Sosial şəbəkələrdə özəl klinikaların müayinə qiymətlərilə müqayisədə xidmət səviyyəsinin xeyli aşağı düşməsi, xəstələrin baxımsız qalması ilə bağlı iddialar geniş müzakirələrə səbəb olub.
Bildirlir ki, son vaxtlar ölkədə fəaliyyət göstərən bir sıra özəl klinikalarda ciddi ixtisarlar gedib. Özəl klinikalara müraciət edən xəstələr saatlarla qeydiyyat şöbələrinin qarşısında qalmaqdan, həkim növbəsi gözləməkdən şikayət edirlər. Həkimlərlə yanaşı, tibb bacılarının da sayının azalması xəstələrin baxımsız qalmasına gətirib çıxarıb. Bütün bunlara baxmayaraq, qiymətlər də artıb.
Tibbi PR-Marketologiya üzrə ekspert Bəhruz İsmayılzadə Publika.az-a bildirdi ki, özəl klinikalarda qiymət artımı müşahidə edilmir, əksinə yay endirim kampaniyaları həyata keçirilir:
“Bu gün əksər klnikalarda qiymətlərdə endirim müşahidə olunur. Endirimlər əsasən bütün cərrahi prosedurlara, USM müayinəsi və umumi konsultasiyalara tətbiq edilir. Hazırda özəl klinikaların sayı artdıqca rəqabət gücü də artır. Daha çox pasient toplamaq üçün xarici ölkələrdən ən son tibbi avadanlıqlar gətirilir. Heç bir klinika, heç bir həkim öz xəstəsini itirmək istəməz. Keyfiyyətsiz xidmət ola bilməz çünki, dövlət xəstəxanalarından fərqli olaraq, özəldə xəstələr birbaşa həkimlərlə əlaqə saxlayıb daha sonra qəbula gəlirlər. Elə bir hal ola bilməz ki, özəl klinikalara müraciət edən xəstələr həkim tapmasın”.
Tibbi ekspert Adil Qeybulla isə bildirdi ki, özəl klinikaların xidmət səviyyəsi çox yüksək səviyyədə olmalıdır:
“Bu klinikalarda istifadə edilən tibbi avadanlıqlar və məhsullar xarici ölkələrdən gətirildiyi üçün dövlət xəstəxanaları ilə müqayisədə qiymət və keyfiyyət fərqli hiss olunur. Yəqin ki, yaranan narazılıqlar təsadüfi deyil. Təbii ki, xəstələr özəl klinikalara yüksək məbləğdə ödəniş etdiyi üçün qarşılığında da yüksək xidmət səviyyəsi gözləyir. Haqlı olaraq kiçik bir diqqətsizlik xəstələrin klinakaların xidmət səviyyəsindən narazılığına səbəb olur. Bu gün özəl klinikaların sayı artıb. Lakin nəzərə almaq lazımdır ki, bu klinikaların fəaliyyət göstərməsi üçün xüsusi lisenziyalar verilir. Heç bir klinikanın lisenziyasız xidmət göstərmək haqqı yoxdur. Doğurdan da klinikalarda ciddi yoxlamalar aparılsa, məlum olar ki, lizensiyadan kənar fəaliyyət göstərənlər də az deyil. Aydın məsələdir ki, bu müəssislərdəki xidmət xəstələrin narazılığına səbəb olur. Bəli, bu cür hallar var. Amma bütün bunlara baxmayraq, özəl sektor mövcud olmalıdır. Daha da inkişaf etdirilməlidir. Hesab edirəm ki, bu özü də tibbi səhiyyə xidmətinin bir növüdür. Bizdə istər turizm, istər təhsil, istərsə də tibb sahəsində servis mədəniyyəti lazımi səviyyədə deyil. Bunu etiraf etmək lazımdır. Servis mədəniyyətinin yaxşılaşdırılması isə çox böyük təcrübə tələb edir. İxtisarla bağlı isə onu deyə bilərəm ki, dövlətdən fərqli olaraq, özəl sektorda həkimlər müqavilə ilə çalışırlar. Burada seçim imkanları yüksəkdir. Yəni həkim bir neçə yerdə çalışa bilir”.
Millət vəkili Musa Quliyev isə bildirdi ki, ixtisarlarla bağlı deyilənlərin heç bir əsası yoxdur:
“Əksinə Bakıda və digər böyük şəhərlərdə xeyli sayda həkim və tibb bacısı işi axtaranlar var. Nə özəl, nə də dövlət xəstəxanasında ixtisar yoxdur. Hazırda buna heç bir səbəb də görünmür".
Könül Cəfərli