Ağdam, Ağstafa və Qazaxda sənaye zonalarının yaradılması imkanları araşdırılır

Ağdam, Ağstafa və Qazaxda sənaye zonalarının yaradılması imkanları araşdırılır
15:17 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə kollegiya iclası keçirilib. 
Bu barədə “Report”a nazirlikdən bildirilib. 
Məlumatda deyilir ki, iclasda nazir Şahin Mustafayev 2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4%, kənd təsərrüfatı 2,2%, ümumilikdə ixrac 36%, o cümlədən qeyri-neft ixracı 27% artıb, müsbət saldo 1,9 mlrd. ABŞ dolları təşkil edib. Bu dövrdə ölkə iqtisadiyyatına 5 mlrd. dollar investisiya yatırılıb, valyuta ehtiyatları artaraq 40,6 mlrd. dollar təşkil edib.
Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye zonalarının yaradılması imkanları araşdırılır.
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədi ilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir. Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. 8 müəssisənin tikintisi isə bu il başa çatdırılacaq. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinın açılması təmin ediləcək.
Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, “Azərxalça” tərəfindən əyirici-boyaq müəssisəsinin tikintisi davam etdirilir.
Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinın tapşırığına uyğun olaraq, 20 rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 mln. manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70,5 mln. manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək təşkil edir.
Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir.
Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 mln. manat olan bu aqroparkların yaradılmasına 76,1 mln. manat güzəştli kredit verilib. Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/agdam-agstafa-ve-qazaxda-senaye-zonalarinin-yaradilmasi-imkanlari-arasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR