Müqəddəs cizgi: şanlı yolun tarixçəsi

Müqəddəs cizgi: şanlı yolun tarixçəsi
12:04 17 Avqust 2017
143 Digər
Ölkə mətbuatı
A- A+

Sərhəd anlayışı dövlət məfhumu ortaya çıxan zamandan mövcuddur. Azərbaycan qədim dövlətçilik ənənəsinə malik olduğundan tarixin hər bir kəsimində dövlətlərimiz, sərhədlərimiz mövcud olub deməyə haqqımız çatır. Ancaq zaman-zaman ərazilərimizə göz dikən xain qonşular, azğın düşmənlər də olub. Hər zaman dövlətlərimizin sərhədlərini qorumağa ehtiyac duymuşuq və bu gün də belədir. Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi ötən əsrin əvvəllərindən, Xalq Cümhuriyyəti dövründən başlanır. 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlamışdı. Həmin il avqustun 18-də Nazirlər Kabineti müvafiq qanun qəbul etdikdən sonra Azərbaycan sərhədlərinin mühafizəsinin təşkili üçün bu yöndə müəyyən tədbirlər görülmüşdü. Sovet dövründə isə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərirdi.

 

Müstəqilliyinə yenidən qovuşan Azərbaycan Respublikası milli dövlət quruculuğunun bərpası işləri çərçivəsində özünün əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının yaradılması prosesinə başladı. 1991-ci ilin dekabr ayının 9-da "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul edildi. Həmin ilin dekabrın 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsinin (DSMK) yaradılması sərhədlərimizin qorunması üçün vacib addım idi.

 

Lakin müstəqillik illərində milli dövlət quruculuğu və Silahlı Qüvvələrin müasir səviyyədə qurularaq gücləndirilməsi prosesinə bilavasitə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyev, digər sahələrdəki kimi, bu istiqamətdə də müstəsna uğurlara imza atdı. Ulu Öndər qısa müddətdə Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində qəti addımlar atdı, milli sərhəd siyasətinin əsasını qoydu, strategiya müəyyənləşdirdi.

 

Dövlət sərhədlərilə bağlı infrastrukturun bərpası, sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. Bu sahədə maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla aparıldı. Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də, rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və siyasi hazırlığının yüksəldilməsi ilə yanaşı, sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi.

 

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi internat məktəbi Sərhəd Qoşunlarının ixtisaslı kadrlarla təmini işinə öz böyük töhfəsini verdi. 1998-ci ilin dekabrın 1-də Ümummilli Liderin yenilməz rəhbər iradəsi sayəsində Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının yaradılması, ardınca Sərhəd Qoşunlarının tərkibində Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kurslarının təşkili son dərəcə önəmli addımlar kimi tarixə keçdi. 

 

2000-ci il avqustun 16-da Ulu Öndərin son dərəcə vacib, böyük siyasi və mənəvi önəm daşıyan qərarı ilə hər il avqustun 18-i respublikamızda Sərhədçilərin Peşə Bayramı Günü kimi qeyd olunmağa başladı.

 

Təəssüflər olsun ki, o dövrdə Sərhəd Qoşunları komandanlığının fəaliyyətində bir ara müəyyən neqativ hallar özünü göstərmiş, məsuliyyətini tam dərk etməmək və arxayınçılıq tendensiyası üzündən bəzi nöqsanlar ortaya çıxmışdı. Dahi dövlət rəhbəri olan Ümummilli Liderimiz bununla əlaqədar dərhal qətiyyətli tədbirlər gördü, qüsurların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul etdi. Nəticədə, konkret olaraq Sərhəd Qoşunlarının komandanlığında mühüm kadr dəyişikliyi, daha sonra ümumən bu qurumun strukturunda ciddi yenilənmələr oldu. 2002-ci il iyulun 31-də  Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Beləliklə,  Dövlət Sərhəd Xidmətinin formalaşdırılması, ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi, Azərbaycan sərhədçilərinin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması təmin edildi. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı. 
2002-ci il oktyabrın 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu. Eyni zamanda, sərhədlərimizin havadan mühafizəsinin təşkili, baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasından uğurla istifadəyə keçildi. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini də yüksək səviyyədə davam etdirərək, sərhədçilərimizi də özünün daimi rəhbər diqqəti və dövlət qayğısı ilə əhatə etdi. 


Naxçıvan sərhəd dəstəsinin bazasında Sərhəd Diviziyası və ardınca sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsi  yaradıldı. Bununla da DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli gücləndirildi, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı. 
 

Ümumən ölkəmizdə, o cümlədən Sərhəd Xidmətindəki davamlı yüksəliş, güclü inkişaf 2005-ci il dekabrın 27-də "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsilə də öz məntiqi nəticəsini verdi. 

 

Prezident İlham Əliyevin 2007-ci il iyunun 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə imzaladığı sərəncam vətənimizin sərhədlərinin qorunması, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından olduqca mühüm rol oynadı. 2008-ci il noyabrın 27-də sözügedən Akademiyanın yeni səhra təlim mərkəzi istifadəyə verildi. Nəticədə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün yüksək şərait yaradıldı. Daha sonra "Sərhədçi" idman olimpiya mərkəzinin, Göytəpə Sərhəd Dəstəsi qarnizonunun, DSX Akademiyası kompleksinin, Sahil Mühafizə bazasının və dəniz limanının, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksinin, Biləsuvar, Xudat, Samur və Balakən sərhəd buraxılış məntəqələrinin, inşası və əsaslı təmiri işi uğurla aparıldı. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli gəmilər verildi, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, xüsusi müdafiə vasitələri alındı ki, bu da xidmətin səviyyəsinin yüksəlməsinə son dərəcə müsbət təsir göstərdi. Nəticə etibarilə, "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırıldı. 
Sonrakı mərhələdə də bu istiqamətdə davamlı olaraq səmərəli işlər görüldü: Dövlət Sərhəd Xidmətinin ştat-strukturu təkmilləşdirildi, "Şıxlı", "Astara" kimi dövlət sərhəd məntəqələrində, Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün yeni yaşayış binaları salındı. Mərdəkan qəsəbəsində yerləşən, Oğlanlar üçün Açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək Dövlət Sərhəd Xidmətinin bazasına verilməsi, DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələrinin DSX Sahil Mühafizəsinin tabeliyinə keçirilməsi və tam peşəkar heyətlə komplektləşdirilməsi bu silsilədən olan çox önəmli işlərdir. Eləcə də DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələrinin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanlarımızın əhəmiyyətli dərəcədə artırılması, Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılması, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkil edilməsi sərhəd mühafizəsi sahəsindəki fəaliyyətin parlaq səhifələrindəndir. 
Fəaliyyəti dönəmində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilməsi, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiq edilməsi, Xidmətin Aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılması müasir standartlara uyğunlaşdırılma yönündəki misilsiz nailiyyətlərdir. Bundan əlavə, Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Həmçinin, dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün şəxsi heyət müasir texniki avadanlıq ilə təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub. Xidmətdə beynəlxalq əməkdaşlıq, dünya dövlətlərinin sərhəd qurumları ilə qarşılıqlı faydalılıq əsasında münasibətlərin qurulması məsələləri diqqət mərkəzində saxlanılır. NATO, Avropa İttifaqı, ATƏT-lə, bir çox ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq daimi müntəzəm inkişaf etdirilir. Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran və başqa dövlətlərin sərhəd xidmətləri ilə vaxtaşırı məsləhətləşmələr aparılır, davamlı məlumat mübadiləsi həyata keçirilir.  NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulma nəticəsində Azərbaycanda müasir sərhəd infrastrukturunun formalaşdırılması baxımından qabaqcıl təcrübənin öyrənilməsi və inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaranıb. Bütün bunlar Xidmətin beynəlxalq əlaqələrinin yüksək səviyyədə olmasının bariz göstəriciləridir.


Atılan addımları müşahidə etdikcə əmin oluruq ki, Dövlət Sərhəd Xidməti gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məsələsinə də xüsusi önəm verir. Təhsil, Gənclər və İdman nazirlikləri ilə hazırlanmış birgə plan əsasında müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Bu məqsədlə, sərhəd məntəqələrinə ekskursiyalar, DSX Aparatında tələbələrlə görüşlər, "Sərhəd" hərbi-idman oyunları, müxtəlif mövzularda təsviri və tətbiqi incəsənət, musiqi və ədəbiyyat müsabiqələrinin təşkili, "Sərhədçi" jurnalının xüsusi buraxılışlarının, Xidmətin fəaliyyətini əks etdirən kitabların nəşri bunlara nümunədir. DSX-nin Mərkəzi Aparatında fəaliyyət göstərən Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə mütəmadi olaraq gənclərin ekskursiyalarının təşkili, gənclərin Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda böyüməsində sərhədçi qəhrəmanların şücaətinin təbliği, onların xidməti-döyüş yolu barədəki söhbətlər də bu istiqamətdə səmərəli tədbirlərdir. 
 

Qürur duymalıyıq ki, bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Dövlətçiliyə, xalqa, Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla, fədakarlıqla qorumağa çalışır.

 

Dövlət Sərhəd Xidmətinin Akademiyası sürətlə inkişaf edərək qabaqcıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində sözügedən Akademiyada Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına sədaqəti, eləcə də savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, hərbi qulluqçuların peşəkarlığının artırılması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial, ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.

 

Qeyd edilənlərdən və bir məqalədə əks etdirmək mümkün olmayan bütün digər göstəricilərdən aydın olur ki, sərhədçilərimiz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə nümunəvi xidmətdədirlər. DSX-nın şəxsi heyəti Azərbaycan sərhədçisi adını həmişə uca tutur və daima Azərbaycan sərhədçisinə göstərilən etimadı doğrultmağa can atır.

 

Əfsuslar olsun ki, son zamanlar Dövlət Sərhəd Xidmətinin nüfuzuna xələl gətirilməsi, Xidmət Komandanlığının xalqın və dövlət rəhbərliyinin nəzərindən etibarının zədələnməsinə yönəlik çirkin cəhdlər müşahidə olunmaqdadır. Zahirən DSX-ya yönəlmiş kimi görünən bu mənfur cəhdlərin əslində dövlətimizi və dövlətçiliyimizi, sərhədlərimizin toxunulmazlığını və ərazi bütövlüyümüzü, xalqla Silahlı Qüvvələr arasındakı mənəvi bağlılığı hədəfə aldığı da aydındır. Prezident İlham Əliyevin  tamamilə düzgün və haqlı olaraq dəfələrlə vurğuladığı kimi, bütün bunlar Azərbaycanımızı istəməyən xarici dairələrin qara niyyət və əməllərinin təzahürləridir. Regionda və dünyada söz sahibi kimi nüfuz qazanmış dövlətimizin inkişafını həzm edə bilməyən, gözü götürməyən bədnam qüvvələrin fitnə-fəsadlarıdır. Onlar Azərbaycan dövlətinin müstəqil siyasət yürüdərək daha da güclənməsini bu cür murdar üsullarla əngəlləməyə çalışırlar. Acınacaqlı haldır ki, yaxın və uzaq xaricdəki bədxahlarımızın çirkin planlarına bəzi hallarda daxildəki xəbis şəxslər və qruplar da alət olurlar. Burada söhbət Azərbaycanın azadlığından, müstəqil dövlətçiliyimizin taleyindən, ərazi bütövlüyümüzdən gedir. Ona görə də xarici dairələrə qarşı təsirli mübarizə öz yerində, daxildəki rəzil şəxslərin, fitnəkar qrupların dağıdıcı, təxribatçı  meyl və hərəkətlərinin də qarşısı qətiyyətlə alınmalıdır. Odur ki, hamılıqla ayıq-sayıq olmalı, bədniyyətlərin uğursuzluğa məhkum cəhdlərinin daha tez ifşa və dəf edilməsi üçün dövlətimizin rəhbərliyinə fəal şəkildə dəstək verməliyik.

 

Təbii ki, ölkənin hər sahəsində olduğu kimi, Dövlət Sərhəd Xidmətinin də inkişafı, güclənməsi davamlı prosesdir. Odur ki, DSX onun üçün müəyyənləşdirilən, dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan yeni və mühüm vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün davamlı qaydada, daha ciddi səylər göstərəcəyini əminliklə vurğulamaq olar. Bu baxımdan, Silahlı Qvvələrimiz, həmçinin DSX qarşısında duran ən mühüm vəzifə isə, heç şübhəsiz, torpaqlarımızın işğaldan azad edilməsi, üçrəngli dövlət bayrağımızın düşmən əsarətindən qurtulacaq şəhər və kəndlərimizdə dalğalanması, sərhədlərimizin bütünlüklə mühafizə altına götürülməsidir. Əminik ki, DSX bu yöndə də öz əzm və fədakarlığını tam mənada ortaya qoyacaq, bu taleyüklü vəzifənin də öhdəsindən layiqincə gələcək.

 

Emin HƏSƏNLİ

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR