İsveçrə niyə həmişə bitərəfdir?

İsveçrə niyə həmişə bitərəfdir?
20:05 8 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Əksəriyyətimiz İsveçrənin neytrallıq siyasətindən bixəbərik. Buna səbəb isə onların əsrlərə dayanan işğal sevdasıdır.

İsveçrənin cənubunda bir kahada yerli tərzdə hazırlanmış risotto ilə merlot şərabından dadıram. Ətrafımı yaşıl dağlar bürüyüb. Yaxınlıqda isə elektrik adlı yeniliyi qəbul etməyən və bir neçə əsr yaşı olan kənd yerləşir. Nahar yeməyini iki isveçrəli kişi ilə birgə edirəm. Onlardan biri italyanca danışır, digəri isə alman dilinə üstünlük verirdi. Mənim xətrimə ingiliscə danışmağa başladılar. Mən məmnun halda gülümsədim. İsveçrəni gəzdiyim bir ay ərzində məni bu cür beynəlxalq abu-hava müşayiət etmişdi.

Bu gözəl kənd Avropanın bir çox müharibələrindən sağ çıxıb, çünki, savaşların heç biri buraya çatmayıb. İsveçrənin sərhədləri də elə bu səbəbdən istiqanlıdır. İnsanlar bu sərhədlərdən dil və qida qədər asanlıqla keçə bilir. Yəqin ki hiss etdiniz - məhz bu səbəbdən nahar etdiyim Ticinoda hər kəs italyanca danışır, naharımın əsasını italyan yeməyi və şərabı təşkil edir.

Elə ölkə özü də dinc həyatı ilə ahəng təşkil edir. Siyasi baxımdan ölkədə büsbütün demokratiya hökm sürür; dörd dil qrupu mövcuddur; kantonları keçdikcə sanki dörd müxtəlif ölkəni gəzirsən: İtaliya (Ticinoda), Almaniya (Sürixdə), Fransa (Cenevrədə) və Roma İmperiyasının unikal davamçısı (Grisonsda).

Ticino PassTicino və Alp dağlarına keçid, İsveçrə hərbi tarixində strateji baxımdan önəmli yer tutur

Növbəti tikəmi ağzıma qoyarkən nahar yoldaşlarımdan birinin dediyi cümlə məni şok halına saldı: İsveçrə - bitərəflik və sülh qalası - işğalçı ölkə kimi yaranıb.

Bu cümlə ilə sanki mən ayıldım. Bir gün qabaq Bellinzona yaxınlığında yerləşən məşhur qalaları gəzirdim. Bu ərazi, Milan, Fransa və gənc İsveçrə konfederasiyasının amansız orta əsr müharibələrinə ev sahibliyi edib. Daş istehkamlar Unesco-n Dünya İrsinə daxildir və Ticino və Alp dağlarına keçid uğrunda mübarizə aparan tayfalar, kantonlar və ölkələrin qədim tarixini əks etdirən nümunələrdir. İsveçrənin böyük hərbi tarixi var əslində.

İstehzalı səslənsə də, ölkənin müasir anti-müharibə siyasəti nəticəsində, səyyahlar döyüş tarixi haqqında zəngin məlumat əldə edə bilirlər.

"Neytrallığın təsirini hər yerdə görmək mümkündür," BK-n Kent Universitetinin Avropa Elmləri üzrə əməkdar professoru və İsveçrənin tarixi və siyasəti üzrə bir neçə kitabın müəllifi Clive Church deyir.

"Özünüz deyin görüm," o əlavə edir, "Hansı İsveçrə şəhərində bomba izinə rastladınız?"

Cavab: heç birində.

"İstənilən İsveçrə şəhərinə getsəniz görəcəksiniz ki, şəhərlər təbii şəkildə inkişaf ediblər. Çünki, heç vaxt işğal olunmayıblar. Neytrallığın vizual olaraq bəxş etdiyi xeyir, keçmişin çılpaq formada gözünüz önündə açılmasında yatır."

Ölkənin nağıl şəhərlərində gəzdikdə, onun nə qədər haqlı olduğunu görmək olur. İsveçrənin paytaxtı Bernin bütün qədim hissəsi Unesco-n Dünya İrsinə daxildir və tarixi tağlar, qumdaşından salınmış bina və fəvvarələrlə zəngindir.

1530-cu ildə tikilmiş məşhur saat qülləsini isə xüsusi vurğulamaq lazımdır. Ölkənin digər tərəfində yerləşən İsveçrənin ən qədim şəhəri Chur-da isə Roma imperiyasından qalma bütün xarabalıqları qorunub saxlanır (onlar yerli memar Peter Zumthor tərəfindən qorunur). Bellinzonada isə üç orta əsr qalasını və ya ərazinin tarixi daş kəndlərini gəzmək olur.

Bunlara baxmayaraq, bir çox səyyahın İsveçrənin hazırkı bitərəfliyi və ya hərbi tarixi haqqında məlumatı yoxdur.

Süitzerlandİsveçrənin anti-müharibə siyasəti, ölkənin ən qədim şəhəri hesab olunan Chur kimi tarixi yerlərin hələ də var olmasına səbəb olub

"Mənim qonaqlarım adətən iki cür olur," tarixçi, tur bələdçisi və Lynvi Switzerland həmtəsisçisi Lydia Muralt deyir.

"İsveçrənin neytral olduğunu bilməyənlər və bilənlər. Birinci qrupun təəccübləndiyi ilk məqam, bizim neytral olmağımız, sonra isə heç bir müharibədən zərər görmədiyimiz olur. İkinci qrup isə bizim neytrallığımız anlamaqda çətinlik çəkir: bu, dünyanın qalan hissəsini vecimizə almadığımızdanmı irəli gəlir, yoxsa düşüncəsizliyimizdənmi?"

Muralt, İsveçrə dövlət internet səhifəsində neytrallığın izahı olduğunu dedi və mən ona baxmaq qərarına gəldim. Ölkənin humanitar maraqlarından savayı, orada bəzi qaydalar da qeyd olunub: Ölkə müharibəyə qoşulmamalı, savaşan dövlətlərin ərazisindən istifadəsinə icazə verməməli və savaşan dövlətlərin ordusuna yardım etməməlidir.

Sonuncu qaydanı keçmiş zamanlara şamil etmək olmaz.

Orta Əsrlərdə İsveçrə müharibələrdən tez-tez qalib ayrılırdı. Yaxşı ki, onlar bu vərdişi dəyişiblər.

"Qısası bu (işğalçı siyasət), iqtisadi səbəblər daşıyırdı," Bazel Universitetinin siyasi elmlər üzrə professoru və Swisspeace tədqiqat institutunun direktoru Laurent Goetschel deyir.

"Qədim İsveçrə konfederasiyası çox kasıb ölkə idi - genişmiqyaslı əkinçilik üçün yararlı deyildi, heç bir müstəmləkə resursu və dənizə çıxışı yox idi. Buna görə də işğal, gəlir mənbəyi idi.

Switzerlandİsveçrənin paytaxtı Bern, tarixi tağlar, qumdaşından salınmış bina və fontanlar ilə zəngindir

Və isveçrəlilər əminliklə qələbə qazandıqları üçün bu, onlar məğlubiyyətinədək yaxşı gəlir mənbəyi olmaqda davam etdi. Səbəbkar məğlubiyyət, 1515-ci ildə baş vermiş Marignano döyüşüdür. Fransız və venesiyalılar artilleriya və zirehli süvarilərlə gəldiyi halda, isveçrəlilər külüng və nizələrlə döyüşdülər. Təəssüf ki, texnologiya onlardan yan ötmüşdü.

"Həmin məğlubiyyətdən sonra, onlar anladılar ki, yaxşı əsgər olsalar da, balta-nizələri artilleriya qarşısında davam gətirə bilməz," Church deyir.

"Məhz o vaxt, Avropanın böyük siyasi işlərinə qarışmaqdan daşındılar."

Əvəzində isveçrəlilər, az keçmədən Fransanın vassalına çevrildilər. Bu isə onların geri atmaqla yanaşı, bəzən eyni döyüşdə hər iki tərəf olmasına gətirib çıxardı.

"Bu, həmişə baş vermirdi, baş verərkən isə son dərəcə narahatedici olduğuna görə neytrallığa meyl yaradırdı," Church söyləyir.

Bu zaman ərzində İsveçrə iştirak etdiyi çoxlu müharibələrdə müxtəlif tərəflərdən çıxış etdiyi üçün uzunmüddətli tərəfdaş tapmaq çətin olacaqdı. Eləcə də, ölkənin Alp dağları ilə əhatəli olması bütün böyük qüvvələri İsveçrəyə cəlb edirdi. Fransa İnqilab Müharibəsi və Napoleon müharibələrindən sonra, Avropada sülhə nail olmaq üçün təşkil edilən 1814-15-ci il Vyana Konqresində İsveçrə bir həll təklifi irəli sürdü: qoyun, biz bitərəf olaq. Təklifi qəbul etməmək ağılsızlıq olardı. Goetschel-n də vurğuladığı kimi, "Əgər digər güclər səni qəbul edirsə, bitərəflik ağlabatandır."

GenevaCenevrədə yerləşən Qırmızı Xaç muzeyi, İsveçrənin humanitar yardım öhdəliyinin göstəricisidir

O zamandan bəri, İsveçrə hamımızın tanıdığı qeyri-partizan dövlətə çevrildi. Cenevrəyə getsəniz, Charles Pictet de Rochemont-n heykəlinə baş çəkin. Vyana Konqresində İsveçrənin neytrallıq bəyannaməsinin müəllifi bu əsgər-diplomat olub.

Şəhərdəki vaxtınızın bir hissəsini Qırmızı Xaç muzeyində keçirə bilərsiniz. Burada, İsveçrədə neytrallığın inkişafını təmin edən növbəti böyük şeyin onun humanitar yardım öhdəliyi olduğunu anlayacaqsınız. Hər şey, cenevrəli biznesmen Henry Dunant-n 1860-cı illərdə İtaliyaya iş səfəri ilə başlayıb. Səfərin məqsədi ticarət yollarındakı qarışıqlığı qaydasına salmaq olsa da, o, Napoleon III-n döyüş sahələrində yaralı əsgərlərə qarşı dəhşətli münasibəti görür və diqqətini Qırmızı Xaçı yaratmağa kökləyir.

Artıq İsveçrə üçün hər şey qaydasına düşmüşdü. Qırmızı Xaçın yaradılması ölkənin etibarını daha da yaxşılaşdırdı: 1864-cü ildə ilk Cenevrə Konvensiyalarına yol açdı, 1901-ci ildə Nobel Sülh Mükafatı qazandırdı və kilsə dili ilə desək, Avropada "yumşaq gücə" çevirdi.

Lakin, sonradan Dünya Müharibələri baş verdi və ölkənin nüfuzu bir növ sınağa çəkildi. Xüsusilə də, İkinci Dünya Müharibəsində. Belə ki, İsveçrə Nasist Almaniyasından yəhudi qızılı alır və yəhudi qaçqınları rədd edirdi.

"İsveçrə nöqteyi-nəzərindən, neytrallıq İsveçrə döyüşmədiyi müddətcə uğurludur," Goestchel izah edir.

"İsveçrənin həqiqətən neytral olması ilə bağlı müzakirələr gedib, ələlxüsus İkinci Dünya Müharibəsində. Ölkə isə döyüşlərdə iştirak etməyib."

Xariclərin İsveçrə haqqında ən çox məəttəl qaldığı bir məqam var: onun ordusu. Həqiqətən də belə neytraldırsa, hərbi qüvvəyə nə hacət?

"İsveçrə bitərəfliyi həmişə silahlı olub," Church aydınlıq gətirir.

"Bir gün kimsə hücuma keçə bilər, ölkəni müdafiə edə bilmək üçün orduya ehtiyac var."

Parliamentİsveçrənin daxili siyasətinə nəzər salmaq üçün ziyarətçilər Berndə yerləşən Parlamenti gəzə bilər

Bu məntiq nəticəsində İkinci Dünya Müharibəsi boyu, geniş sığınacaq şəbəkəsi və yeraltı xəstəxanalar tikilib. Vitznau, Vallorbe və Sasso San Gottardo-da yerləşən məkanlara bunlara misal ola bilər. Hazırkı İsveçrə Silahlı Qüvvələrinə gəlincə isə, onları ölkənin hər yerində görmək mümkündür.

Lakin, müasir İsveçrə neytrallığı ilə rastlaşmaq həvəsiniz varsa, şansınızı əldən verməyin. İstənilən kəs Berndə yerləşən Parlament binasını (daxili siyasətə nəzər salmaq üçün), yarısı İsveçrə, yarısı Fransada yerləşən beynəlxalq tədqiqat mərkəzi CERN-i (siyasətin elmdə necə rol oynadığını görmək üçün) və Cenevrədə yerləşən Birləşmiş Millətlər ofislərini gəzə bilər. (Maraqlısı budur ki, İsveçrə BMT-yə yalnız 2002-ci ildə üzv olub. Ən maraqlısı isə ölkənin hələ də Avropa İttifaqına üzv olmamasıdır.)

Eləcə də, İsveçrəni gəzdikcə müxtəlif mədəniyyətlər, dillər və mətbəxlərdən ləzzət ala bilərsiniz.

O, risottonu dadmağı da sizə məsləhət görürəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/570925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR