"Moody's": Azərbaycan bank sektorunun depozit bazası qeyri-sabitdir

"Moody's": Azərbaycan bank sektorunun depozit bazası qeyri-sabitdir
15:47 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Zəif əməliyyat mühiti və yüksək valyuta riskləri Azərbaycanda fəaliyyət göstərən bankların effektiv fəaliyyət imkanlarını məhdudlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan bankları ilə bağlı bu gün yaydığı hesabatda bildirilir.
Agentliyin vitse-prezidenti Mariya Malyukova qeyd edib ki, "zəif kredit tələbi və yüksək inflyasiya fonunda 2017-ci ildə iqtisadi durğunluğun davam etməsi bankların kreditləşməni artırmasına mane olacaq".
"Moody's"ə görə, Azərbaycan iqtisadiyyatı bu ilin yekununda 1% geriləyəcək, artım isə yalnız 2018-ci ildə mümkün ola bilər.
Agentlik həmçinin qeyd edir ki, bank aktivlərinin keyfiyyətinin zəif olması bankların kapital və rentabelliyini məhdudlaşdırır. Belə ki, 2015- ci ildə məcmu nominal kreditlərin 16%-ni təşkil edən problemli kreditlər, 2016-cı ilin sonunda 30%-ə çatıb: "Problemli kreditlərin payı yüksək qalmağa davam edəcək. Buna səbəb kredit götürənlərin məhdud ödəmə qabiliyyətinin olması və valyuta risklərinə həssas olmalarıdır".
M.Malyukovanın fikrincə, hazırda bankların problemli kreditlərə ayırdığı ehtiyatların həcmi buna kifayət etmir. Agentlik 2017-ci ildə də bankların gəlirlərini itirəcəyini xatırladır. Belə ki, onların kredit xərcləri, kreditdən öncəki gəlirlərindən çoxdur. Həmçinin, xarici valyutada açıq valyuta mövqeyinin hedc edilməməsi bankları məzənnə dalğalanmalarına qarşı həssas edir.
"Kapital buferi yüksək kredit itkiləri və valyuta riskləri səbəbindən təzyiq altında qalacaq. Banklara qarşı mümkün yeni tənzimləyici sərtləşdirmə qaydalarının tətbiqi onların kapitalını artırması ilə nəticələnə bilər. Əsas problem depozitlərdə dollarlaşmanın yüksək olması ilə bağlıdır. Belə ki, bu amil milli valyutada qıtlıq yaradıb, bankların maliyyələşdirilməsi depozit bazasının dayanıqlığını itirməsi səbəbindən axsayır", - deyə hesabatda qeyd olunub.
Hökumətin bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunu restrukturizasiya etməsi onun bank sisteminə dəstək siyasətinin dəyişdiyini və çətin proqnozlaşdırılan olmağa başladığını əks etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/moody-s-azerbaycan-bank-sektorunun-depozit-bazasi-qeyri-sabitdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR