Bakı Ali Neft Məktəbinin məzunu Kamran Əliyev Almaniya təqaüdçüsü oldu

Bakı Ali Neft Məktəbinin məzunu Kamran Əliyev Almaniya təqaüdçüsü oldu
14:52 25 İyul 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın qabaqcıl universitetlərinin magistr pilləsinə qəbul olunmuş Bakı Ali Neft Məktəbinin (BANM) məzunlarından biri "Kimya mühəndisliyi" ixtisasını bitirmış Kamran Əliyevdir. Kamran Almaniyanın ən nüfuzlu ali məktəblərindən biri olan Friedrich-Alexander Erlangen Nürnberq Universitetinin magistr səviyyəsinə təqaüdlə qəbul olunub.

Milli.Az Kamran Əliyevlə müsahibəni təqdim edir:

- Özünüz haqqında danışın.

- Mən 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2001-ci ildə Bakı şəhər Nəsimi rayon 5 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam, 2009-cu ildə isə təhsilimi Səbayıl rayon 2 saylı H.Mahmudbəyov adına texniki-humanitar elmlər liseyində davam etdirmişəm. 2012-ci ildə həmin liseyi fərqlənmə ilə başa vurmuşam. 2004-2009-cu illərdə Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışam. Dərslərdən əlavə şahmat və üzgüçülük ilə məşğul olmuşam və şahmatda 3-cü və 2-ci dərəcəli diplomlar ilə təltif olunmuşam. 2012-ci ildə orta təhsil səviyyəsini uğurla başa vurduqdan sonra 1-ci qrup üzrə ali məktəblərə qəbul imtahanında 637 bal toplayaraq Bakı Ali Neft Məktəninin "Kimya mühəndisliyi" ixtisasına daxil olunmuşam. 2013-cü ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin "Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi"ndə keçirilən təlimlərdə iştirak edərək sertifikat əldə etmişəm. Bununla yanaşı 2013 və 2014-cü illərin yayında Heydər Əliyev adına Neft Emalı Zavodunda təcrübə keçmişəm. 2014-cü və 2015-ci illərin iyul-avqust aylarında Halliburton Eurasia Limited şirkətində yay təcrübəsi keçmişəm. 2015-ci ildə tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş 2-ci elmi-texniki konfransda əldə etdiyi müvəffəqiyyətə görə 3-cü dərəcəli dimplomla təltif olunmuşam. Həmçinin, həmin ildə BANM-in "Kimya Mühəndisliyi" ixtisasında 2012-2014-cü tədris illərində yüksək nəticə göstərdiyimə görə təhsilimi bir semestr ərzində Heriot-Watt Universitetində davam etdirmişəm. 2016-cı ilin yanvar ayında Beynəlxalq Ticarət Əməliyyatları və Sənədləşdirmə üzrə qısamüddətli kurs keçdiyi üçün sertifikatla təltif olunmuşam. 2016-cı ilin iyul ayında "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində yay təcrübəsi keçmişəm. Həmin ilin avqust ayında Türkiyənin "Petkim Petrokimya Holding A. Ş." neft-kimya kompleksində yay təcrübəsi keçmişəm. 2016-cı ilin sentyabrında "Azərikimya" İB-nın "Etilen-Polietilen" zavodunda və "Petkim Petrokimya Holding A. Ş."-da keçirilən istehsalat təcrübəsində fəal iştirak etdiyimə və ən yaxşı səmərələşdirici təklif verdiyimə görə 1-ci yer fəxri fərmanı ilə təltif edilmişəm.

- Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisiniz mi?

- BANM-ə daxil olduqdan sonra qarşıma bir neçə məqsədlər qoymuşdum. Bunlardan bir neçəsi: BANM-də təhsilimi müvəffəqiyyətlə bitirmək, aktiv tələbələrdən biri olaraq bir çox təcrübələrdə iştirak etmək, Ali Məktəbdə yaradılmış imkanlardan maksimum bəhrələnmək və nəhayət, BANM ailəsinin bir parçası olmaq. Fikrimcə mən buna nail olmuşam.

- Almaniyanın ən nüfuzlu universitetlərindən birinin magistrantı olmaq üçün nə etmək lazımdır?

- Avropanın ən nüfuzlu universitlərinin birinə daxil olmaq üçün bir çox faktor lazımdır. İlk öncə yüksək keyfiyyətli dünya standartlarına cavab verən təhsil almaq və eyni zamanda yüksək gpa a malik olmaq lazımdır. Yüksək qiymətlər almaqdan savayı aldığınız biliyi göstərmək, istifadə etmək və beləliklə öz ideyalarınızı bacarıqlarınızı satmaq qabiliyyəti gərəkdir. Sonda həmin insanın güclü motivasiyası və iradəsi olmalıdır.

- Niyə məhz bu universitetdə qərarlaşdınız? Bu universitet haqqında hansı məlumatınız var və bu kimi universitetdə alacağınız təhsildən gözləntiləriniz nələrdir?

- Seçdiyim Friedrich-Alexander Erlangen Nürnberq Universiteti Almaniyanın Kimya sahəsində beş ən güclü universitetindən və Avropanın 10 ən innovative universitetindən biridir. Bundan savayı təhsil alacağım fakültə həmin universitetin elit fakültəsi kimi qələmə verilir və Almaniyanın elmi tədqiqat şurasına bilavasitə yolu var.

- BANM-də aldığınız təhsil sizin Almaniya Universitetinə qəbul olunmağınızda hansı rol oynayıb?

- Yüksək keyfiyyətli dünya standartlarına cavab verən proqram uzərində təhsil almağım burada əsas rol oynayıb. Bundan savayi transmilli şirkətlərdə aldığım təcrübə və biliklər bu universitetə daxil olmaq üçün lazımı bazanı yaradmışdır. BANM-dəki təhsil proqramı mənə XXI-ci əsrin tələbəsinə xas olan ən yaxşı keyfiyyətləri mənimsəməyə şans yaratdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR