Atəşkəs rejimi 4065 dəfə pozulub

İyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 4065 dəfə pozub.

Metbuat.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, snayper tüfənglərindən, 122 millimetrlik D-30 haubitsalarından, iriçaplı pulemyotlardan və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Ötən ay Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

İyul ayında Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub. Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, düşmənin tabor mərkəzinə daxil olan bölmələrinin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

 Eyni zamanda, Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib. Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

 Bundan əlavə, ötən ay Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
 Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

 Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT">BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT">BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR