Samir Əliyev: "Neftçi" "Səbail"ə uduzmaq istəməz"

Samir Əliyev: "Neftçi" "Səbail"ə uduzmaq istəməz"
14:12 18 Avqust 2017
144 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 avqust. REPORT.AZ/“Səbail” futbol komandasının baş məşqçisi Samir Əliyevin “Report”a müsahibəsi.
- Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə”yə 1:2 hesablı məğlubiyyət əhvalınızı korlamayıb?
- Xeyr, hər şey qaydasındadır. Çempionatın əvvəlidir, ruh düşkünlüyündən söhbət gedə bilməz. Komanda var gücü ilə qarşıdakı matça hazırlaşır. Rəhbərliyin qarşımızda qoyduğu məqsəd komanda formalaşdırmaqdır. Bu gün üçün “Səbail”dən böyük nəticələr gözləmək tezdir. Ağac birdən-birə bar vermir. Vaxt lazımdır.
- Real götürsək, “Səbail” cari mövsümdə neçənci yerə iddia edə bilər?
- Tam səmimi deyirəm, Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq. 6-cı yeri tutsaq, yaxşı nəticə olacaq. Komanda şəklində təcrübə toplamaq və elitada yerimizi qorumaq istəyirik.
- Fasilə ərzində istədiyiniz heyəti qura bildiniz?
- Bütün transferlər mənim istəyimlə və məşqçilər korpusunun rəyinə əsasən gerçəkləşib. Yəni, rəhbərliyin heç bir müdaxiləsi olmayıb. Büdcəmizə uyğun oyunçular götürmüşük. Onlardan da heç bir narazılığım yoxdur. Məqsədə və büdcəmizə uyğun transferlər etmişik.
- Digər klublardakı əcnəbilərlə müqayisədə, legionerlərinizin səviyyəsi necədir?
- Başqaları ilə müqayisə etmək istəmirəm. Çünki büdcə söhbəti var. İmkanımız çatan oyunçuları gətirmişik. Onlardan da heç bir narazılığımız yoxdur. İki ayın komandasıdır, zamanla hər şey daha yaxşı olacaq.
- Əlavə transferlər olacaq?
- Axtarışdayıq. Bir legioner hücumçu arayırıq, lakin hələ istədiyimizi tapa bilmirik.
- Avqustun 19-da növbəti tur çərçivəsində “Neftçi”ni qəbul edəcəksiniz. Həm futbolçu, həm də baş məşqçi kimi xidmət etdiyiniz rəqiblə oyun sizin üçün xüsusi əhəmiyyət daşıyır? Sabiq klubunuza qarşı inciklik qalmayıb?
- Hər bir oyun xüsusi önəm daşıyır. “Neftçi” böyük tarixi olan bir klubdur. Lakin digər matçlara necə hazırlaşmışıqsa, bu dəfə də vəziyyət eynidir. İstəyim komandamızın layiqli oyun göstərməsidir.
- Qarşıdakı matçın taleyini nə həll edə bilər - təcrübə, yoxsa əzmkarlıq?
- “Neftçi” büdcəsinə, şəraitinə və futbolçularının səviyyəsinə görə bir neçə addım öndədir. Lakin "Səbail"lə müqayisədə "Neftçi" daha çox psixoloji təzyiq altındadır. Çünki bizim itiriləsi bir şeyimiz, böyük hədəflərimiz yoxdur. “Neftçi” “Səbail”ə uduzmaq istəməz.
- “Neftçi”dən icarəyə götürdüyünüzü futbolçuların xidmətindən yararlana biləcəksiniz? Yəni, onların sözləşmələrində müqavilə ilə məxsus olduqları kluba qarşı oynaya bilməməklə bağlı bənd yoxdur?
- Belə bir şərt yoxdur. Həm də onların oynamaq ehtimalı azdır. Orxan Qurbanlı zədəlidir, Təyyar Məmmədovun da meydana çıxacağını düşünmürəm. Eltun Yaqublu artıq müqavilə ilə bizə məxsusdur, Aqşin Qurbanlını isə son anda götürmədik.
- Matçın “Bayıl Arena”da deyil, “Dalğa Arena”da keçirilməsi sizin əleyhinizə olan amil deyil?
- Düzdür, öz meydanımızda süni ot örtüyüdür, “Neftçi” isə təbii qazona öyrəşib. Bu, onlar üçün üstünlük sayıla bilər. Çalışacağıq ki, maraqlı oyun olsun və azarkeşlər, futbolsevərlər yatmasınlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-eliyev-neftci-daha-cox-psixoloji-tezyiq-altindadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR