Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"

Bakıdan 10 min kilometr aralıda yaşayan azərbaycanlılar: "Təki narkotikdən, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq"
17:19 16 Avqust 2017
178 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“O dövrlər, vəhşi 90-lar geridə aldı. İndi, şükür Allaha, kriminal yox, bazar müharibələri yox, hamı başını aşağı salıb çörəyini qazanır”.

Bunu Rasim Kazımov deyir. Uzaq Vladivostokda Azərbaycan diasporunun qurucularından biri.

 

Rasim bəy hüquqşünasdır. Yerli universitetdə dərs deyir.

 

- Bura gələn, diasporaya müraciət edən hər kəsə deyirik; Rusiya federasiyasının qanunvericiliyinə, yerli dilə, adət-ənənəyə hörmət edin, narkotikdən uzaq durun, onda bütün işlərinizdə uğur qazanacaqsınız. 

 

 

“Zaffarano” yerli diasporun yığışdığı koloritli bir restorandır. Azərbaycanlıların ölkələriylə bağlı bütün tədbirləri burada keçirilər. Bu restoran həm də azərbaycanlıların yığışdığı, dərdləşdiyi məkandır.

 

 

Ümumiyyətlə, mərkəzi şəhəri Vladivostok olan Primorye diyarında 15 minə yaxın azərbaycanlı yaşayır. Hamının lider kimi qəbul etdiyi Mərdan Novruzov yerli diasporun rəhbəridir.

 

“Vətəndən 10 min kilometrdən çox uzaqlıda yaşayırıq. Buradakı azərbaycanlıların əksəriyyəti xırda və orta bizneslə, tikintiylə məşğuldurlar. Adi məişət problemlərindən tutmuş irili-xırdalı bütün problemlərimizi bir yerdə həll edirik. İraq olsun, vəfat edən olsa, hamı bir nəfər kimi yığışıb meyitin vətənə göndərilməsindən tutmuş yas mərasimlərinə kimi bir yerdə yola veririk”,  deyir Mərdan Novruzov.

 

Diaspora sədri onu da deyir ki, artıq Vladivostokda məskunlaşmış azərbaycanlıların uşaqları tədricən ticarətdən çox, başqa sahələrə üz tutmaqdadırlar. Məsələn, hərbçi olmaq istəyənləri də var, hüquqşünas olmaq istəyənləri də. Tibb fakültəsində təhsil alanlarımız da var. Və bütün bunlar çox sevindiricidir.

Rasim müəllim deyir ki, bir müddət əvvəl 5 nəfər azərbaycanlı gənci AMOR-un Moskvada keçirilən forumuna yollayıblar. Mədinə Səmədova, Milana Novruzova, Elnarə Sultanova, Sara Əmrahova, və Leyla Əliyeva bizim diasporumuzu Moskvada uğurla təmsil etdilər. “Biz AMOR-un yerli regional şöbəsini belə yaratmışıq. Gənclərin diaspordakı fəaliyyəti sevindiricidir. Uzaq şərq Federal Dövlət Universitetində xeyli azərbaycanlı təhsil alır. Keçən il universitetdə azərbaycanlı tələbələr xalqımızın mədəniyyəti incəsənəti ilə bağlı böyük bir tədbir keçirdilər. Milli geyimlərimiz, rəqs və mahnılarımızla çıxış etdilər. Yerli sakinlərin və universitet rəhbərliyinin yaxşı mənada təəccübləndirdilər”.

 

Mərdan Novruzov deyir ki, Azərbaycan diasporu öz aktivliyi və nüfuzuyla Primorye diyarında adla deyilir.

 

“Yerli administrasiyanın elə bir tədbiri olmur ki, bizi dəvət etməsinlər. Məsələn, Vladivostokda keçirilən Şərq İqtisadi Forumuna dəvət edildik və aktiv iştirak etdik. Primorye diyarı xalqlarının Assambleyasınıda yüksək səviyyədə təmsil edilmişik. Yerli administrasiya da bizim tədbirlərin fəal iştirakçısıdır. Bayram günlərimizdə, Xocalı və 20 yanvarla bağlı keçirdiyimiz bütün tədbirlərə dəvət alırlar və həvəslə iştirak edirlər. Bilirsiniz, Primorye çoxmillətli diyarıdır. Çalışırıq yerli diasporda da əlaqələri yüksək səviyyədə saxlayaq. Əslində yerli administrasiayanın belə bir şüarı var. “Biz bir yerdə güclüyük.  Çalışırıq biz də Azərbaycan diasporası olaraq bu gücə öz gücümüzü qataq”.

 

Rasim Kazımov deyir ki, Vladivostokdakı azərbaycanlılar arısında həmrəylik yüksək səviyyədədir.  

“Biz həmyerlilərimizin hüquqlarını qorumağa hazırıq. Daim bizə müraciət edənlərə də elə beləcə deyirik. Təki narkotikadan, ağır cinayətlərdən uzaq olun, yanınızdayıq. Və həmişə də yanlarındayıq”.

***

 

Burası Uzaq Şərq. Burada böyük bir cəmiyyətimiz var. Və bu cəmiyyətin ətrafında birləşən minlərlə azərbaycanlı.  Ən gözəli odur ki, Rusiyanın müxtəlif regionlarında bir-birinin qənim kəsilmiş diaspora qurumlarından fərqli olaraq burada bir həmrəylik var. Elə əsas da budur… 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR