Ölümə fəlsəfi baxış

Ölümə fəlsəfi baxış
22:22 22 İyul 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ölüm"ü hamı başa düşür: Biz bu kiçik yazıda, oxucularla, "ölüm" haqqında qısa olaraq fəlsəfi, insanı oyadacaq, onu ciddi şəkildə düşünməyə vadar edəcək şəkildə danışmaq istəyirik. 

Bəzi anlayışlar hamı üçün aydındır. Məsələn, "varlıq", "həyat", "yoxluq" və s. Bunlardan biri də "ölüm" anlayışıdır. Hamımız ölümün nə demək olduğunu başa düşürük. Əlbəttə, ölümdən sonra nə baş verdiyini bilməsək də, amma onun nə demək olduğunu hamı müəyyən həddə dərk edir. 

Milli.Az ixlas.az-a istinadən bildirir ki, hər bir mövzu haqqında müxtəif elmlər müxtəlif formalarda bəhs edə bilər. Məsələn, Quranda "insan"la bağlı müxtəlif ayələr gətirməklə onun mahiyyəti haqqında danışmaq olar. Həmçinin Hədis elmində də, onunla bağlı hədisləri toplamaqla söhbət açmaq olar. Yaxud da Sosiologiya elmində, sosioloqlar insan haqqında müzakirələr aparırlar. Eləcə də "ölüm" haqqında həm Quran, həm Hədis elmi, həm də Tibb elmində müzakirələr aparılır. Bunların hər biri ölüm haqqında danışır, onu izah etməyə çalışır. Amma Quran və hədislərin bu mövzuya yanaşma prinsipi, Tibb elminin yanaşma prinsipindən fərqlənir. Belə ki, Tibb elminin ölüm haqqındakı axtarışları, insanın bədəni ilə bağlıdır, yəni Tibb elmi ölüm zamanı nə baş verdiyini araşdırmağa çalışdığı halda, Quran və hədislər isə insanı bu mövzu ilə Allaha yaxınlaşdırmaq məqsədi daşıyır. Quran ölümün mahiyyəti haqqında insanın axirətinə heç bir fayda verməyəcək şəkildə söhbət açmır. Əksinə, insana, bir gün aləmləri Yaradan qarşısına çıxacağını, buna görə də özünü düzəltməyini aşılamaq istəyir. Amma qeyd etdik ki, hamı, bir gün ölümün gələcəyini bilir (və keçmişdəkilər də bilirdilər). Bununla belə, Allah insanlara Quranda bu mövzunu dəfələrlə xatırladır (həmçinin də hədislərdə). Bu iki qisim xatırlatmanın hərəsinin öz yeri vardır. Həmçinin, bəzən də görürük ki, İslam alimləri öz söhbətlərində insanlara ölüm haqqında danışır, öz sözləri ilə insanlara ölümü xatırladır. Yaxud da şairlər öz şeirlərində ölümdən danışırlar. Hamısı eyni mövzudan danışır, amma hərəsənin öz dinləyicisi vardır. Bəzi şəxslərə Quran ayələri, bəzilərinə hədislər, bəzilərinə şairlərin şeirlərindəki könül oxşayan sözlər, bəzilərinə isə məhz müəyyən bir alimin sözləri daha təsiredici olur. 

Biz də bu yazıda, fəlsəfi düşüncəyə malik, ruhuyyələri fəlsəfi olan şəxslərlə bu dəhşətli, vəhşətli, ağılları əldən alan "ölüm" mövzusu haqqında söhbət etmək istəyirik. Güman edirik ki, ölüm haqqında danışacağımız bu fəlsəfi izah fəlsəfi düşünənlər üçün yararlı olar.

Sədrül-Mütəəllihin Şirazi (1572-1640): İslam alimləri özlərini İslam elmlərinin müxtəlif sahələrində sınamışlar. İslam, dünyaya müxtəlif alimlər əta etmişdir. Onlardan "farabilər", "ibn sinalar", "tusilər", müxtəlif təfsirçilər, hədisçilər və s. və s. Bu alimlər, yuxarıda qeyd olunduğu kimi, müəyyən mövzulara müəyyən aspektlərdən yanaşaraq, insana özünü, Allahını tanıtdırmağa, dünyadakı vəzifəsini, məqsədini öyrətməyə çalışmışlar. Bu böyük alimlərdən biri də təqribən 4 əsr bundan öncə yaşamış Sədrül-Mütəəllihindir. Bu böyük şəxsiyyət elm aləmində "Molla Sədra" kimi tanınır. Molla Sədra bir çox əsərlər yaratmışdir, onlardan məntiq haqqında əsərləri, "Əş-Şəvahidür-Rübubiyyə", "Təfsiri-Quran", "Təfsiri-Üsuli Kafi" və s. kimi fəlsəfi əsərləri göstərmək olar. Amma bu böyük şəxsiyyət dünyada, özünün yeni nizamı əsasında yaratdığı "Hikməti-Mütəaliyyə" ("Əsfar" kitabı, "4 səfər") fəlsəfəsi ilə tanınır. O, fəlsəfəyə yeniliklər gətirərək varlığı, aləmi yeni nizamda izah etmişdir.

"Substansiya" və "Aksidensiya": "Substansial hərəkət" (hərəkəti-cövhəri) nəzəriyyəsi ilk dəfə böyük İslam filosofu Molla Sədra tərəfindən verilmişdir. Molla Sədraya qədər filosoflar, ancaq "Aksidensial" hərəkəti qəbul edirdilər. Bunun izahı üçün əvvəlcə substansiyanın və aksidensiyanın nə olduğunu izah edək.

Allahdan başqa, yaradılmış bütün "mümkün-varlıq"lar iki qisimə bölünür: "Substansiya" və "Aksidensiya". Bəzi varlıqların mövcud olmaları üçün, yaradılmaları üçün başqa varlıqlara ehtiyacları yoxdur, bəzilərinin isə vardır. Məsələn, insan, ağac, heyvan və s.-nin yaranması üçün başqa varlıqlara ehtiyac yoxdur. Əlbəttə, bu ehtiyacsızlıq mütləq ehtiyacsızlıq deyil. Bu ehtiyacsızlıq, indi qeyd edəcəyimiz "aksidensial" varlıqların mövcud olmalarında başqa varlıqlara "ehtiyaclılığı" müqabilində başa düşülən "ehtiyacsızlıqdır". Aksidensial varlıqlar (aksidensiya) isə başqa varlıqlara ehtiyacı olan varlıqlardır. Məsələn: rəng cisim olmasa mövcud ola bilmir, cisimdən müstəqil surətdə rəng yoxdur. Qorxu da insan (heyvan) olmadan var ola bilməz, insan olmalıdır ki, qorxu da olsun. Həmçinin şadlıq, sevinc, istək, nifrət və s. Gördüyümüz kimi bu kimi varlıqlar (aksidensiyalar), başqa varlıqlar olmadan mövcud ola bilmirlər (bu kimi varlıqları sifət və hal da adlandırmaq olar). Mövcudluqlarında müstəqil olan qeyd olunan varlıqlara substansiya, asılı varlıqlara isə aksidensiya deyilir. Qeyd edək ki, biz burada substansiya və aksidensiya haqqında böyük dəryadan bir damla həddində söhbət açdıq, amma onlar haqqında bu həddə deyilənlər əsas mövzumuz üçün müəyyən həddə kifayətdir.

Molla Sədra və "Substansial" hərəkət: Substansial hərəkət böyük dahi filosof Molla Sədra tərəfindən irəli sürülmüşdür. Ona qədərki filosoflar, hərəkətin yalnız aksidensialarda mümkün ola biləcəyini qəbul edirdilər. Məsələn, almanın rəngi yaşıldan başlayaraq qırmızıya tərəf hərəkət edir, bir hadisə zamanı insanın qorxusu daha da şiddətlənə, yaxud sevinci arta bilir, insan öz yerini dəyişə bilir və s. Göründüyü kimi burada dəyişmə, yaxud hərəkət aksidensiyalarda baş verir. Amma filosoflar bir şeyin zatının daxildən dəyişə bildiyini, hərəkət etdiyini qəbul etmirdilər. Buna görə də substansiyada hərəkət mümkün deyildi. Onlar deyir: "Bir şeyin hərəkət etməsi üçün həmin şeyin zatı eyni ilə qalmalıdır. Əgər bir şeyin zatı dəyişirsə, bu zaman hər an dəyişməkdə olan bu varlıq vahid bir şey olaraq qalmır ki, "Bu şey hərəkət edir" - deyə bilək. Məsələn, bir cisim A nöqtəsindən B nöqtəsinə hərəkət edirsə, bu zaman o öz varlığını saxlamalıdır. Fərz etsək ki, bir cisimin varlığı hər an dəyişməkdədir, onda sual olunur ki, burada A-dan B-yə hərəkət edən şey nədir? Hərəkətin şərtlərindən biri budur ki, bir şey olsun, vahid bir şey hərəkət etsin. Yaxud da tutaq ki, ağacdakı alma hər an zatən dəyişməkdədir, onda rəngi dəyişən meyvə hansı meyvədir? Ağacda alma hər an dəyişməkdə olduğu halda, biz deyə biımərik ki, bu almanın rəngi yay fəslinə doğru getdikcə yaşıldan qırmızıya doğru dəyişir. Çünki, belə olan halda hansı almadan söhbət gedir? Axı hər an yeni alma ilə üzbəüzük".

Amma Molla Sədra isə qəti fəlsəfi dəlillərlə isbat etdi ki, aksidensialarda hərəkət olduğu kimi, substansiya da hərəkət edir. O bunun üçün müxtəlif dəlillər gətirmişdir. Biz burada bu dəlillər haqqında tam fəlsəfi şəkildə danışa bilməyəcəyik. Çünki yuxarıda da qeyd etdik ki, bəzən bir mövzunu (a) isbatsız götürərək başqa bir mövzu üçün (b) əsas seçə bilərik. Belə ki, isbatsız götürülən mövzunun (a) isbatına fəlsəfə kitablarında öz yerində müraciət edə bilərik. Əlbəttə, Molla Sədranın gətirdiyi dəlillərdən birini burada qısa şəkildə gətiririk, amma qeyd edək ki, bu dəlil də onun demək istədiyi mənaya bir aspektdən baxış olacaq. Yəni, indi deyəcəyimiz dəlili tam düzgün başa düşmək üçün qeyd olunduğu kimi öz yerində geniş şəkildə baxmaq lazımdır.

Molla Sədra göstərir ki, "Əslində almanın rənginin dəyişməsi, yaxud yaşıldan qırmızıya tərəf hərəkət etməsi, onun zatının, substansiyasının daxildən dəyişməsindən, hərəkətindən irəli gəlir" (bu bizim isbat etmək istədiyimiz hökmdür). Çünki, fərz edin ki, "iki dənə zatən tam eyni" olan substansiya vardır. Bu zaman bunlardan birinin aksidensiyası ilə o birinin həmin növdən olan aksidensiyası eyni olmalıdır (bir substansiya üçün müxtəlif aksidensiyalar ola bilər). Çünki aksidensiya substansiyanın "halı", "vəziyyəti", "sifəti"dir. Aşkar şəkildə aydındır ki, hər cəhətdən tam eyni olan iki şeyin müxtəlif halları ola bilməz. Hətta fərz etsək ki, (qeyri-mümkün olsa belə) iki məkanda iki tam eyni cisim vardır, bu zaman onların bütün xüsusiyyətləri də eyni olmalıdır. Bunun fəlsəfi izahı vardır. Amma bunu sadə ağılla da başa düşmək olur. Tam eyni o deməkdir ki, onun bütün xüsusiyyətləri də eyni olsun. Molla Sədra deyir ki, bir substansiyanın aksidensiyaları onun törətdiyi, yaxud ondan törəyən fenomenlərdir. Buna görə də iki eyni nomen (bir şey) elə eyni fenomen (hadisə, sifət) də törəməlidir. Deməli, "bir" şeydən iki müxtəlif zamanda iki müxtəlif şey törəyirsə, bu o deməkdir ki, həmin şeyin zatında dəyişiklik baş vermişdir, onun zatı bu iki müxtəlif zamanda iki müxtəlif formaya düşmüşdür. Yəni daxilində, zatında, substansiyasında hərəkət baş vermişdir.

Misal: məsələn insan qorxu içindədirsə, burada insan substansiya, qorxu isə aksidensiyadır və bu aksidensiya (qorxu) onun "halı"dır. Elə bu misal ilə yuxarıdakı hökmü (yəni, əslində almanın rənginin dəyişməsi, yaxud yaşıldan qırmızıya tərəf hərəkət etməsi, onun zatının dəyişməsindən, hərəkətindən irəli gəlir) isbat etməyə çalışaq. Məlumdur ki, insan iki fərqli zamanda eyni halda ola bilməz. İnsanın zatında dəyişiklik baş verməsə, onun halı dəyişə bilməz. Biz heç vaxt qəbul etmirik ki, qorxu içində olan insan, sevinəndə tamamilə, yəni bütün varlığı və halları ilə eyni həmin insandır. Bu əslində o deməkdir ki, insan hər an müəyyən bir halda olursa, elə bu müxtəlif hallara düşmək, onun zatında az da olsa müəyyən prosesin, dəyişikliyin getməsi deməkdir. Doğrudur ki, şəxs həmin şəxs olaraq qalır, amma onun zatında müəyyən proses gedir. Yaxud da, əgər bir şəxsin rəngi qızarmışsa, bu o deməkdir ki, o hal-hazırda əsəbidir, yox əgər saralmışsa, deməli ya qorxmuşdur, ya da xəstədir. Məlumdur ki, bu iki halda onun daxilində dəyişilmə getmişdir. Elə buna görə də bəzən bir şəxsdən gözləmədiyimiz hərəkət gördükdə, bizə qəribə gəlir və ona deyirik ki, sən dəyişmisən. Bu sözü adətən sevgililər bir-birilərinə deyirlər. Oğlan sevdiyi qıza qarşı müəyyn zaman keçdikdən sonra öz eşqində laqeyd olduqda, qız ona belə deyir: "Eh! Sən necə də dəyişmisən!". Bizim bu cür yanaşmamız, elə bunu göstərir ki, biz özümüz də bilmədən insanın daxildə, zatda, substansiyada dəyişikliyini, hərəkət etməsini qəbul edirik. Əgər insanın rəngi dəyişmişsə, bu o deməkdir ki, onun zatında (substansiyasında) nəsə bir dəyişiklik olmuşdur və bu substansial dəyişiklik özünü aksidensiyada (rəngdə) biruzə vermişdir. 

"4-cü ölçü" və "Ölüm": Molla Sədra substansial hərəkətlə göstərir ki, hal-hazırda içində yaşadığımız maddi aləmin 4-cü ölçüsü də var. Maddi varlıqlar zamandan asılı olduğu üçün, onların daxilində hər an dəyişilmə var, onlar hərəkətdədirlər. Zaman, elə hərəkətdən törəyir. Zamanı belə tərif edirlər: "Zaman, hərəkətin miqdarıdır". Elə buna görə də deyilir ki, mücərrəd aləmdə zaman yoxdur, çünki mücərrəd aləmdə hərəkət yoxdur (əlbəttə, onu da qeyd edək ki, bu haqda daha dəqiq məlumat üçün mütləq, fəlsəfəyə və müxtəlif filosofların fikirlərinə, izahlarına baxmaq lazımdır). Bu nəzəriyyəyə əsasən bədənimiz hər an dəyişməkdədir. Yəni bədənimizin eni, uzunu, hundurlüyü olduğu kimi, bir də əql ilə, ağılla dərk olunan bir ölçüsü var. Yalnız tam sabit, dəyişməz (konstant) olan cisim 3 ölçülüdür. Çünki bu zaman qarşımızda bir mövcud var və yalnızca məhz bu mövcuda nəzər saldıqda 3 ölçü dərk olunur. Amma əgər bir şeyin zatı hər an hərəkətdədirsə, onda zat boyu zatın bu hərəkətinin uzunluğunu da yeni bir ölçü götürə bilərik. Sanki bir şeyə "zaman boyunca dartılmış hal"ında baxırıq. Əlbəttə, bunu dərk etmək üçün bəlkə də uzun zaman lazımdır. Amma əsas mətləb bundan ibarətdir ki, biz bədənimizin zatən hərəkət etdiyini müşahidə edirik. Özü də bu hərəkət süquta doğru gedir. Körpənin bədəninin hərəkəti təqribən 25-30 yaşına qədər inkişafa doğru gedir. 25-30 yaşdan sonra isə bədən yenə də substansial hərəkət edir, amma bu dəfə üzü yuxarı yox, aşağıya doğru hərəkət etmiş olur. Hər an bədənimiz zəifləyir, əldən düşür. Yəni, biz qocalırıq. Qeyd edək ki, maddi aləmdəki bütün hərəkətlər bitməklə üzbə-üzdür. Yəni, dünyada hansı hərəkət olur olsun, bir gün dayanır. Alimlər, fiziklər isbat edirlər ki, bu aləmdə daimi mühərrik yoxdur. Yəni, bədənimizin deyilən substansial hərəkəti süquta doğru gedir və bu sonsuz davam etməyəcək. Dünya maddi dünya olduğu üçün, bu hərəkət digər maddi, fiziki hərəkətlərdə olduğu kimi bir gün dayanacaq. Yəni, bədənimizin 4-cü ölçüsü olmayacaq. O öz canlılıq funksiyasını itirəcək. Bu deyilənlərdən sonra cismimizə dərindən diqqət etdikdə, onun substansial hərəkət tryektoriyasını izləyə bilirik. Bu substansial hərəkətin zamandan asılılıq trayektoriyası 0-dan başlayır, təqribən 25-ə (25 il) qədər artır və 25-dən sonra azalmağa doğru hərəkət edir, nəhayət 0-a bərabər olur. Bu isə o deməkdir ki, həyat nə qədər davam etsə də, bir gün onun dayanacağının riyazi şəkildə asılılığı hesablanmışdır. Bu da hamının bir gön öləcəyi deməkdir (Hər kəs ölümü dadacaq! Ali-İmran: 185).

Əlbəttə, əvvəldə qeyd etdik ki, hamı bir gün hər kəsin və özünün öləcəyini bilir. Amma məsələyə bu şəkildə yanaşmaq, insana xüsusi təfəkkür-tərzi bəxş edir, onu daha da dərindən düşünməyə vadar edir, və bir gün bütün etdiyi əməllərə, onu Yaradan qarşısında cavab verəcəyi haqqında düşünməyə səsləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/563513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR