BDU büdcəyə qaytarılmalı olduğu vəsaiti ödəməkdən yayınıb

BDU büdcəyə qaytarılmalı olduğu vəsaiti ödəməkdən yayınıb
12:22 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Hesablama Palatasının Kollegiyası Bakı Dövlət Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı təsdiq edib. Auditə əsasən, qurum bir sıra nöqsanlara yol verib.
“Report”un Palataya istinadən verdiyi xəbərə görə, audit nəticəsində dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmadığı aşkar edilib. Həmçinin “Maarifçi Tələbə Kredit” Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib. 
“Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar"ın tələblərinə bəzi hallarda əməl olunmayaraq artıq ştatlar saxlanılıb.
Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində "Gənc istedadlar Liseyi"nin müəllimlərinə artıq, eyni zamanda Universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq əlavə əmək haqqı, müvafiq normativ-hüquq aktların tələbləri düzgün tətbiq olunmayaraq Universitetdə təhsil alan və Azərbaycan vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.
2016-cı ildə "Təhsil" xərcləri bölməsindən "Gənc İstedadlar Liseyi"nə, "Təhsil sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsindən "Elm" xərclərinə, "Tələbələrə verilən təqaüdlər" xərc paraqrafına ayrılmış vəsaitin müvafiq illər üzrə istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması, Vergi Məcəlləsinə uyğun olaraq qeyri-rezidentdən gəlir vergisinin tutulması təmin edilməyib.
Hesabat dövründə əldə olunan gəlir ”Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da düzgün göstərilməyib, “Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrant məbləğlərinə görə bank hesablarında olan qalıqlar ”Maliyyə vəziyyəti haqqında hesabat”a daxil edilməyib.
Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanların qısa müddət ərzində aradan qaldırılması, eləcə də hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə məsuliyyətə cəlb edilməsi məqsədilə Kollegiya Qərarının surəti Bakı Dövlət Universitetinə göndərilib.
Universitetin gəlirləri 2015-ci ildə 36,1 mln. manat, 2016-cı ildə 41,1 mln. manat, xərcləri müvafiq olaraq 33,6 mln. manat və 41,1 mln. manat olub. Bundan başqa qrant hesabına 2015-ci ildə 12 854 ABŞ dolları, 30 166 avro, 54 000 rubl, 109 100 manat, 2016-cı ildə 85,2 min ABŞ dolları, 29,5 min avro, 700 min rubl, 109,1 min manat daxilolma, müvafiq layihə çərçivəsində uyğun olaraq 133,4 min manat və 182,2 min manat xərclər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bdu-budceye-qaytarilmali-oldugu-vesaiti-odemekden-yayinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR