MBNP: Azərbaycanda qiymətli kağızlar bazarı 26% kiçilib

MBNP: Azərbaycanda qiymətli kağızlar bazarı 26% kiçilib
17:17 26 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarının ayrı-ayrı bazar seqmentlərində artım müşahidə edilib.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 54% artaraq 2,975 mlrd. manatı ötüb. Korporativ qiymətli kağızlar bazarının 64% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 4,3 dəfə artıb. Yanvar-iyun ayları ərzində qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 5,230 mlrd. manat təşkil edib.

Hesabat dövrü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 83% artaraq 1,047 mlrd. manat təşkil etməsinə səbəb olub. Ümumilikdə səhmlərlə ilkin bazarda bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 983 mln. manata çatıb.
Hesabat dövrü ərzində Azərbaycan Mərkəzi Bankının manata olan təzyiqin azaldılması məqsədilə həyata keçirdiyi not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib. Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 4,3 dəfə artaraq 1,106 mlrd. manat təşkil edib. Bunun 776 mln. manatı AMB-nin notları ilə ilkin bazarda bağlanan əqdlərin payına düşüb. Dövr ərzində ümumi məbləği 330 mln. manatdan artıq olan qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilibr. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 15,93% təşkil edib. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 28,9 mln. manat olub.
Törəmə maliyyə alətləri bazarında isə ümumi məbləği 2,02 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 188 mln. manat olan əmtəə əsaslı ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 2,207 mlrd. manat olub və bu bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 42% artım müşahidə edilib.
Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat olub. Bunun 85%-ini (9,9 mln. manat) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil edibr. Korporativ istiqrazlarla 1,7 mln. manat məbləğində 2 repo əməliyyatı keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mbnp-azerbaycanda-qiymetli-kagizlar-bazari-25-kicilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR