İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?

İmam Cəfər Sadiq niyə xilafəti ələ keçirmədi?
23:17 25 İyul 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Əbu Sələmə İmam Əli (ə) nəslindən olan və Bəni-Haşimin ən nüfuzlu şəxslərindən sayılan üç nəfərə məktub yazaraq, hakimiyyəti qəbul etməyi onlara təklif etdi. Bu üç nəfərin biri Həzrət İmam Cəfər Sadiq (ə), ikincisi İmam Həsənin (ə) nəvəsi Abdullah Məhz, üçüncüsü isə İmam Zeynül-abidinin (ə) oğlu Ömər idi. Əbu Sələmə məktubları qasidə verən zaman tapşırdı ki, əvvəlcə İmam Sadiqin (ə) hüzuruna getsin. Əgər İmam Sadiq (ə) razılıq cavabı versə, qalan iki məktubu cırıb atsın və geri qayıtsın. Əgər İmam razı olmasa, qasid Abdullah Məhzin yanına gedib, məktubu ona təqdim etsin. Abdullah "hə" cavabı versə, Ömərə çatacaq məktubu cırıb atsın. Əgər Abdullahdan da mənfi münasibət görsə, qasid Ömərə müraciət etsin.

Milli.Az islam.az-a istinadən bildirir ki, Əbu Sələmənin qasidi İmam Cəfər Sadiqin (ə) yanına gedib naməni ona təqdim etdi. İmam heç məktubu açıb oxumadan yandırdı. Qasid cavab tələb edəndə həzrət buyurdu: "Mənim cavabımı gördün".

Vəziyyəti belə görən qasid bu dəfə Abdullah Məhzə üz tutdu. Abdullah məktubun məzmunu ilə tanış olan kimi durub məsləhət üçün İmam Sadiqin (ə) hüzuruna getdi və söylədi: "Bu məktubu mənə Əbu Sələmə yollayıb, məni xəlifə olmağa çağırır. Məktubu mənə xorasanlı tərəfdarlarımız gətiriblər". (Xorasan Abbasilərin əsas dayağı idi. Bu bölgənin əhalisi Əməvilərə düşmən münasibət bəsləyirdi. Kufə yaxınlığında düşərgə salmış qoşunun da əksəriyyətini xorasanlılar təşkil edirdilər). İmam onun sözlərini eşidəndə buyurdu: "Xorasanlılar nə vaxtdan sənin tərəfdarların olublar? Məgər Əbu Müslimi (Abbasi sərkərdəsini) Xorasana sən göndərmisən?! Xorasanlılar arasında heç olmazsa, bir kimsəni tanıyır, bir nəfərin adını bilirsənmi? Tanımadığın adamlar necə sənin tərəfdarın ola bilərlər?" Abdullah İmam Sadiqin (ə) mənfi münasibətini görəndə, qasidə rədd cavabı verdi. Qasid İmam Zeynül-abidinin (ə) oğlu Ömərdən də "yox" cavabı aldı. Beləliklə, Əbu Sələmənin Əli (ə) övladlarına müraciəti uğursuzluqla nəticələndi.

Həzrət Sadiq (ə) misilsiz uzaqgörənliyi və imamət zəkası ilə görürdü ki, Abbasilər tərəfindən başlanmış hərəkatın məqsədi hakimiyyəti Peyğəmbər tərəfindən elan edilmiş imamlara təhvil vermək deyil. Abbasilər sadəcə olaraq, xilafəti ələ keçirmək və səltənət sahibi olmaq uğrunda çalışırlar. Hətta Əbu Sələmə nə qədər çalışsa belə, hərəkatın digər başçıları hakimiyyət kürsüsünü Əli (ə) nəslinə verməyə heç zaman razı olmazlar. Abbasilər öz məqsədlərinə çatana kimi Əhli-beytin adından istifadə edirdilər. Dar dünyagörüşünə malik, avam şəxslər həqiqətən Əli (ə) övladlarının hakimiyyətə gətiriləcəyinə inanırdılar. Lakin Abbasilər, onların qabağını kəsən hər bir adamı aradan götürməyə qadir olan qəddar bir qüvvə idilər. İmam Sadiq (ə) başa düşürdü ki, əgər özü və yaxınları bu hərəkata qoşulsalar, Abbasilərin əlində oyuncağa çevriləcəklər. Bu zalım qüvvə rəhbərliyi ələ keçirən kimi öz rəqiblərini amansızlıqla aradan götürəcək. Buna görə də İmam Cəfər Sadiq (ə) nə özü Abbasi dəvətinə qoşulmuş, nə də ona tabe olan qüvvələrə bu hərəkatda iştirak etmək icazəsi vermişdi.

Əbu Sələmə 40 gün Abbasi liderlərini və qoşunu bir-birindən xəbərsiz halda saxladı. Nəhayət, hərəkat iştirakçılarından biri İbrahim ibn Mühəmmədin qulu ilə təsadüfən rastlaşaraq hadisələrdən xəbər tutdu. Tezliklə bütün düşərgəyə məlum oldu ki, İbrahim artıq həyatda yoxdur, qardaşı Əbül-Abbas vəsiyyətə əsasən onun yerini tutub və hal-hazırda Əbül-Abbas Kufədədir.

Qısa vaxt ərzində əsgərlər Əbül-Abbasın Kufədəki yerini öyrənib onu tapdılar. Xəlifəyə beyət mərasimi başlandı. Əbu Sələmə vəziyyətin dəyişdiyini görəndə Əbül-Abbasın hüzuruna gəlib onu bağışlamasını xahiş etdi. Əbül-Abbas Səffah Əbu Sələməyə qarşı kinini gizlədərək, zahirdə onu bağışladı və öz vəziri təyin etdiyini bildirdi...

Lakin xəlifə Əbu Sələmənin xəyanətini unutmamışdı. Zahirdə onu bağışladığını göstərsə də, ürəyində dərin kin-küdurət iz salmışdı. Səffah başa düşürdü ki, Əbu Sələmə istənilən an əlindəki qüdrətdən istifadə edərək hakimiyyəti ondan ala və başqasına ötürə bilər. Buna görə də yeni xilafətin güclü və təhlükəli fiqurunu məhv etmək lazım idi. Əbül-Abbas Səffah hakimiyyətə gələndən cəmi 4 ay sonra Əbu Sələməni gizli şəkildə qətlə yetirdi...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/565745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR