BFB: SOCAR istiqrazları qiymətli kağızlar bazarına marağı artırıb

BFB: SOCAR istiqrazları qiymətli kağızlar bazarına marağı artırıb
10:37 14 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 avqust. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə əməliyyatların belə aktiv olmasının əsas səbəbi adı çəkilən istiqrazların likvidliyi və şərtlərinin əlverişli olmasıdır.
“Report” “SOCAR Capital” MMC-yə istinadən xəbər verir ki, bunu BFB-nin Ticarət və Üzvlük Qrupu rəhbəri Rəxşəndə Əlili bildirib.
Xatırladaq ki, dövriyyəyə buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq SOCAR istiqrazları üzrə təkrar bazarda əməliyyatlarının həcmi 100 milyon dolları, yəni istiqraz emissiyasının öz həcmini üstələyib. Bu da Azərbaycanın qiymətli kağızlar bazarında dövriyyə həcminə və əməliyyatların intensivliyinə görə ilk belə haldır.
“İlk növbədə bu SOCAR istiqrazlarının likvidliyinin göstəricisidir. Hazırda yerli qiymətli kağızlar bazarında belə likvid alətlərin olması sevindirici haldır”, - deyə BFB təmsilçisi qeyd edib. Onun sözlərinə görə, SOCAR istiqrazlarına böyük marağın olacağı hələ istiqraz dövriyyəyə buraxılanda məlum olub: “SOCAR istiqrazlarının abunə yazılışı zamanı ümumi təklifdən təxminən 2 dəfə çox tələb yığılmışdı. Bu fakt özlüyündə SOCAR istiqrazları ilə təkrar bazar əməlyyatlarının aktiv olacağına işarə idi”.
BFB nümayəndəsi onu da bildirib ki, hazırda istiqrazlara olan tələb onların əlverişli şərtləri ilə yanaşı, SOCAR-a olan inamın da göstəricisidir: “Sözsüz ki, bazarda müşahidə olunan aktiv marağın və istiqrazlara olan tələbin əsasında emitentin fəaliyyəti, beynəlxalq reytinqi, maliyyə göstəriciləri və istiqrazların təklif etdiyi faiz dərəcəsi dayanır”.
Eyni zamanda, BFB tərəfindən SOCAR istiqrazları üzrə market-meykerin təyin edilməsi, SOCAR-ın da təkrar bazar əməliyyatları zamanı təminatçı olması istiqrazlarla alqı-satqı əməliyyatlarının həcminə və istiqrazın likvidliyinə əhəmiyyətli təsir edir.
R.Əlilinin sözlərinə görə, SOCAR istiqrazlarının buraxılması və onlarla əməliyyatların böyük aktivliyi Azərbaycan qiymətli kağızlar bazarı üçün böyük əhəmiyət daşıyır: «Belə ki, 2016-ci ilin son rübündə baş tutan bu emissiya “Qiymətli kağızlar bazarı haqqında” qanunun tələblərinə uyğun olaraq BFB-nin CETA ticarət platforması vasitəsilə aparılan ilk abunə yazılışı qaydasında kütləvi təklif olub. Emissiyanın (kütləvi təklifin) həcminin çox olması və istiqrazların bölüşdürülməsi zamanı SOCAR-ın fiziki şəxslərə üstünlük verməsi nəticədə insanlarda ümumilikdə qiymətli kağızlara və xüsusilə SOCAR istiqrazlarına marağı daha da artırdı”.
BFB təmsilçisi bildirir ki, mözcud maliyyə bazarlarında xarici valyutada təklif edilən faiz dərəcəsi baxımından SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya aləti kimi hesab edilir və bu da investor bazasının genişlənməsinə öz müsbət təsirini göstərir.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bfb-socar-istiqrazlari-qiymetli-kagizlar-bazarina-maragi-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR