Bir neçə gün öncə, tanınmış reper Anar Nağılbaz Feysbuk profilini yalnız paylaşımlar üçün istifadə edəcəyini, heç kimlə ünsiyyət qurmayacağını bəyan edib.

Milli.Az xəbər verir ki, yenicag.az-a müsahibə verən "Repin atası" bunun səbəbini izah edib. Nağılbaz keçmiş uğurları və bir ayda qazandığı pullardan da danışıb:

- Status yazdınız ki, sizi heç kim narahat etməsin, axtarmasın. Amma səbəbini izah etmədiniz. Nə baş verir?

- Hərdən adam bezir, sakitliyə çəkilmək istəyir.

- Bəs indi nə işlə məşğulsunuz?

- Yaradıcılıqla məşğul oluram.

- "Repin atası" sayılan Anar Nağılbaz şou gündəmini dəyişmək fikrində deyil?

- Xalq artisti Brilliant Dadaşova ilə birgə yeni mahnılar üzərində işləyirik. Yeni mövsümdə tamaşaçılar həmin mahnıları eşidəcək.

- Bir vaxtlar ən "bərkgedən" və daha çox pul qazanan reper idiniz. Repdən böyük məbləğdə qazanc əldə etdiyiniz dövr hansı illərə təsadüf edir?

-1993-1998 və 2000-2004-cü illər. 1993-1998-ci illərdə aylıq qazancıma bahalı avtomobil almaq olurdu. 2000-2004-ci illərdə isə aylıq qazancıma şəhərin yaxşı yerlərində 20 sot torpaq almaq olardı.

28 may - Respublika Günü münasibəti ilə keçirdiyimiz "Aypara" rep festivalında 1-ci yerə çıxan qalibə 28 qram qızıldan hazırlanmış aypara hədiyyə verirdik. "Qaydasız döyüş" rep çempionatında isə qalibləri 12-15 qramlıq qızıl medallarla təltif edirdik.

- Bəs layihələriniz haradan maliyyələşirdi?

- Müxtəlif təşkilat və sponsorlarla birgə çalışırdıq. Əsas təşkilatçı mənim rəhbərlik etdiyim "Azəri İmic Servisi" adlı şirkət idi. Həmin layihələrin münsiflər heyətində adlı-sanlı sənətçilər təmsil olunurdu.
Mənim rəhbərlik etdiyim həmin təşkilat Qafqazın indiyə qədər də ən böyük prodüser mərkəzi hesab edilir. "8-ci" mikrorayonda 12 sotun içində 2 mərtəbəli binamız da var idi.

- Şirkətinizin sonrakı aqibəti necə oldu?

- 2004-cü ilin sonlarında fəaliyyəti dayandırıldı.

- Səbəb nə oldu bəs?

- Həmin vaxt İctimai televiziyada Telefilm departamentinə direktor müavini təyin edildim və şirkətin fəaliyyətinə xitam verdim.

- O qazancdan özünüz də bəhrələnə bildinizmi - villa, bağ, bahalı avtomobil...

- Xeyr. Qazancımızı gənc həmkarlarımızın tanıtımına, kliplərə, filmlərə, verilişlərə və bir yerdə səyahətlərə xərcləyirdik. Ona görə də gənc həmkarlarım məni çox istəyirlər.

- Hərdən keçmişi bu günlə müqayisə edəndə repi seçdiyinizə görə peşmanlıq hissləri yaşayırsınız?

- Repə hobbi kimi yanaşıb, başqa bir işin qulpundan yapışsaydım, ən azından stajım olardı. Yaşlananda təqaüd almaq üçün staj lazımdı.

- Deputat oğlu olmağınız necə, qapıları üzünüzə taybatay açıb?

- Mən heç vaxt atamın adından istifadə etməmişəm. Özümə görə hörmətim olub. Sadəcə, yaxşı bir kişinin oğlu olmaq mənə qürur və adıma da sanbal verib.

- Şöhrətdən başınızın gicəlləndiyi vaxtlar olub?

- Ad insanı yox, insan öz adını uca edir. Mənim üçün şöhrət, var-dövlət, pul, maşın heç vaxt önəm daşımayıb. Xüsusi heç bir dəyişiklik olmayıb. Gözəl tanışlıqlar olub.

- Həyatınızda elə səhvləriniz olub ki, bu gün xatırlayanda əzab çəkirsiniz?

- Səhvsiz insan yoxdur və ola da bilməz. Uşaq da yıxıla-yıxıla böyüyür. Əsas odur ki, həmin səhvləri günahlara çevirməyək.

Milli.Az