Maqomayevin Moskvadakı heykəlinin müəllifi: "Müslüm həyata parlaq emosional münasibəti olan adam idi"

Maqomayevin Moskvadakı heykəlinin müəllifi: "Müslüm həyata parlaq emosional münasibəti olan adam idi"
10:42 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Moskva. 17 avqust. REPORT.AZ/ Rusiyanın xalq rəssamı, heykəltəraş, Azərbaycanın və Rusiyanın tanınmış müğənnisi Müslüm Maqomayevin abidəsinin müəllifi Aleksandr Rukavişnikovun "Report" agentliyinə eksklüziv müsahibəsi:
- Bu gün Müslüm Maqomayevin 75 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Siz onu necə xatırlayırsınız və Moskvada Leontiyev küçəsindəki o məşhur abidədə duyğularınızı ifadə edə bilmisinizmi?
- Maqomayev ifa edən zaman mən yeniyetmə idim, buna görə də demək olar, bütün ömrüm boyu onun yaradıcılığını izləmək imkanım olub. O, həmişə klassik üslubda ifa edən müğənnilərdən fərqlənib. O, səmimiyyəti ilə məni heyran edirdi. Koloratur sopranonun qalibi olan nənəm Moskvada təhsil alıb Milanda təcrübə keçmişdi. O, Müslümü həmişə fərqləndirər və yaradıcılığını sevərdi.
Belə məşhur şəxs üçün abidə düzəltmək təklifi alan zaman dərhal, ilk duyduğun, konseptual hissi yaratmaq istəyirsən. Maqomayevin abidəsinin düzəldilməsinə başlayan zaman öz-özümə verdiyim ilk sual belə oldu: "Bu adam sənin üçün kim olub?" Cavabım təxminən belə olmuşdu: "Həyata və yaradıcılığa parlaq emosional münasibəti olan adamdır". Abidəni məhz bu formada hazırlamışam.
- Abidə üzərində iş nə qədər vaxt apardı. Hər hansı çətinlik oldumu?
- Abidə üzərində işləmək ciddi, məsuliyyətli işdir. Nəzərdə tutulan abidənin olacağı yerə dəfələrlə gedib-gəldim. Məkanına görə heykəl yaxşı dayanıb: hündürlüyü, enerji axıcılığı, bir sözlə, hamısı yerindədir. Amma məni razı salmayan nüanslar da var. Sadəcə, bunlar elə də faciəvi şeylər deyil.
Heykəlin hazırlanması üzərində iş beş ay çəkdi. Buna qədər isə eskizlər üzərində işləmişdim. Sonda abidə əvvəlcədən zənn etdiyim kimi alınmadı. Müəllif də subyektiv ola bilər: bu işdə öz fikirlərim var idi. Məsələn, abidənin ilkin modelində postamentdə əlində bürüncdən içərisində güllər olan səbət gətirən iki balaca qız nəzərdə tutmuşdum. Məncə, belə şeylər abidəyə əlavə rəng qatır, ona qarşı istilik yaradır. Bu səbəbdən bu ideyamın qorunub saxlanmadığına görə təəssüflənirəm.
- Müsahibələrinizin birində abidə üzərindəki işinizə daim müdaxilə olduğunu, bunun da ümumi prosesə mane olduğunu söyləmisiniz. O vaxt söhbət Tamara Sinyavskayadan gedirdi. Ümumi dil tapa bildinizmi? İşinizə başqa hansısa dolayı təsirlər göstərilibmi?
- Tamaranı çox istəyirəm, heykəl üzərindəki iş zamanı demək olar, dostlaşdıq. Amma mən heç vaxt onun peşəsi, yaradıcılığı ilə bağlı ona məsləhət vermərəm. Burada ikili vəziyyət yaranır. Heykəl əsrlərlə qalır və ona görə də onun "Hamburq hesabı" ilə yaradılmasını istəyirsən. Digər tərəfdən, qohumlar və dostlar da istək və fikirlərini bildirmək hüququna malikdir.
Bu heykəl üzərində iş zamanı Araz Ağalarov ilə tanış oldum, yeri gəlmişkən, intelligent adamdır. Biz memarlarla abidənin əsrin əvvəllərindəki "modern" üslubunda olmasını təsəvvür edirdik. Amma o, abidənin daha müasir olmasının zəruriliyini vurğuladı. Nəticədə tünd boz qranitdən silindr şəklində bir postament alındı.
İş vaxtı Maqomayev vurğunları da yanıma gəlirdi. Onlar da abidənin ərsəyə gəlməsinə kömək göstəriblər. Məsələn, təsəvvür edin, kifayət qədər hörmətli 6 qadın bir-birindən xəbərsiz yanıma gəlib və dayanmadan ağlayıb. Onların telefonlarında Maqomayevin şəkilləri, mahnıları, Müslüm haqqında qeydlər toplanmışdı. Bu, əsl insani emosiyalar idi və bu emosiyalar xalqın müğənni və şəxsiyyət kimi Maqomayevə necə münasibət göstərdiyini göstərir.
- Dəfələrlə Bakıda, Müslüm Maqomayevin vətənində olduğunuzu bilirik. Şəhər necədi, xoşunuza gəlirmi? Bəlkə də işiniz üçün ilhamı ordan almısınız...
- Son dəfə Bakıda 5-6 il əvvəl, yaxın dostum, görkəmli rəssam Tahir Salahovun yubileyində olmuşam. Əvvəllər də Bakıda olmuşam, ona görə də müasir şəhərlə Sovet dövründəkini müqayisə edə bilərəm. Bakı çox dəyişib: daha gözəl, isti, heyranedici olub. Şəhər arxitekturası özünəməxsusdur və tam yerinə görədir. Şəhərdə modern üslubun çox yayıldığını gördüm, bu dəsti-xətt həmişə məni valeh edib. Abidələrdən yalnız Orexovun işi olan Puşkinin heykəlini xatırlayıram. Şübhəsiz ki, Bakıda ilham almaq üçün çox şey var.
- Azərbaycanlı heykəltəraşlarla tanışlığınız varmı? Kimisə fərqləndirə bilərsinizmi?
- Köhnə dostum Tofiq Hüseynov var. Yeri gəlmişkən, o, Müslüm Maqomayevin məzarındakı abidənin müəllifidir. İstedadlı adamdır. O, bir dəfə emalatxanada Heydər Əliyevin büstünü yonurdu. Maraqlı görüş alınmışdı.
Həmçinin Surikov adına Moskva Rəssamlıq İnstitutunda dərs dediyim Zaur Rzayevi və Aydın Zeynalovu qeyd edə bilərəm.
- Heydər Əliyevin büstü ilə bağlı işə toxundunuz. Bəs, onun özü ilə şəxsi tanışlığınız olubmu?
- Məhz elə o vaxt biz tanış olduq. İş ondadır ki, Tofiq Hüseynov Heydər Əliyevin büstünü naturadan yonurdu. Heydər Əliyev məndə çox xoş təsir oyatdı: hərtərəfli və bilikli insan idi. Nədən danışsaq, məsələn, İtaliyada intibah dövründən, o, öz fikrini bildirirdi. Onun biliyinin və baxışlarının genişliyi məni heyran etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/maqomayevin-moskvadaki-heykelinin-muellifi-muslum-heyata-parlaq-emosional-munasibeti-olan-adam-id

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR