Əfsanəvi Sovet kəşfiyyatçı-jurnalisti: "Mən Bakıya vurğunam" - FOTO

Əfsanəvi Sovet kəşfiyyatçı-jurnalisti: "Mən Bakıya vurğunam" - FOTO
21:17 28 İyul 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

SSRİ və Rusiya xüsusi xidmət orqanlarının əfsanəvi kəşfiyyatçısı və tanınmış jurnalist, istefada olan general-mayor, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru və Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Georgiyeviç Kobaladzenin İlkin İzzətə müsahibəsi:  

"Jurnalistika kəşfiyyat üçün əla pərdədir".

- Kəşfiyyat və jurnalistika. Bunlar bir-biri ilə nə dərəcə əlaqəlidirlər və əsasən nədə fərqlənirlər?

- Hesab edirəm ki, jurnalistika - jurnalistin kəşfiyyat fəaliyyətində istifadə edilə biləcəyi əla pərdədir. Amma bu fikir heç də hamı tərəfindən qəbul olunmur. Elə ölkələr var ki, kəşfiyyat üçün jurnalistlərdən istifadə etmir. Sovet İttifaqının dağılmasından sonra kəşfiyyata Primakov rəhbərlik edəndə jurnalist adı altındakı kəşfiyyatçıların sayının azaldılması barədə qərar qəbul edildi. Amma burda bir məqamı anlamaq lazımdır. Kəşfiyyatçılar redaksiyaya qəzetin siyasətini dəyişmək üçün yox, bu pərdələnmədən öz maraqları naminə istifadə etmək üçün gəlirlər. Mənim jurnalist adı altında iş təcrübəm var. Hesab edirəm ki, bu çox müsbət və yaxşı təcrübədir. Ümid edirəm ki, bu pərdələnmədən indiyədək istifadə olunur.

- Sovet dövründə belə bir stereotip vardı ki, xaricdə işləyən və ya xarici ölkələri təmsil edən jurnalistlərin hamısı da olmasa da, demək olar ki, əksəriyyəti kəşfiyyatçıdırlar. Bu nə dərəcə doğrudur?

- Bu, heç də belə deyil. Məsələ ondadır ki, kəşfiyyat bəzən lazım olduğundan daha çox pərdələnirdi. Amma 1991-ci ildən sonra bu məqamı lazımi səviyyəyə gətirmək barədə qərar qəbul edildi. Cəmi 10 nəfərlə keçinmək mümkün olduğu yerdə 100 nəfər saxlamağa ehtiyac yoxdur. Məhz onda Afrika və Asiyada öz tam səmərəsizliyini sübut etmiş bəzi səfirliklər bağlandı. Lakin o zaman Soyuq müharibə dövrü olduğundan biz amerikanlarla müzarizə aparırdıq. Harda amerikanlar peyda olurdusa, ertəsi gün biz də orda olurduq. Bu qarşıdurma bütün dünyaya yayılmışdı. Tanrıya şükür, Soyuq müharibə bitib, hərçənd, indi həmin müharibənin yeni cücərtiləri var.

"Mən Bakıya vurğunam"

- Yuri Gergiyeviç, hərdən məşhur, tanınmış adamlarla bağlı xatirələrinizi bölüşürsünüz. Sizin peşəkar fəaliyyətiniz dövründə məşhur azərbaycanlılarla bağlı xatirələriniz varmı?

- Peşəkar fəaliyyətim dövründə olmayıb. Daha doğrusu olub, amma kəşfiyyatda yox. Mən çox azərbaycanlılarla tanışam. Məsələn, Tahir Salahovla. Bizim onunla çox yaxşı insani əlaqələrimiz var. Hərçənd biz fərqli "çəki dərəcələri"ndəyik. O, məndən yaşca çox böyükdür. Mən Qusman qardaşları ilə də tanışam. Hərçənd, onlar milliyyətcə azərbaycanlı deyillər, amma Azərbaycana çox sadiqdirlər. 

Rusiyanın tanınmış jurnalisti Azərbaycan mediasına tövsiyələrini verdi - FOTO

- Amma onlar özlərini həm də azərbaycanlı hesab edirlər...

- Bəli, bəli. Onlar artıq özləri də unudublar ki, kimdirlər. (gülür- İ.İ) Bax, onlar Azərbaycana bu dərəcədə bağlıdırlar. Mən Rüstəm İbrahimbəyovla da tanışam və biz dostluq edirik. Mən bu dostluğu yüksək dəyərləndirirəm. O, dahi rejissor, ssenaristdir. Onun təkcə "Səhranın bəyaz günəşi" filmi nəyə desən dəyər. İbrahimbəyov Moskvada da çox məşhurdur. Mənim bundan başqa da azərbaycanlı, amma məşhur olmayan dostlarım var.
Azərbaycanı təbii ki, mən çox yaxşı tanımıram, amma Bakıda oluram və ona vurğunam.

- Neçə dəfə Bakıda olmusunuz?

- Yəqin ki, ən azından 10 dəfə. İlk dəfə Sovet dövründə olmuşam. Amma Bakı indi və o zaman - yer və və göy kimidir. Üstəgəl, mənim Azərbaycanla ailə bağlılığım var. Vaxtilə babam və nənəm burda yaşayıb. Atam da məhz burda doğulub. Amma babam və nənəm ayrılıblar. Mənə bu barədə heç zaman danışmayıblar, amma görünür, ailədə nəsə baş verib. Babam burda qalıb və burda da dünyasını dəyişib. Atam isə dəqiq Bakıda doğulub, onun doğum yeri Bakıdır.

- Onların yaşadıqları ünvanı bilirsiniz?

- Təəssüf ki, cavan olanda bununla maraqlanmamışam. İndi buna həqiqətən çox təəssüflənirəm. Onlar uzun müddət Bakıda yaşayıblar. Sonra ailəmiz Bakıdan Batumiyə köçüb. Atam orada neft sənayesində işləyib. Bax, belə bir tarixçəmiz olub.

"Dağlıq Qarabağ münaqişəsi - onu həll etmək heç də asan deyil"

- Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bilirsiniz. Sizin fikrinizcə, bu problemi necə həll etmək mümkündür?

- Bilmirəm, mənim reseptim yoxdur. Əvvəla, hesab edirəm ki, əgər sən erməni və ya azərbaycanlı deyilsənsə, bu məsələyə qarışmaq və qiymət vermək çox təhlükəlidir. Bu, orda da, Azərbaycanda da suallar doğuracaq. Amma kənardan baxanda bir şey aydındır ki, vəziyyət heç də normal deyil və müharibə ərəfəsindədir. Kimin haqlı, kimin günahkar olduğu barədə təbii ki, mənim öz fikrim var, amma onu kütləvi şəkildə açıqlamaq istəmirəm.

- Amma bütün münaqişələr əvvəl-axır həll olunur...

- Bəli, gec-tez bütün münaqişələr bitir. İstənilən müharibə sülhlə başa çatır. Amma bu münaqişənin dərin tarixi kökləri var və onu həll etmək heç də asan deyil. Lakin onu da nə vaxtsa həll etmək lazımdır. Necə? Mən bu barədə resept vermək və necə etmək lazım olduğunu söyləmək üçün o qədər də ağıllı deyiləm. Üstəgəl, situasiyaya da tam hakim deyiləm.



"Mən çox xoşbəxt insanam"

- Yuri Georgiyeviç, artıq 40 ildən çoxdur ki, işləyirsiniz. Siz kəşfiyyatçı olmusunuz, Böyük Britaniyada çalışmısınız, SSRİ Dövlət Teleradiosunda işləmisiniz, Mixail Qorbaçovun xarici səfərləri zamanı onu müşaiyət etmisiniz, Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun rəhbəri olmusunuz, general-mayorsunuz, biznes strukturlarında geniş əlaqələriniz var və s. Bundan əlavə, siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru və Beynəlxalq jurnalistika fakültəsinin dekan müavinisiniz. Qızlarınız, nəvələriniz var. Sizcə həyatınız və peşəkar karyeranız necə alınıb?
 

- Mən çox xoşbəxt insanam. Hesab edirəm ki, həyatım çox əla, çox maraqlı keçib. Hətta bircə gün belə olmayıb ki, darıxım. Harda işləməyimdən asılı olmayaraq -  kəşfiyyatda da, jurnalistikada da, bankda da, ticarət şirkətində də, indi MDBMİ-də də həyatdan zövq alıram. Yeganə problem odur ki, həyat çox qısadır. Adam istəyir ki, o əbədi davam eləsin. Amma əbədi heç nə olmur. Ona görə də bununla da necəsə barışmaq lazımdır.

- Heç çətin, pis vəziyyətlərə düşmüsünüz?
 

- Əlbəttə, düşmüşəm. Hər bir insanın səhvləri də olur. Mən də səhvlərə yol vermişəm, amma faciəvi yox, faciəvi nəticələrə gətirən çıxaran səhvlərə deyil. Deyirəm, mənim çox maraqlı həyatım olub. İndi də var... Sıx, heyrətamiz görüşlərlə, əlaqələrlə, dostlarla... Mən sadəcə həyatdan zövq alıram. Öz bütün tələbələrimə də təlqin edirəm ki, həyatı sevmək, hər günün qədrini bilmək lazımdır.

"Azərbaycan beynəlxalq məsələlərdə mühüm mövqeyə, yerə malikdir"

- Azərbaycan xalqına nə arzulayardınız, nələri tövsiyə edərdiniz?

- İlk növbədən həyatdan zövq almağı. Azərbaycan son illərdə beynəlxalq məsələlərdə mühüm mövqeyə malikdir. Burada dünyada böyük əks-səda doğuran yüksək səviyyəli tədbirlər keçirilir. Məsələn, Avroviziya, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları. Mən şəhərdə gəzirəm, görürəm ki, çox şey dəyişir - İdman sarayı, yeni Olimpiya stadionu və s. bir çox yeni və diqqətəlayiq məqamlar var. Həyat dəyişir. Tanrının iznilə, qoy belə də davam eləsin.
 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/567510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR