"Piylənmədən əziyyət çəkən uşaqların sayı artır"

Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı artmaqdadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 712 uşaq piylənmədən əziyyət çəkib. Piylənmə aşkar edilən qızların 72.3 faizi 0-13 yaş, 26.8 faizi isə 14-17 yaş arasında dəyişir. Oğlanların isə 57.4 faizi 0-13 yaş, 32.2 faizi 14-17 yaş aralığında olub.

Mövzu ilə əlaqədar pediatr Gülnaz Sarıyeva Metbuat.az-a açıqlamasında deyib: “Piylənmə həddindən artıq və yanlış qidalanma nəticəsində orqanizmdə normadan çox miqdarda yağın depolanması ilə ortaya çıxır. Fiziki və psixi problemlərə yol açır, yaşam müddətini, keyfiyyətini azaldır, hətta erkən ölümə də səbəb ola bilər. Bir çox valideynlər hələ də kök uşaqların sağlam olduğunu düşünürlər. Piylənmənin varlığı və dərəcəsi uşağın yaşına, boyuna və kilosuna görə müəyyən edilir. Yəni, bədən kütlə indeksi böyüklərdən fərqli olaraq hər yaşa və cinsə görə, fərqlilik göstərir. Uşaqlıq dönəmindəki piylənmə pediatrik hipertenziya, şəkərli diabet tip 2, ürək-qan damar sistemi xəstəliklərinə səbəb olmaqla yanaşı, uşağın özünə əminlik hissinin, sosial münasibətlərin formalaşmasına da mənfi təsir göstərir”.

Uşaqlarda piylənməni yaradan səbəblər nələrdir?

Həkimin sözlərinə görə, genetik meyillilik, yaş, cinsiyyət, irq, ailənin sosial vəziyyəti, qidalanma vərdişləri, azalmış fiziki aktivlik və psixoloji faktorlar mühüm rol oynayır. Valideynlərin kök olması uşaqlarda piylənmə riskini artırır. Genetik meyilliliklə yanaşı, ana və atanın yemə davranışı, idman edib-etməməsi, uşağın ailəni nümunə alaraq vərdişlərinin formalaşmasına təsir edir. Ana südü ilə az və yetərsiz qidalanma, südəmər dönəmində hazır süni qidalara üstünlük vermək, vaxtından əvvəl əlavə qidalara keçmək kimi şərtlər də uşağın gələcəkdə piylənmədən əziyyət çəkməsinə gətirib çıxara bilər.

Həkim əlavə edib ki, fiziki aktivliyin azalması piylənməni sürətləndirən ən önəmli səbələrdəndir. Belə ki, şəhərtipli yaşayışa üstünlük verilmə, bina evində yaşama, oyun məkanları, parkların yetərsizliyi, məktəblərdə artan dərs yükü, çalışmalar, testlərə hazırlanma, evdə boş vaxtlarda televizora baxma, kompüter oyunlarından istifadə edilməsi uşaqların hərəkətini məhdudlaşdıran faktorlardır.

Texnikanın inkişafı, bir çox fəaliyyətlərin avtomatlaşdırılması, televizor reklamları, fastfood qidalar, enerjili, kalorili yeməklərə qarşı yemə arzusu piylənmənin səbəbləri arasındadır. Həmçinin, stress,ruh düşkünlüyü, uşaqlarda piylənməyə səbəb ola bilər.

Pediatr Gülnaz Sarıyeva deyib ki, uşaqlarımızın yetərli və düzgün qidalanma ilə müntəzəm fiziki aktivlik vərdişlərini qazanması çox vacibdir. Bu onların sağlam böyüməsində və formalaşmasında önəmli rola sahibdir.

Aysel Yaqubqızı / Metbuat.az

Qaraciyəri təmizləyir, arıqladır... - XALQ TƏBABƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR