Azərbaycanlı teleaparıcıdan etiraf: "Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım" - FOTO

Azərbaycanlı teleaparıcıdan etiraf: "Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım" - FOTO
21:12 27 İyul 2017
255 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Murad Əzimzadənin Milli.Az-a müsahibəsi.

- Murad, sizi əvvəllər daha çox canlı verilişlərdə görmüşük. Amma nədənsə ATV də canlı olmayan verilişlə kifayətlənirsiniz. Düzünü desək, "Maşın" şouda 40 dəqiqəlik aparıcılığınız böyük səs-küyə səbəb oldu. Deyəsən, tamaşaçılar sizin canlı efiriniz üçün çox darıxmışdılar.

- Səs-küy saldı deyirsinizsə, deməli elədir. Mənim canlı efirimdən ötrü təkcə tamaşaçılar yox, elə özüm də darıxmışdım. Birinci dəfə deyildi ki, canlı efirə çıxırdım, amma ilk dəfə idi ki, "Maşın" şou kimi böyük layihəyə aparıcılıq etdim. Təxminən bu 35-40 dəqiqə çəkdi. Çox təbriklər gəldi, hətta elə bildim ki, ad günümdür (gülür). Çox istərdim ki, gündəlik canlı efirə aparıcılıq edim.

- Şouda favoritiniz kim idi?

- Ümumiyyətlə, SMS olan yarışmalarda mən yoxamsa, həmkarlarım varsa, heç kimə favoritlik etmərəm. Şouda olsaydım, özümə favoritlik edərdim. Söz yox ki, hamısı dostumuzdur, hansı qazansaydı, sevinərdim. Konkret olaraq filankəs qazansın deyə favortim yox idi, amma İslamın maşını udmasına çox sevindim. Çünki onun maşına həqiqətən də ehtiyacı çox idi. "Maşın" şouda bir dəfə bibim oğlu Turan İbrahimova səs yollamışam. O da qohum olduğum üçün.

- Sentyabr ayında "Maşın" şou yenidən başlayacaq. Yəqin ki, iştirak etmək istərdiniz.

- Sentyabr ayında harada, necə, hansı layihədə olacağam deyə bilmərəm. Amma "Maşın" şounun iştirakçılarından olmaq mənə çox maraqlıdır.

- Muradın sənətdə dostları varmı?

- Bu sənətdə dostluq anlayışı yoxdur. Təbii ki, söhbət televiziya və şou-biznesdən gedir. Mən kimləsə həmkar, tərəfdaş ola bilərəm. Bu aləmdə münasibətlər maddi və mənəvi maraqlar üzərində qurulub. Sadəcə olaraq, müşahidəmdən bu nəticəyə gəlmişəm. Bu aləmdə elə bir dostum yoxdur ki, onu evimin içinə buraxım.

- Özünə "xalqın aparıcısıyam" deyənlər həqiqətənmi xalqın aparıcısıdırlar?

- Xalqın aparıcısı olmaq formatla bağlı bir şeydir. Sosial problemləri həll edən bir verilişə aparıcılıq etsəm, təbii ki, xalq mənim verilişimə gələcək, mənimlə bütün problemlərini bölüşəcək, yavaş-yavaş mən xalqın aparıcısı olacağam.

- Bütün sosial veriliş aparanlar xalqın aparıcısı olmağı bacarırlar?

- Xeyr, səmimiyyət, dayanmadan çalışmaq lazımdır. Həqiqətən dürüst işləmək lazımdır. Onlar reytinqə görə yox, xalqa dəstək olmaq üçün sidq ürəkdən çalışmalıdırlar.

- Bir teleaparıcı olaraq digərlərindən fərqiniz nədir?

- Mən bir hadisəyə çoxşaxəli, təsdiq və inkar tərəfdən baxıram. (Stəkanı göstərərək) Stəkanı armudu da, xrustal da görə bilərəm. Onun içindəkini qara da, sarı da, görə bilərəm. Mən bütün bunları hər cür görüb müqayisə edib, nəticə çıxarıram. Digərlərindən fərqim budurmu, deyə bilmərəm, amma insan oğlu belə olmalıdır. Bütün işlərimi vicdanlı, ədalətli görürəm. Bütün baş verənlərə bu cür yanaşıram.

- Keçmişə çox baxırsınız?

- Həmişə keçmişə baxıram. Keçmişə baxıram ki, keçmişdəki səhvlərimi bu gün təkrarlamayım. Keçmişlə yaşamıram, sadəcə bu günümü keçmişlə müqayisə edirəm. Keçmişdəki səhvlərimi düzəltmək bu günün təminatıdır. Gələcəyin təminatı isə bu gün yaşadıqlarımdır.

- Çox səhv etdiyinizi düşünürsünüz?

- Əlbəttə, bilərəkdən etdiyim səhvlər də olub. Etmək istədiyim səhvlər olub, etmişəm də. İnsan səhvləri ilə yaşayanda, düzgünü axtaranda gözəldir. Ən böyük səhvim əsəbi olmağımdır. İşdə, kollektiv arasında elə deyiləm. Amma içimə atıram, bilirəm ki, bu mənim sonumu da gətirə bilər. Xasiyyətim bu mənada çox ağırdır. Qatığa qara demək məni əsəbləşdirə bilər. Etiraf edə bilməyən insanlara əsəbi oluram. Öz səhvimi etiraf edəcək qədər cəsarətli insanam.

- Murad, sizə elə gəlmir ki, yaşınıza görə çox işləyirsiniz?

- Mənim 28 yaşım var, 2 saat işləyib, 3 saat istirahət etsəm, bu artıq fiziki qocalıq əlaməti olar. Türkiyənin məşhur komediya ustası Cem Yılmaz deyib ki, "Uğursuz olan insanların bəhanəsi az işləməkdir". Mən qarışqa kimi işləyirəm, öz işimi vicdanla, haqqına görürəm. Həmişə də televiziya məkanında yenilik gətirən layihələrlə efirlərdə olmuşam. Bu cür layihələrə aparıcılıq edən insan ola bilməz ki, sevilməsin. Təbii ki, məni sevməyənlər də var, baxmaq istəyib, amma baxmayanlar da var.

- Hansısa bir məkanda olubmu ki, sizi tanımayıblar və xoş olmayan münasibət göstəriblər?

- Mən ümumiyyətlə, hansısa məkana gedib, çay içəndə ora aparıcı kimi getmirəm, vətəndaş Murad Əzimzadə kimi gedirəm. Mən ora getmirəm ki, məni orada tanısınlar desinlər ki, bu Muraddır. Ümumiyyətlə, Azərbaycanda elə bir teleaparıcı yoxdur ki, çölə çıxsın, camaat da başlasın onu "parçalamağa". Söhbət şəhərin mərkəzindən gedirsə, yoxdur. Ola bilər ki, rayonlarımızda, kəndlərimizdə olsun. İstənilən teleaparıcı Nizami küçəsinə çıxsa, heç kim yaxınlaşıb ona deməyəcək ki, səndən ötrü ölürəm. Niyə? Çünki artıq tamaşaçılar efirə çıxan adamları vətəndaş kimi qəbul etməyə başlayıblar. Kütlə artıq başa düşür ki, o efirə çıxan da bizdən biridir. Əgər teleaparıcı o kütlədən biri olaraq özünü aparmırsa, bu artıq onun günahıdır.

- Keçmiş şəxsi həyatınızla bağlı xatirələr sizi incidirmi?

- 1 il 4 ay ailəli olmuşam. İncitsəydi, o keçmiş olmazdı. Utanacaq bir şey etməmişəm ki, bu gün xatirələri məni incitsin. Sadəcə yaşamaq istəmişəm. Peşman deyiləm, demək ki, belə istəyib, belə etmişəm. Yara olacaq bir keçmişim olmayıb. Sevgim bitdiyi andan o kitab mənim üçün bağlanıb.

- Nədənsə ayrılmağınız mətbuatda böyük səs-küyə səbəb olmadı. Özünüz gizli saxladınız, yoxsa?

- Mən 23 yaşımda ailə həyatı qurmuşdum. Tez də ayrıldım, 24 yaşımda. Xoşbəxt olsaydım, ailəmi dağıtmazdım. 6 ay bütün mətbuat yazdı, amma mən buna reaksiya vermədim. İnsan yazılanlara reaksiya verməyəndə söz-söhbət tez unudulur.

- Deyirlər ki, bu sahədə olanlar ailə həyatı qurmamalıdırlar. Bu sözlə razısınızmı?

- Xeyr, mən o sözlə razı deyiləm. Mən ailəcanlı, evcanlıyam. Gecə həyatım yoxdur, ətrafımda qızlar dolaşmır. Heç vaxt gün keçirmək üçün insanları xərcləməmişəm. Bir insanla bir yerdəyəmsə, demək ki, ondan pozitiv alıram. Xanımlarla dost olmuram, çünki xanımlarla dost olmaq mənə görə deyildir. İndi ən böyük arzum ata olmaqdır. Elə istəyirəm ki, ata olum. 28 yaşım olandan sonra bu istək daha da artıb.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/565157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR