Yük sığortası sığortanın ən qədim növlərindən biridir. Dünyada ilk sığorta şəhadətnaməsi məhz yükləri sığortalamaq məqsədilə yazılmışdır. Ona görə həmin dövrdə belə bir ifadə formalaşmışdı: "Qoy təhlükələrlə dolu dənizə çıxan hər bir tacir pullarının digər hissəsini qorumaq üçün bir hissəsini ayırsın!"
Bu gün də istər dəniz, istər quru, istər dəmiryolu, istərsə də hava yolu ilə həyata keçirilən yük daşımalarında onlarla müxtəlif risklərə rast gəlinir. Məsələn, yükün dağılması, əzilməsi, zədələnməsi və ya məhv olması kimi riskləri buna aid etmək olar. Risk olan yerdə isə daim sığorta var.
Bu sığorta növü ilə nələr sığortalanır?
Milli.Az fins.az-a istinadən bildirir ki, daşımanın həyata keçirildiyi ölkələrdə nəqliyyatın hər hansı növü ilə daşınan yüklərə dəyən itki və ziyanlar sığorta olunur.
Müştərilərin istəyi ilə daşıma ilə əlaqədar yol (nəqliyyat) xərcləri, gömrük rüsumları və daşınan malların satılmasından əldə olunması gözlənilən gəlir də bu sığorta növü ilə sığorta oluna bilər.
Sığorta təminatı yükün təhvil götürülməsi və nəqliyyat vasitəsinə yüklənilməsi ilə başlayır, daşıma (habelə yükləmə-boşaltma və müvəqqəti saxlanc üçün nəzərdə tutulan yerlərdə saxlanılması) dövrünü əhatə etməklə, sığorta müqaviləsində qeyd olunan son təyinat məntəqəsinə çatdırılması ilə sona çatır.
Bu sığorta növünü kimlər seçir?
Fiziki və hüquqi şəxslər, habelə yük daşıma ilə məşğul olan şirkətlər yüklərlə bağlı əmlak maraqlarını bu sığorta növü ilə sığorta etdirə bilərlər. Azərbaycanda yük sığortası könüllü sığorta növlərinə daxildir.
Ona görə də, demək olar ki, bütün sığorta şirkətləri yük sığortasını həyata keçirir. Sığorta haqqına gəldikdə isə, yük sığortası könüllü növə aid olduğu üçün burada vahid tarif tətbiq edilmir. Sığorta şirkəti müştərinin təklifləri üzrə yaranan risklərin dərəcəsinə uyğun olaraq sığorta haqqını müəyyən edir. Azadolma məbləği də tərəflərin razılaşması əsasında müəyyən edilir.
Milli.Az