Moskvada Müslüm Maqomayev haqqında sənədli filmin premyerası keçirilib

Moskvada Müslüm Maqomayev haqqında sənədli filmin premyerası keçirilib
18:32 12 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün Rusiyanın Birinci kanalında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Net solntsa bez tebya” (“Sənsiz günəş yoxdur”) adlı sənədli filmin premyerası keçirilib.
"Report" xəbər verir ki, “Media Konstruktor” şirkətinin istehsal etdiyi filmin rejissoru Aleksandr Tyapovdur.
Filmdə Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, qızı Marina Kozlovskaya, dostları – müğənnilər Robertino Loretti, Vladimir Vinokur, rejissor Oqtay Mirqasımov, həmçinin müğənni və bəstəkar Emin, xalq rəssamı Tahir Salahov, bəstəkar, xalq artisti Aleksandra Paxmutova, şair Nikolay Dobronravov, rejissor Eldar Quliyev və başqalarının onun haqqında xatirələri yer alıb.
Qeyd olunub ki, Müslüm Maqomayev Rusiyanı da Azərbaycan kimi eyni dərəcədə sevib. Onun ifasını İtaliyada alqışlarla qarşılayıblar. Müslüm Maqomayev Neopolitan mahnıları çox yüksək səviyyədə təqdim edib. O, sovet dövründə dövlət tədbirlərində çıxış etsə də, heç vaxt komsomol və partiya barədə mahnı oxumayıb. “Bremen musiqiçiləri” cizgi filmindəki ifasına görə isə qonorar almaqdan imtina edərək deyib: “Qonorarı işə görə alırlar, mən şənləndim və özüm sizə pul ödəmək istəyirəm”.
Vurğulanıb ki, Müslüm Maqomayevin ifaçılıq sənətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yüksək qiymətləndirib.
Sənədli filmdə Müslüm Maqomayevin ifa etdiyi mahnıların lent yazıları da yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/moskvada-muslum-maqomayev-haqqinda-senedli-filmin-premyerasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR