Bakı-2015 “Sky Italia” ilə saziş imzaladı

Bakı-2015 “Sky Italia” ilə saziş imzaladı
18:11 8 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarın 8-də “Bakı-2015” ilk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək sazişi imzalayıb.

ANS PRESS-in məlumatına görə, aparıcı yayım şirkəti olan “Sky Italia” idman kanalları vasitəsilə Avropa Oyunlarının birbaşa yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, “Sky Go” vasitəsilə Oyunların geniş işıqlandırılmasını təmin edəcək.

“Sky Italia” televiziya stansiyası ölkədə müstəsna hüquqlarını təmin edib. İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur “Sky Sport 24” xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcək.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Sky Italia” şirkəti ilə ilk Avropa Oyunlarının İtaliyada geniş işıqlandırılmasını təmin etməyə dair sazişin bağlanmasından olduqca məmnunuq. Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən olan İtaliyanın “Bakı-2015” ilk Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik”.

“Sky Italia” şirkətinin idman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru Matteo Mammi deyib: “Birinci Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq. Biz ölkəmizdə Oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik. Bakıda 17 gün ərzində möhtəşəm yarışların keçəcəyinə və tamaşaçılarımız üçün yarışlardan ən yaxşı məqamları nümayiş etdirəcəyimizə böyük ümidlər bəsləyirik”.

İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo idman azarkeşlərinin ilk Avropa Oyunlarını ölkəsinin aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəklərinə şad olduğunu bildirib. Bu, idmançılarımız və milyonlarla azarkeş üçün yaxşı xəbərdir. Əminəm ki, bu saziş “Bakı-2015” ilk Avropa Oyunlarının İtaliyada uğurlu yayımına kömək edəcək.

“Bakı-2015” Avropa Oyunlarının kommersiya şöbəsinin direktoru Çarli Viceratna vurğulayıb ki, beynəlxalq yayım satışı sürətlə davam edir. İlk Avropa Oyunlarının yayımını nəzərdə tutan bu sazişi “Sky Italia” kimi tanınmış televiziya kanalı ilə imzalamaq mühüm xəbərdir. Saziş öz növbəsində “Bakı-2015” üçün əlavə uğur olmaqla yanaşı, dünyanın nüfuzlu teleyayım şirkətlərinin Oyunlara artmaqda olan marağının təzahürüdür. Hazırda bir sıra müqavilə üzərində işləyirik və önümüzdəki aylarda Avropa ölkələrinə aid sazişləri elan edəcəyik.

Əsası 2003-cü ildə qoyulmuş, 4,7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan “Sky Italia” Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.

Ötən il Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət, həmçinin A Seriyasının, Bundesliqanın, UEFA Çempionlar Liqasının və Avropa çempionatının seçmə mərhələlərinin oyunlarının yayım hüququnu özündə saxlayır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR