“Qəbələ” artıq bunu bacarıb...

“Qəbələ” artıq bunu bacarıb...
11:54 28 İyul 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında “Panatinaikos”a uduzan “Qəbələ” üçün 0:1 hesablı məğlubiyyət uğur gətirən nəticədi. Apasport.az saytının məlumatına görə, 4 mövsümdü avrokuboklarda çıxış edən “qırmızı-qaralar” Yunanıstanda uduzduğu hesabla əvvəllər də rastlaşıb.
 
2 il öncə Roman Qriqorçukun yetirmələri Serbiyada “Çukariçki”yə 0:1 hesabı ilə yenilmişdi. Bakıda keçirilən cavab görüşündə 2 cavabsız qol vuran “Qəbələ” mərhələ adlamağa sevinmişdi. Tarixində 2-ci dəfə səfərdəki ilk matçdan 0:1 hesablı yenilgi ilə dönən “qırmızı-qaralar” yenə eyni uğuru təkrarlamaq iddiasındadı. Artıq bir dəfə bunu bacaran komanda yenə Bakıda azarkeşlərini sevindirmək üçün meydana çıxacaq.
 
Ümumilikdə isə Azərbaycan klubları üçün 0:1 hesabı uğurlu sayılmır. İndiyədək 11 dəfə belə halla rastlaşan komandalarımız yalnız iki dəfə mərhələ keçib.
 
Tilsimi qıran ilk komanda elə “Qəbələ” olub. Ötən il isə “Qarabağ” İsveçdəki məğlubiyyətin əvəzini Bakıda “Höteborq”dan artıqlaması ilə çıxıb – 3:0.
 
İlk oyunda 1 cavabsız qol buraxan komandalarımız digər 8 cütdə dönüş yarada bilməyib. “Bakı fəhləsi” “İnkaras”la (Litva) dueli yalnız penaltilər seriyasında, “Kəpəz” isə “Sloqa Yuqomaqnat”a (Makedoniya) evdə buraxdığı qol üzündən (2:1) uduzub.
 
5 dəfə isə səfərdə yenilən təmsilçimiz cavab oyununda da uduzub. Cəmi iki dəfə ev qarşılaşması bərabərliklə nəticələnib.
 
Qeyd edək ki, “Qəbələ” – “Panatinaikos” qarşılaşması avqustun 3-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/280125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR