Qurban Qurbanov: "Özümüzü aldatmayaq, ÇL elə-belə turnir deyil"

Qurban Qurbanov: "Özümüzü aldatmayaq, ÇL elə-belə turnir deyil"
19:07 24 İyul 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Sabah vacib oyuna çıxacağıq. Hazırlıq üçün vaxtımız az idi. Çalışdıq ki, rəqibi futbolçulara tanıdaq". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


"Qarabağ" sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldovanın "Şerif" klubunu sınağa çəkəcək. Bu gün mətbuat konfransı keçirən Qurban Qurbanov rəqiblə bağlı fikirlərini bildirib: "Şerif"in yaxşı heyəti, böyük təcrübəsi var. Bir neçə transfer ediblər. Meydanda bir-birilərini tamamlayan futbolçulara malikdirlər".  


Baş məşqçi heyətdəki problemlərdən danışıb: "Rəşad Sadıqovla Dani Kintana oynamayacaq. Hər ikisi hələlik fərdi qaydada məşq edir. Ümumilikdə ciddi problem yoxdu. Tanıdığınız oyunçulardı. Abbas Şüseynov da artıq komanda ilə məşqlərə başlayıb".


Qurban Qurbanov "Qarabağ"ın "Şerif"i asanlıqla düşünənlərə təşəkkür etsə də, rəqibin asan komanda olmadığını bildirib: "Bizə güvənənlər belə düşünür. Amma biz həmişə ehtiyyatlı davranırıq, özümüzü rəqibin yerinə qoyuruq. Bizim kimi onlar da bizi təhlil edir. "Şerif" Moldovanın çempionudu, heyətində 7 yeni oyunçu var. Bu transferlər kifayət qədər yaxşı futbolçulardır. Yəni asan rəqib deyil. Asan olsa belə, ehtiyatı əldən vermək olmaz. Onlar da mərhələ adlamaq istəyir. Fikrimcə, bizim üçün ağır oyun olacaq. Çempionlar Liqasının III təsnifat mərhələsi daha vacibdir. Çünki bu mərhələni keçən komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etmiş olur".


Çalışdırıcı "Qarabağ"dan Çempionlar Liqasına vəsiqə tələb olunması ilə bağlı da danışıb. Onun fikrincə, bu tələblərin müsbət və mənfi təsirləri var: "Futbolda daim qarşıdakı oyunu düşünməlisən. Bu gün qrup mərhələsini düşünsək, yanılmış olarıq. Futbolçular psixoloji təzyiq altında qalır. Hər oyunda komandanı qələbəyə kökləyirik. Qrupa düşmək üçün isə hələ iki mərhələ keçməliyik. Bu barədə bu rəqibi keçəndən sonra fikirləşə bilərik. Özümüzü aldatmayaq, Çempionlar Liqası elə-belə turnir deyil. Çox ciddi hazırlaşmalıyıq".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-quotozumuzu-aldatmayaq-cl-el-bel-turnir-deyilquot-t59499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR