Bu yerlərin adına çimərlik demək günahdır...

Bu yerlərin adına çimərlik demək günahdır...
12:42 25 İyul 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Çimərlik mövsümü başlasa da, bu Xəzərə qovuşa bilməmişdim. Onun xırçın, plastik qabları sağa-sola yellədən dalğaları, qarpız qabıqları ilə bəzənmiş qumsalları, heç bir standartlara cavab verməyən zir-zibil içində itib-batan çimərlikləri səbirsizliklə yolumu gözləyir, həsrətimi çəkirdi. Bir ildən uzun çəkən bu həsrət məni yandırıb-yaxır, Bakının bürkülü gecələrində Xəzərin boz-bulanıq suları yuxuma girir, məni çağırırdı. Bu həsrət, bu ayrılıq ikimizi də əldən salırdı. Xəzər durmadan məni öz çirkli, natəmiz qoynuna səsləyirdi.  İş-güc, gündəlik qayğılar, məişət problemləri, yazı-pozu gözümü açıb dünyaya doyunca baxmağıma imkan vermədiyi üçün Xəzərin bu çağırışına cavab verə bilmirdim.

Ah, more, more... Üzr istəyirəm, Ah, dəniz, dəniz...

Nə isə, çox deyinmədən, gileylənmədən mətləbə keçim.

Nəhayət ki, ötən bazar şeytanın qıçını qırıb dostlarla dənizə yollandıq. İstirahət günü olduğu üçün, çimərliklərdə iynə atsan, yerə düşməzdi. Bilgəhdən Nardarana qədər avtomobillərin və insanların yaratdığı cansıxıcı tıxacdan, çimərliklərdəki keyfiyyətsiz xidmətdən, antisanitariyadan, insanlarımızın "yüksək səviyyəli davranış mədəniyyəti"ndən "zövq alıb", dənizlə qovuşmaq üçün fürsət axtardıq. Məlum oldu ki, Bilgəhdəki ilk çimərlikdən Nardaranın son çimərliyinə qədər cəmi 3-4 yerdə dənizin duzlu suyundan təmizlənmək üçün duş quraşdırılıb, onların bəziləri də dənizin duzlu suyuyla xidmət göstərir...

Təbii ki, bahalı çimərliklər, istirahət mərkəzləri istisnadır. Zatən o çimərliklərə getmək imkanım olsa, bu yazını yazıb sizin baş-beyninizi xarab etmərəm, gedib istirahətin dadını çıxararam. Sadə xalq kütlələrinin, qara camaatın istifadə etdiyi ucuz çimərliklərdə xidmət o qədər bərbaddır ki, istirahətdən zövq almaq əsla mümkün deyil. Təxminə 11-12 çimərliyə, üzərində "Ailəvi istirahət mərkəzi" yazılmış məkanlara baş çəkdik. Girişi kifayət qədər bahalı olan çimərliklərin heç birində normal xidmət təklif edilmir. Hamamı qoyuram kənara, adi duş olmayan bu çimərliklərdə necə istirahət edəsən? Keyfiyyətsiz çimərliklər arasında birini seçib, qumsalda uzanmağa, dənizdə üzməyə qərar verdik. Çimərlik geyimlərimizi əynimizə keçirib atıldıq dalğaların qoynuna. Və məlum oldu ki, təkcə çimərliklərdə xidmətin səviyyəsi aşağı deyil, eyni zamanda insanlarımızın da istirahət anlayışı, mədəni səviyyəsi yerlərdə sürünür.

Normal çimərlik geyimində insanlara rast gələndə sevincimdən onları qucaqlayıb ağlamaq, başımı çiyinlərinə söykəyib hönkürmək istəyirdim. Tumançaq dənizə atılan kişilər, cins şalvarda, hətta ayağında corabla dənizə girən qadınlar, qaraçı görkəmli insanlarımız məni xeyli sarsıtmışdı. Hələ qara hicabla  "Jet Sky" sürən ərəb turistləri demirəm. Masa kirayələyənlər kəsdikləri qarpızın qabıqlarını, yedikləri yeməklərin qalıqlarını, plastik şüşələri toplamağa tənəzzül etmir, Xəzərin qumsallarında unudulmaz izlər buraxaraq çimərliyi tərk edirdilər. Hələ xanımları narahat edən, çimərlikboyu dolaşıb şit-şit atmacalarla insanları bezdirən ağzıselikli gedələri demirəm. And olsun vicdanıma, mən mavi Xəzərin sularına atılanda eşşək kimi anqıran, buğa kimi fınxıran insanlar gördüm. Bilirəm inanmayacaqsınız, amma ayağını suya salıb tum çırtlayıb dənizə tüpürən "gözəgəlimli" xalalar, nənələr də vardı.

Bu necə istirahət anlayışıdır, bu necə xidmətdir ilahi?

Çimərlik insanların kütləvi istirahət edib, günəş vannası qəbul etdiyi, sərinlədiyi, dincəldiyi məkan olmalıdır. Çimərliyin qumundan, dənizin suyundan zövq almaq çox təbii, normal istirahətdir. Zir-zibil içində itib batan, xirtdəyəcən antisanitariya, natəmizlik yuvası olan dəniz sahillərinə necə çimərlik deyək?

Bu yerlərin adına çimərlik demək günahdır.

Məncə bunun adı vəhşilik, natəmizlik, məsuliyyətsizlik və tamahkarlıqdır.

Düşünürəm ki, standartlara cavab verməyən çimərliklər  qapadılmalı, Xəzər sahilində dövlətin nəzarət etdiyi səliqə-səhmanlı, standartlara cavab verən ictimai çimərliklər olmalıdır. Yoxsa hərə bir ərazini zəbt edib insanlarımızı istismar etməməlidir. İnsanlarımız isə daha mədəni, daha tərbiyəli davranmalı, məsələn qumun üstün uşaq bezi, qarpız qabığı, plastik şüşə, pomidor-xiyar qabığı, toyuq sümükləri atmamalıdır.

Xülasə, mən bu il dənizə ilk səfərimdən əsla zövq ala bilmədim. Beləcə mənim üçün dəniz mövsümü açıldığı kimi də bağlandı. Daha təmiz dənizdə, daha təmiz çimərliklərdə görüşənədək...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR