Deputat: "13 yaşlı uşağın hədəfə alınması Ermənistanın cəzalandırılmamasının növbəti fəsadıdır"

Deputat: "13 yaşlı uşağın hədəfə alınması Ermənistanın cəzalandırılmamasının növbəti fəsadıdır"
17:47 9 Avqust 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov avqustun 7-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayonunun Qaralar kəndinin sakini - 13 yaşlı Ramil Yusibovun yaralanmasına münasibət bildirərəkən deyib.

Millət vəkili bildirib ki, Ermənistan tərəfinin dinc əhalini hədəfə alması artıq adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını pozurlar:

"Tovuz rayonunun Qaralar kəndi və sərhəddə yerləşən digər ərazilərdə yaşayan dinc sakinlər Ermənistan tərəfindən mütəmadi atəşə tutulur. Ermənilər bu hərəkətləri ilə gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışırlar. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə - Zəhra Quliyevanın öldürülməsi və bu hadisənin dünyada yaratdığı əks-sədadan ermənilər nəticə çıxarmayıblar. Bu təxribatların baş verməsinin əsas səbəbi isə Ermənistanın beynəlxalq səviyyədə həmin əməllərə görə cəzalandırılmamasıdır".

Deputat bildirib ki, 2 yaşlı Zəhranın öldürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi və Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi: "13 yaşlı Ramil Yusibovun yaralanması isə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verib. Bu fakt bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və torpaqlarımızın işğalı üzərində qurub. Çox təəssüf ki, bu cür əməllərinə görə ATƏT-in Minsk qrupu başda olmaqla, beynəlxalq səviyyədə Ermənistana yetərincə təziqlər olunmur. Onlar isə bu təxribatçı əməllərinə davam edirlər".

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/571304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR