Ramil Quliyev ona yönələn ittihamlardan danışdı: "Eşitmişəm "fərari" deyirlər" - MÜSAHİBƏ

Ramil Quliyev ona yönələn ittihamlardan danışdı: "Eşitmişəm "fərari" deyirlər"  - MÜSAHİBƏ
21:44 17 Avqust 2017
226 Digər
Ölkə mətbuatı
A- A+

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının tərkibində 200 metr məsafəyə qaçışda qızıl medal qazanan  Ramil Quliyevin APA-ya müsahibəsi

 

- Nobel mükafatı laureatı William Faulkner deyir ki, Faulkner olmağın resepti - 99% istedad, 99% nizam-intizam, 99% çalışmaqdan ibarətdir. Dünya çempionu Ramil Quliyev olmağın resepti nədir?

 

- Bizim reseptimiz - lap çox çalışmaqdır. Nə qədər çox çalışsaq, o qədər yaxşıdır. Zədələnmək və xəstəlik olmasın. Bunlara əlavə olaraq - əlbəttə ki, istedad.

 

- Bir də nizam-intizam, eləmi?              

 

- Mən deyərdim ki, nizam-intizam insanın özünün daxilindən gələn şeydir. Əgər insan məsuliyyətsiz və intizamsızdırsa, ona bu keyfiyyətləri aşılamaq çətindir. Bir çox istedadlı idmançı var ki, öz istedadlarının bəhrəsini görə bilmir. Çünki onlarda məhz nizam-intizam çatışmır. Nizam-intizam elə bir şeydir ki, bir insanda ya var, ya da yoxdur. Nizam-intizamlı olmayan idmançını qaydalara tabe etmək də çətindir.

 

- Londondan qayıdanda məşqçiniz Oleq Muxin demişdi ki, bizim üçün taktika çox önəmlidir. Hər yarış üçün fərqli taktika hazırlayırsınızmı?

 

- Əlbəttə, hər yarış və hətta hər qaçış üçün fərqli taktika müəyyənləşdiririk. Londonda rəqiblərin hamısının qaçışlarını ayrı-ayrı analiz edirdik. Əminəm ki, onlar da bizimlə bağlı eyni şeyi edirdilər. Çünki atletizm yarışlarında 1/10, 1/100 vaxtdan söhbət getmir, 1/1000-dən söhbət gedir. Məndən sonra ikinci və üçüncü gələnlər  1/1000-lə məğlub oldular. Hamı öz rəqiblərini analiz edir, çünki ən xırda səhv - medala başa gələ bilir.

 

-Siz taktiki səhvi nəzərdə tutursunuzmu?

 

- Əlbəttə. Taktika, güc, psixoloji təzyiq - hər şey var. Hər şey çox mürəkkəbdir. Söhbət dünyanın ən güclü idmançılarından gedir. Onlarla  yarışa bilmək üçün  hər şeyi maksimum dərəcədə dəqiq hesablamaq lazımdır.

 

- Usain Bolt öz karyerasını bir az qəmli bitirərkən siz nə düşündünüz? Özünüzü onun yerində görmə ehtimalı sizi qorxutmadı ki?

 

- Düzünü deyim ki, Usain Bolt öz karyerasını yaxşı başa vurmadı. Yaxşı olardı ki, Bolt  səhnədən uduzaraq yox, qalib gələrək  çəkilsin. Həmişə qalib gəlmiş bir idmançının uduzaraq vidalaşması pisdir. Mən onun qalib gələ biləcəyinə əmin idim, ancaq uduzmasının səbəblərini bilmirəm. Bəlkə onun problemləri vardı, bəlkə xəstəydi? Mən bu barədə onunla danışmamışam. Bütün hallarda onu belə müşahidə eləmək kədərli idi.

 

-Hazırda biz “Fenerbahçe” klubunun təlim-məşq bazasındayıq. Qalib gəldiyiniz anda “Yaxşı ki, “Fenerbahçe” klubunun idmançısıyam”- dedinizmi? Çünki sizin qələbənizdən sonra klubun başqanı Aziz  Yıldırım canlı yayımda ağladı.

 

- Bəli, bəli, mən gördüm. Hər şeydən əvvəl, Türkiyəyə, klubuma, başqanıma, idman nazirinə, Atletizim Federasiyası başqanına və ölkə prezidentinə təşəkkür edirəm. Onlar mənə öz istedad və imkanlarımı həyata keçirməyə imkan yaratdılar. Təkcə istedad heç nəyi həll etmir, istedadı inkişaf etdirmək lazımdır. Gördüyünüz kimi, mənim öz  istedadımı dünya arenasında sübut etmək  üçün burada hər cür şəraiti yaradıblar. Artıq mən 3 dəfə dünya çempionatlarının finallarında iştirak etmişəm, Olimpiya oyunlarının finalına qatılmışam, Avropa çempionatının finalında olmuşam, dünya çempionuyam. Bu, mənə göstərilən diqqətin nəticəsidir. Özümə məxsus olan rekordlarım var. Həyatda öz istedadımın imkanlarını həyata keçirmək üçün mənə şərait yaradıldığına inanıram.

 

- Qələbənizin ertəsi günü səhər Azərbaycan prezidenti sizi  təbrik edərək “Siz bizim fəxrimizsiniz”- dedi. O vaxt nə hiss etdiniz?

 

- Cənab prezidentin məni təbrik etməsinə çox şadam. Bu, mənə göstərilən böyük diqqətdir. Prezidentdən, insanlardan, xalqdan böyük dəstək gördüm. Çox yaxşı şərhlər yazıldı, hələ də yazılır. Buna çox məmnunam. İnsanları sevindirmək mənim üçün çox xoş oldu. İdmançıya dəstək vermək çox önəmlidir, əks təqdirdə onun çəkdiyi zəhmətin mənası  olmaz. İdmançıya verilən dəstək cəmiyyətin əhval-ruhiyyəsini də yüksəldir. İdman - sağlamlıqdır, tərbiyədir, düzgün mühakimə yürütməkdir. İdmana əhəmiyyət verəndə təlim-tərbiyə də düzgün yolda davam edir. İdmanla məşğul olmayan insanlar həyatda daima tənbəl olurlar. Bu isə bəşəriyyətin itkisi deməkdir. Sağlam bədəndə sağlam ruh olur.

 

- Faulkner gənclərə məsləhət görür ki, uğurun  dalınca qaçmasınlar, öz işləri ilə məşğul olsunlar. Uğurun dalınca nə qədər çox qaçsalar, uğur onları əzəcək. Siz gənclərə nə məsləhət görərdiniz?

 

- Uğur, hər şeydən əvvəl, sevdiyin işlə məşğul olanda qazanılır. Sənə zövq verən işlərlə məşğul olmaq lazımdır. Sevdiyin işlə yorulub-usanmadan məşğul olsan, gec-tez uğur qazanacaqsan. Bir işlə uzun müddət məşğul olmaq üçün o işi sevmək lazımdır.

 

-O, eyni zamanda əlavə edir ki, yazmaq üçün mənə pul yox, kağız və qələm lazımdır. Qaçmaq üçün sizə nə lazımdır?

 

- Və  zövq almaq... Dünya arenasında qaça bilmək üçün lazımi şəraiti yaratmaq lazımdır. Söhbət peşəkarlıqdan gedirsə, işi sevmək və onu reallaşdırmaq üçün şərait yaratmaq lazımdır. Onda uğur qazanılacaq.

 

- Azərbaycanda ölkəni tərk etdiyinizə görə Sizi günahlandıranlar da oldu...

 

- Mənə yönəldilən suçlamalara cavab verimmi? Səmimi deyirəm ki, bunu bilmirəm. Ancaq ümumi şəkildə bir neçə kəlmə demək pis olmazdı. Əvvəl də dedim ki, Türkiyəyə gələndən sonra öz istedadımı reallaşdırmaq üçün mənə lazımi şəraiti yaratdılar. Məni yüksək səviyyədə qəbul edib bu şəraiti yaradanlara  təşəkkürümü bildirirəm. Azərbaycanda yüngül atletikaya münasibətlə bağlı bir söz demək istəmirəm, ancaq belə bir uğuru orada qazana biləcəyimə də ehtimal vermirəm. Mənim barəmdə orada “fərari” sözünün işlədildiyini eşitmişəm. Mən ölkəmi sevirəm, hazırda mənim iki vətənim var - bu, ”Bir millət iki dövlət”dir. Ancaq açıq deməliyəm ki, bu uğuru ordakı şərtlər daxilində Azərbaycanda qazanmağım mümkün deyildi. Kim deyirsə ki “ölkəmi sevmirəm” - mən mənasız fikirlər  barədə danışmaq belə istəmirəm. Mən iki ölkənin bayrağını  ucaltmışam, bu, oranı tərk edəndən sonra  mənim böyük arzum idi. Düşünürdüm ki, mən böyük yarışlarda böyük uğurlar qazanacağam. Avropa çempionatında bunun həyata keçirəcəyimə inanırdım, ancaq keçən il çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim. İslam oyunlarında iştirak etməyim mənim üçün çox mühüm idi. Evimdə məni hərarətlə qarşıladılar. Çox sevincli idim, oradakı  uğurumu daha böyük yerlərdə təkrarlamağım lazım idi. Dünya çempionu olub iki bayraq qaldırmaq mənim üçün böyük xoşbəxtlikdir.

 

- Gənclərə demək istədiyiniz hər hansı tövsiyyə varmı?

 

- Hamı idmanla məşğul olsun. İdman gələcəkdəki həyatı qurmağın təməlidir, bədənin və ruhun tərbiyəçisidir. Bir çox insan hər şeyi bir anda əldə etmək istəsə də bu, mümkün olan şey deyil. İdmanla məşğul olmaq-insanları qarşılarına qoyduqları hədəfə doğru daha əmin şəkildə getməyə ruhlandırır. Ona görə deyirəm ki, idmanla məşğul olun.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR