Tumanını başına keçirənlər

Tumanını başına keçirənlər
00:27 9 Yanvar 2015
231 Sosial
Ölkə mətbuatı
A- A+

Jurnalistikaya gələndən tez-tez bu sualla qarşılaşıram: “Nə əcəb televiziyada işləmirsən?” İndiyə kimi bu suala qısa və konkret bir cavabım olub: “Mən yazmağı sevirəm, televiziyada işləmək arzusunda deyiləm”.

O vaxtlar avam vaxtlarım idi. Həm televiziya qapılarının, əslində, necə açıldığını bilmirdim, həm də düşünürdüm ki, məndə efiri idarə edəcək qabiliyyət yoxdur. Utanaram, çəkinərəm, biabır olaram.
 
Sən demə, mən televiziyada işləmək üçün tamam başqa xüsusiyyətlər lazım olduğunu bilmirmişəm…
 
İnsafən, heç 3-4 il əvvəl televiziya kanallarının üzünün suyu bu qədər tökülməmişdi, az da olsa, abır-həya qalmışdı. Onda efirdə dombalaq aşan, şpaqat açan yox idi. Hələ onda aparıcıların eyiblərinə “boooy” dediyimiz vaxtlarıydı.
 
Bəli, mən o vaxtlar bilmirdim ki, televiziyada veriliş aparmaq üçün ağlatmaq, güldürmək və oynatmaq bacarığının olması yetərlidir. Bilmirdim ki, yumor hissindən məhrum olmaq, özünü axmaq yerinə qoymaq və ya elə xalis axmaq olmaq aparıcılıq imkanlarını artırır. Onda bilmirdim ki, bizim televiziya kanallarına İradə Tuncay, Etibar Babayev, Xəyal Tağıyev, Fuad Babayev, Eldəniz Elgün yox, Zaur, Elgiz, Mikayıl kimi dayaz və jurnalistikadan bixəbər adamlar lazımdır.
 
Adama elə gəlir, efirə çıxanlara tapşırıblar ki, lazım gəlsə, lap tumanını başına keçir, camaatın ağzına söz ol. Qoy səni söysünlər, daşa bassınlar. Adamların əsəbləri ilə oyna, onları eşşək yerinə qoy. Onda sənə “gözünün üstündə qaşın var” deyən olmayacaq. Kimə lazım sənin peşə etikan, efir mədəniyyətin, nitq qabiliyyətin, dil biliyin?
 
Deməli, televiziya rəhbərlərinə də lazım olan mənim qorxduğum biabırçılıq imiş, sadəcə, bir az ayrı rəngdə, ayrı ölçüdə…
 
İşin ağlatmaq tərəfi qaldı axı… Biz çalıb-oynamağı bacardığımız kimi, ağlaya-ağlaya dərdi də ucuzlaşdırmağı da bacarırıq. Başqalarının dərdini satıb pula çevirməyi də... İnsanların faciəsindən bəzəkli-düzəkli, səsli-küylü verilişlər hazırladıq, şou düzəldirik. Yas yerlərinə gedib hərə öz ölüsünə, öz dərdinə ağladığı kimi, itiyi, yetimi, sağalmaz xəstəsi olanlar, evsiz-eşiksizlər, evdən atılmışlar yığışdılar bu verilişlərin başına, başlayırlar ağlaşmağa.
 
Neçə vaxtdı fikirləşirəm ki, bu ağlaşmaya meyillilik bizdə hardandı? Amma bu sualımın cavabını Cəlil Məmmədquluzadə veribmiş: “Bunu lazımdır bilmək və yadda saxlamaq ki, indiki əsrdə müsəlman cavanlarının bir azını çıxandan sonra qalanlarının zifaf gecələri məhərrəm ayının matəm gecələrinə düşür, yəni toyları məhərrəmliyə qarışır və kim bilsin, bəlkə elə bunun nəticəsidir ki, şaxseybazlıq müsəlman uşağının qanına işləyib”.
 
***
 
Bir dəfə psixoloqdan soruşdum ki, efirləri şoulaşdırmaq dünya siyasətinin tərkib hissəsidir, necə düşünürsünüz? Dedi, illər sonra bəlli olacaq ki, bu şoular nəyə görə idi. O boyda seriallar, filmlər havayı deyil ki. Onların hamısının arxasında bir dirijor var və o dirijor insanları harasa yönləndirir. Bütün bunlar məqsədsiz olsaydı, gülünc olardı.
 
Elə bilirsiniz, “kitab oxumağa vaxtım yoxdur”, “dərdim başımdan aşır”, “işim ətəyimdən sallanır” deyənlərin gedib televiziyaların “palatka toyları”nda sındıra-sındıra oynamaqları elə-belə şeydir? Psixoloq deyir, “Psixotron silah” adlanan silahlar var ki, hamımız o silahların hədəfinə çevrilmişik. Ultrasəslər var ki, keyfiyyətsiz musiqinin içinə yerləşdirilir, ancaq insan onu qulağı ilə hiss eləmir. O səslər insanın psixikasını yönləndirir. Amma keyfiyyətli musiqinin harmoniyası imkan vermir ki, ora ultrasəs yerləşdirəsən.
 
Müxtəlif istiqamətli sektaların fəaliyyətinin əsası olan psixotron silahlar, NLP, Erikson gipnozu, transpersonal psixoterapiya var. Belə baxanda, bu gün televiziya kanallarının ən təhlükəli dini sektalardan heç bir fərqi yoxdur. Nə fərqi var adamı necə manqurt edirlər, əsas odur ki, edirlər…
 
Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR