Müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən
məlumata görə, bu pozuntuların daha çox istehsal mənşəli olduğu
nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq,
İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən
fiziki şəxs Tahir Qasımova məxsus dondurma sexində birgə nəzarət
tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün
qanunvericiliklə müəyyən olunmuş qaydada nümunələr götürülüb.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "Panda",
"Karolina", "Mirage" və "Zontik" plombir dondurmalarında,
"Matroskin" südlü dondurmada bağırsaq çöpləri qrupundan olan
bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə
tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.
Eyni zamanda "Karolina" və "Zontik" plombir dondurmalarında,
eləcə də "Matroskin" südlü dondurmasında mezofil-aerob ve
fakultativ-anaerob mikroorqanizmlərin miqdarının da normativ
sənədlərlə müəyyən olunmuş miqdardan artıq olduğu aşkar edilib.
Qanun pozuntuları ilə əlaqədar fərdi sahibkar Tahir Qasımova qeyd
olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların
ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı
tədbirlər tətbiq edilib və istehsalat sahəsində müvafiq
sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata
keçirilməsi barədə göstəriş verilib.