Qurban Qurbanov: “Oyunçulardan tələbim bu idi ki…”

Qurban Qurbanov: “Oyunçulardan tələbim bu idi ki…”
22:18 17 Avqust 2017
321 İdman
Ölkə mətbuatı
A- A+

Teleqraf.com “Qarabağ”-“Kopenhagen” görüşündə “1-0” hesabı ilə qalib gələn “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıb.

Publika.az maraqlı müsahibəni öz oxucularına təqdim edir:

- Qurban müəllim, əvvəla, sizi bu tarixi qələbə münasibətilə təbrik edirik.

- Bu qələbə Azərbaycanın və “Qarabağ”ın qələbəsi idi. Mən də hamını təbrik edirəm.

- Hamı hələ də bu oyundan danışır. Bəs siz oyun sonrası nə deyə bilərsiniz? Təəssüratlarınızı bizimlə bölüşün.

- Bu oyunu xeyli vacib bir oyun kimi dəyərləndirdik. Çox ağır oyun keçdi. Ən ağır oyunlar qol buraxmadan oynanılan oyunlardır. Çünki topu qapıya yaxınlaşmağa qoymamaq üçün çox çalışmaq lazımdır. Biz bunu bacardıq. Bəzi futbolçularımızda kiçik zədələr oldu. Amma elə də ciddi problem yoxdur. Bu matç Azərbaycan futbolunun tarixinə düşdü. Belə ağır oyunlar çox olub və həmişə çalışmışıq ki, meydandan üzüağ çıxaq. Ən azından başımızı qaldırıb fərəhlə stadionda adımızı qışqıran azarkeşlərin üzünə baxa bilək.

Amma bu, işin birinci hissəsidir. Bizi hələ ikinci ağır oyun gözləyir. Fasiləsiz məşq prosesindəyik.

- Rəqibin gücünə nə dərəcədə bələd idiniz?

- Rəqibin intizamlı komanda olduğunu, onların xüsusi oyun sisteminin mğvcudluğunu bilirdik. Buna görə də nəzarəti əldən verməməyə çalışırdıq. “Kopenhagen”in böyük təcrübəsi olduğunu anlayırdıq. Amma biz düzgün oyun qurmağa çalışdıq.

- Qolu məhz Mahir Mədətovdan gözləyirdinizmi?

- Gözləmirdik, tələb edirdik. Hər futbolçu boynuna düşən vəzifəni yerinə yetirməlidir. Fərqi yoxdur. Mahir qol vurmağa daha yaxın idi. Vurdu da. Təbii ki, digər oyunçular var ki, onlar da qol vurmaq gücünə malikdirlər. Ümumiyyətlə, mən hər bir futbolçudan tələb edirdim ki, mənasız hücum olmasın, hər ağıllı hücumun sonu yaxşı nəticə versin. Ən pis və ən zəif hücum qapıya zərbə ilə bitsin.

- Sizin üçün komandada daha çox ümid bəslədiyiniz favorit var idi?

- Mənimçün hər futbolçunun öz funksiyası var. Onlar bir-birlərini zəncirvari gücləndirirlər. “Qarabağ”-“Kopenhagen” oyununda hər bir oyunçu boynuna düşən vəzifəni layiqincə yerinə yetirdi. Mən heç bir oyunçunu digərindən ayıra bilmərəm.

- Məşqdə olduğunuzu dediniz...

- Bəli, ayın 19-u çempionat oyunu var. “İnter”lə görüşümüz olacaq. Bu oyuna da çox ciddi hazırlaşırıq.

- Bəs avqustun 23-ü keçiriləcək cavab görüşünə hazırlıqlar nə yerdədir?

- Qarşımızda duran hər oyun bizim üçün ciddi və vacibdir. Biz heç bir oyunu yola verə bilmərik. Hələ ki, 23-ü keçiriləcək oyunu yox, 2 gün sonra, yəni 19-da baş tutacaq görüşü düşünürük. Yalnız o oyundan sonra 23-nə hazırlaşmağa başlayacağıq.

- Əvvəllər deyirdilər ki, Azərbaycanda futbol yoxdur, zəifdir və s. Sanki son zamanlar bu cümləni demək olar ki, eşitmirik. Nə dəyişib?

- Bəli, insanların futbola marağı dəyişib. Çünki futbolumuz özü də dəyişib. Əvvəlki deyilik, çox irəliləyişlər var. Ümumiyyətlə, təkcə futbola yox, hər bir sahəyə, hər şeyə qarşı maraq dəyişib. Bu, belə də olmalıdır. Çünki inkişafa gedirik. Hər bir sahənin mütəxəssisləri o sahə üzrə genişmiqyaslı işlər görürlər. O cümlədən futbolda da. Buna görə də ümid edirik ki, futbolumuz bir az da ciddi inkişaf edər, azarkeş sayımız da çoxalar.

- Müsahibəyə görə təşəkkür edirik.

- “Teleqraf”a da uğurlar!


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR