“Qarabağ”ın dördüncü cəhdi

“Qarabağ”ın dördüncü cəhdi
10:04 24 İyul 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxacaq.
 
Azərbaycan təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyasını davam etdirməyə iddialıdı.
 
Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edən “Qarabağ” əvvəlki cəhdlərində “ilişdiyi” III təsnifat mərhələsini keçməklə tilsimi qırmağa çalışacaq. Bunun üçün ağdamlılar Bakıdakı ilk görüşdə sərfəli nəticə əldə etməlidi. Təmsilçimiz ilk növbədə qol buraxmamalıdı ki, sonda səfərdə vurulan qollar əhəmiyyət daşıya bilər. Qapısının toxunulmazlığını qorumalı olan çempionumuz özü də mümkün qədər çox qol vurmalıdı.
 
Düzdü, “Şerif” ilk mərhələdəki rəqib qədər zəif deyil. Lakin Tiraspol təmsilçisi də “Qarabağ”ın məğlub edə biləcəyi rəqibdi. Azərbaycan futbolunda bir sıra ilklərə imza atan əyalət klubu Çempionlar Liqasının pley-offuna çıxmaqla da tarixə düşə bilər. İndiyədək heç bir Azərbaycan klubunun yüksəlmədiyi bu raunda vəsiqə komandanın qrup mərhələsində yerini təmin edəcək. Çünki bu turnirin pley-offunda qalib gələn Çempionlar Liqası, uduzan Avropa Liqasında qrupa düşəcək.
 
Növbəti ildən avrokubokların formatının dəyişəcəyini və Çempionlar Liqasının qrupuna aparan yolun daha da çətinləşəcəyini nəzərə alsaq, “Qarabağ” bu dəfəki imkandan yararlanmalıdı. Təbii ki, “Şerif” də asanlıqla təslim olmayacaq. Albaniya “Kukesi”sini səfər qolu ilə (1:0, 1:2) ilə keçən tiraspollular qrupa can atır. “Qarabağ” kimi 3 dəfə Avropa Liqasının qrupunda oynayan Moldova çempionu bu uğurunun təkrarını təmin etmək üçün təmsilçimizə müqavimət göstərməyə çalışacaq.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)
Dördüncü hakim: Viktor Şimusik (Belarus)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR