Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI

Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
19:38 7 Avqust 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq ticarət əlaqələrinin möhkəmlənməsində xüsusi yer tutan su kanalları və boğazların əksəriyyəti müsəlman ölkələrinin ərazilərinə düşür. Bu səbəbdən də su kanalları və boğazlar yerləşdikləri ölkələrin strateji baxımdan önəmini daha da artırır.

Publika.az bildirir ki, seanews.az saytı su kanalları və boğazlar haqda icmalla çıxış edib. Məqalənin maraq kəsb etdiyini düşünərək, onu oxucularımıza təqdim edirik.

İstanbul boğazı

Qara dəniz və Aralıq dənizini bir-birinə bağlayan boğaz. Bütün tarix boyu Avropa və Asiyanı qovuşduran bu boğaz öz əhəmiyyətini, önəmini qoruyub saxlaya bilib. Uzunluğu 35 kilometr olan İstanbul boğazından ildə orta hesabla 90 min gəmi keçir. Əksər hallarda bu gəmilərdən heç bir vergi alınmır.

Hazırda layihələndirilən ikinci boğazın – İstanbul kanalının isə illik gəlirinin 8 milyard olacağı proqnozlaşdırılır. Eyni zamanda, turizmin inkişafında da xüsusi çəkisi olan İstanbul boğazı vasitəsilə hər il yüz minlərlə əcnəbi Türkiyəyə daxil olur, yaxud bu kanal vasitəsilə Avropadan Asiyaya, Asiyadan Avropaya səyahət edir.

Çanaqqala boğazı

Mərmərə və Egey dənizlərini bir-birinə bağlayan bu boğazın ən geniş yeri 5,8 kilometr, ən dar yeri isə 1,25 kilometrdir. Boğazın dibində tərs axın mövcuddur. Montrö Boğazlar Müqaviləsinə daxil olan bu boğaz Aralıq dənizinə açılan qapısıyla önəmli strateji əhəmiyyətə malikdir.

Cəbəllütariq boğazı

Əməvi sərkərdəsi Tarıq Bin Ziyadın şəhərində adlandırılan Cəbəllütariq boğazı Aralıq Dənizini Atlantik okeanına bağlayır. Suverenlik haqqı Mərakeş, İngiltərə və İspaniya arasında bölüşdürülür. Böyük Britaniya Krallığına bağlı Cəbəllütariq muxtar ərazinin də yerləşdiyi bölgədə tez-tez İngiltərə və İspaniya arasında siyasi böhran çıxır.

Bir tərəfdən İspaniya daha böyük suverenlik haqları tələb edir, digər tərəfdən isə İngiltərə həmin ərazini 200 ildən çox idarə etdiyi üçün heç bir güzəştə getmir. Mərakeşin isə ciddi iddiası və təşəbbüsü yoxdur.

Berinq boğazı

Amerika və Asiya qitələrini bir-birindən ayıran bu boğaz ABŞ və Rusiya arasında yerləşir. Təxminən 3-4 ildir ki, Çin, Amerika və Rusiyanı bir-birinə birləşdirəcək yeraltı dənizyolu layihəsi üzərində işlər aparılır.

Magellan boğazı

Boğaz Odlu torpaq arxepelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə catır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə maneə yatadır. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir.

Bu boğazı keçən ilk avropalı Fernando Magellan olub. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı. 21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır. Sonra içərilərinə doğru üzərək boğazı keçirlər. Bununla da Magellan tarixdə Sakit okeanında üzən ilk avropalı olur. Onlar 1 noyabrda boğazın içərilərinə doğru irəliləyərkən həmin gün “Müqəddəslər günü” olduğundan Magellan bu günün şərəfinə boğazı “Estreito de todos os Santos” adlandırır. Lakin İspan kralı boğazın adını dəyişərək Fernando Magellanın şərəfinə “Estrecho de Magellanes” adlandırır.

Şərq hissədə Virjin burnundan başlayır və 53 dərəcə ilə qərbə doğru uzanır. Şərq hissədə sahillər sıldırımlı və dik olması ilə fərqlənir. Qərb hissə Frovard burnundan başlayır və demək olar ki, düz istiqamətdə yerləşir. Odlu torpaqla materik arasındakı Müqəddəs Klarensa, Müqəddəs İnesa adalarının yaxınlıqları da fiordlarla zəngindir. Bu hissədə güclü burulğanlar baş verir. Sakit okeanına cıxış olan hissədə Narboro adası yerləşir. Boğazda axının maksimal sürəti 25 km/s təşkil edir. Əsas liman isə Çilinin şəhəri olan Punta-Arenasdır.

Messin boğazı

Siciliya adasını Kalabrinin cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Siciliya sahillərində Villa-San Covanni, Kalabrii sahillərində isə Redjo-di-Kalabrii şəhəri yerləşir.

1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu, dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.

Babülməndəb boğazı

Ərəbcə “‎Babül-məndəb” kədər, göz yaşı darvazası deməkdir.

Ərəbistan yarımadasının cənub-qərbinin qurtaraçağı ilə Afrika arasında yerləşən boğazdır. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Ən dar yeri 26,5 km, ən dayaz yeri 182 metrdir. Böyük iqtisadi və strateji əhəmiyyətə malikdir. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol buradandır.

Malakka boğazı

Malakka boğazı Malayziya yarımadası (Qərbi Malayziya) və İndoneziyaya bağlı Sumatra adası arasında 805 kilometr uzunluğunda olan dar bir boğazdır.

İqtisadi və strateji baxımdan dünyanın ən önəmli dəniz yollarından biri kimi qəbul edilir. Onun əhəmiyyəti Süveyş və Panama kanalları qədərdir. Boğaz Hünd və Sakit okeanları arasında yerləşməklə bərabər, dünyanın 3 ən çox əhaliyə malik – Hindistan, İndoneziya və Çini də bir-birinə bağlayır. Eyni zamanda, bu boğaz dünyanın ticarət nəhənglərinin – Yaponiya, Cənubi Koreya və Yaivan arasında beynəlxalq ticarət yolu hesab olunur.

2014-cü ildə bu boğazdan 80 min ticarət gəmisi keçib.

Amerika Enerji İnformasiya İdarəsinin statistik məlumatına görə, Malakka boğazından gün ərzində 16 milyon barelə yaxın neft daşınır.

Süveyş kanalı

Süveyş kanalı Sinay yarımadasının qərbində, Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Afrika qitəsində yerləşməsinə baxmayaraq, Süveyş kanalı Asiya və Avropa dənizçiliyi üçün də çox önəmli su yoludur.

Əsas limanları Port-Səid və Süveyşdir.

Kanal fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 1859-1869-cu illərdə çəkilib və 17 noyabr 1869-cu ildə açılıb.

Süveyş Kanalının İdarəetmə Mərkəzinin (Suez Canal Authority) məlumatına görə, boğazın illik gəmi keçidi 76 min civarında təşkil edir. 2014-cü il ərzində buradan keçən gəmilərdən alınan vergi Misir dövlət büdcəsində 5,5 milyard dollarlıq gəlir kimi qeydə alınıb.

Kiel kanalı

Baltik dənizinin dünya sularına çıxmasında mühüm əhəmiyyətə malik kanaldır. Şimal dənizində Elbe çayı sahilindəki Brünsbüttelkooqdan şərqdə Baltik dənizi sahilindəki Kiel limanında yerləşən Holtenauya qədər 98 kilometr uzanır.

İki dəniz arasında ən təhlükəsiz, qısa və ucuz nəqliyyat yoludur. Eni 103, dərinliyi 11 metr olan kanalın üzərində təxminən 42 metr hündürlükdə yeddi körpü inşa olunub.

Panama kanalı

Panama kanalı Panamada Şimali və Cənubi Amerikanı ayıran, Atlantik və Sakit okeanları arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanaldır.

Bu kanal dövrünün ən bahalı və ən çətin layihələrindən bir hesab olunur.

Cənubi Amerika qitəsinin ən ucqar cənub nöqtəsi Horn burnuna yetişmək üçün bu kanal gəmiçilik baxımından xüsusi əhəmiyyət daşıyır.

Ötən il üzərindən 13 min gəmi keçən kanal ildə1.5 milyard dollar gəlir gətirir. Vaxtilə ABŞ-ın işğal etdiyi Panama kanalı Latın Amerikası üçün strateji baxımdan da böyük əhəmiyyət daşıyır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/209061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR