9 AVQUST

9 AVQUST
09:33 9 Avqust 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

1942-ci il. Uolt Disneyin “Bembi” tammetrajlı cizgi filmi ilk dəfə ekrana çıxıb. “Bembi” Avstriya yazıçısı Feliks Zaltenin 1923-cü ildə çapdan çıxmış povesti əsasında çəkilib. Disney hələ 1936-cı ildə rəsmləri çəkməyə başlayıb, ancaq istehsalat çətinlikləri səbəbindən iş yalnız 1942-ci ildə başa çatdırılıb. Film üzərində iş zamanı dörd milyon rəsm hazırlanıb. Cizgi filminin premyerası 1942-ci ildə Londonda, 4 gündən sonra isə Nyu-Yorkda olub.

1919-cu il. Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan tam asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib. Razılaşma ölkədə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında xalq hərəkatını alovlandırıb. Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra əhalinin tələbi ilə ingilis hərbi birləşmələri də Təbrizdən çıxarılıb. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirmişdi.

1920-ci il. Bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini oradan vurub çıxarıb. Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa aldı. Lakin çox keçməmiş bu “xilaskarlıq” əks üzünü göstərdi və Zəngəzur Sovet Ermənistanına verildi.

1992-ci il. Azərbaycan Milli Ordusu Gədəbəy rayonunun Başkənd qəsəbəsinin erməni silahlı qüvvələrindən təmizləyiblər. Başkənd vaxtilə Azərbaycan ərazisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi. Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilib. Bu, Azərbaycan Ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi yadda qalıb.

1945-ci il. Dünya hərb tarixində ən dəhşətli silahın - insanların kütləvi məhvinə səbəb olan atom bombasının tətbiq edildiyi gündür. Saat 11:02-də ABŞ aviasiyası Yaponiyanın Naqasaki şəhərinə “Fat Man” adlı Plqtonium-239 tipli atom bombasını atıb. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak olub. Sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 mini keçib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/209221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR