Azərbaycanda iribuynuzlu heyvanların bruselyoza qarşı peyvəndləməsinə başlanılıb

Azərbaycanda iribuynuzlu heyvanların bruselyoza qarşı peyvəndləməsinə başlanılıb
12:47 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə başlanılıb.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, qurumun Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi Layihəsi” çərçivəsində bruselyoz xəstəliyi əleyhinə 400 min doza miqdarında "S-19" peyvənd vasitəsi alınaraq iribuynuzlu heyvanlar arasında tətbiqinə başlanılıb. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.
Peyvəndləmə DBNX-nin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Alimlərin son tədqiqatlarına əsasən, ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn “Brusella mellitenzis”ə də qarşı əsasən uzunmüddətli immunitet yaradır.
Dövlət Xidmətinin mütəxəssisləri rayonlara ezam olunaraq, həkimlərə vaksinin istifadəsi və biotəhlükəsizlik qaydaları barədə təlim keçiblər. Peyvəndə cəlb edilən heyvanlar həkimlər tərəfindən qeydiyyata alınır və gulaqlarında xüsusi kəsik aparılmaqla nişanlanır. Bu peyvəndlənmə kampaniyasının layihə tərəfindən 3 il müddətində maliyyələşdirilməsi nəzərdə tutulub. Nəticədə, naxırlarda bruselyoz xəstəliyinə həssas olan heyvanların sağlam və uzunmüddətli immuniteti olan heyvanlarla əvəz olunması gözlənilir.
Qeyd edək ki, ötən il xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “tam sürü” prinsipi ilə “Rev-1” göz-damcı üsulu ilə peyvəndləməsinə başlanıb və hazırda paralel olaraq bu tədbirlər davam etdirilir.
Bruselyoz uzun müddət müalicə tələb edən, oynaq sisteminə təsir göstərən, çox zaman ağırlaşmalar və əlilliyə gətirən xroniki, təhlükəli xəstəlikdir. İnsanlar bu xəstəliyə heyvan mənşəli çiy qidalar – xüsusilə, çiy süd, duza qoyulmamış yeni hazırlanmış pendir və süd məhsullarının istifadəsi ilə xəstə heyvanlarla təmasda olan, doğuş və sağım zamanı yoluxa bilərlər.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-iribuynuzlu-heyvanlarin-bruselyoza-qarsi-peyvendlemesine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR