Avropa Liqası: "Qəbələ" "Panatinaikos"la ilk görüşdə uduzub

Avropa Liqası: "Qəbələ" "Panatinaikos"la ilk görüşdə uduzub
00:57 28 İyul 2017
155 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyul. REPORT.AZ/ "Qəbələ" komandası futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyununa çıxıb. "Report"un məlumatına görə, rəqib Yunanıstan "Panatinaikos"u olub.
Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 37-ci dəqiqədə İlqar Qurbanovun əllə olunundan sonra ispaniyalı referi Xuan Martines Munueranın təyin etdiyi penaltini Gilyermo Molins dəqiq yerinə yetirib.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk start heyətində cəmi 2 yerli futbolçuya - İlqar Qurbanovdan əlavə, kapitan Cavid Hüseynova şans verib. "Qırmızı-qaralar"ın Polşa "Yagelloniya"sını səfərdə 2:0 hesabı ilə yenərək, mərhələ adladığı ötən oyunla müqayisədə Baqali Dabo start heyətdə yer alıb. Zədəsini sağaldan Dabo Famussa Koneni əvəzləyib. Oyun "Panatinaikos"un aşkar üstünlüyü şəraitində keçib. Bir neçə epizodda qapıçı Dmitri Bezotosnı "Qəbələ"ni xilas edib.
Qeyd edək ki, bu komandalar 2015-2016 mövsümündə Avroliqanın "pley-off" mərhələsində üz-üzə gəliblər. Həmin vaxt "Qəbələ" səfər qolları sayəsində (0:0, 2:2) tarixində ilk dəfə qrup mərhələsinə adlayıb.
"Qəbələ" bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Polşa "Yagelloniya"sını mübarizədən kənarlaşdırıb - 1:1, 2:0. Bundan sonra Bakıya qayıtmayan "qırmızı-qaralar" əvvəlcə Varşavada, sonra isə Afinada hazırlıq keçib. "Panatinaikos" isə mübarizəyə elə III təsnifat mərhələsindən başlayıb. Yunanıstan təmsilçisi 7 oyundan sonra ilk dəfə qələbəyə nail olub.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
27 iyul
22:30. "Panatinaikos” (Yunanıstan) – "Qəbələ” (Azərbaycan) - 1:0
Qol: Gilyermo Molins, 37-penalti ilə
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. "Apostolos Nikolaidis” stadionu
Qeyd edək ki, cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/idman/avropa-liqasi-qebele-panatinaikos-la-ilk-gorusde-uduzub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR