏK?
ABŞ-ın Havay ştatında sakinlərin nüvə zərbəsi zamanı
hərəkətləri üzrə təlimlər başlanıb.
Nüvə müharibəsinə HAZIRLIQ: ABŞ mümkün ssenarini AÇIQLADI - VİDEO
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/207160.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)