Bu gün dünya oxucularının sevimli kitabları siyahısında
yer alan ən möhtəşəm əsərlərdən biri də Paulo Koelyonun “Kimyagər”
romanıdır. Bu günlərdə 29 yaşını tamamlayan bu roman artıq dünyanın
80 dilinə tərcümə edilib, 65 milyon nüsxəsi dərc olunub. Koleyonun
ən çox gəlir gətirən bu kitabı Madonna, Farel Uilyams və digər
Hollivud ulduzlarının masaüstü kitabıdır.
“Kimyagər” əsərində öz xoşbəxtliyinin axtarışına çıxan gənc
çobanın başına gələn macəralardan, inam və inadla həqiqətə çatmağın
mümkünlüyündən bəhs olunur.
Paulo Koelyo dünyanın ən varlı qadını, dünyaşöhrətli Opra
Uinfrinin də sevimli yazıçısıdır. Opra onu özünün həyat müəllimi
adlandırır.
"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..."
Publika.az ən reytinqli televiziya proqramı olan “Opra Unfri
şounun” Paulo Koelyo ilə müsahibəsini təqdim edir.
Veriliş zamanı məşhur brazilyalı yazıçı xanım Uinfrini
Cenevrədəki evinə dəvət edir və onunla çox maraqlı söhbət baş
tutur.
”Bir şeyi ürəkdən istəyirsənsə, bütün dünya arzunu
gerçəkləşdirmək üçün səfərbər olacaq”.
OPRA: Sizin yanınızda olmaqdan çox
məmnunam...
PAULO: Gəldiyiniz üçün təşəkkür edirəm,
Tanrım!
OPRA: "Tanrım"? Doğrudur. Axı mən “Kimyagərin”
müəllifi ilə söhbət edirəm. Siz kimsiniz Paulo müəllif, müəllim
və?
PAULO: Təbii ki, həyatı dərk etməyə çalışan
tələbə.
OPRA: Mükəmməl insansınız. Kimyagər artıq 30 yaşın
astanasındadır. Bu kitab mən də daxil olmaqla milyonların
talismanıdır (həmayıl). Həqiqətən bu əsər insana o qədər böyük ruh,
ümid verir ki, əhvalım olmayan kimi “Kimyagər”i oxuyuram. Bu roman
sanki mənim dərdlərimi ovudur. Bəs özünüz necə, bu əsəri
oxumusunuzmu?
PAULO: Çox oxumuşam, hər dəfəsində də
heyrətlənmişəm. Axı mən güclü yazıçı deyiləm. Bəs bu gözəl əsəri
necə yazmışam? Mən hələ də özümü peşəkar yazar saymıram.
OPRA: Bəs doğrudur ki, əsər cəmi iki həftəyə
yazılıb?
PAULO: Bəli. “Kimyagər"ə cəmi 2 həftəyə can
vermişəm. Öncə başlıq yazdım, sonra isə qəhrəmanıma ad verdim.
Əsərin ilk cümləsi isə belə oldu “Gəncin adı Santyaqo idi”.
OPRAH: Santyaqo adı hardan ağlınıza gəldi?
PAULO: Bilirsiniz, mən Ernest Heminqueyin
yaradıcılığına heyranam. Onun “Qoca və dəniz” əsərinin qəhrəmanın
da adı Santyaqodur.
OPRA: Kitabınız sizə başdöndürən şöhrət
gətirib. Lakin bildiyimə görə, ilk günlər belə böyük tirajla
satılmayıb…
PAULO: Doğrudur. Təsəvvür edirsinizmi, kitab
redaktəyə verildi. Daha sonra nəşr olunub, satışa çıxarıldı. Yayım
evinin direktoru bir gün mənə zəng edib dedi ki, kitab satılmır, nə
edək? Dedim, zaman verin. Onlar isə qəti şəkildə gözləməyəcəklərini
bildirdilər. Mən cavabında kitabımdan bir cümləni səsləndirdim:”Bir
şeyi ürəkdən istəyirsənsə, bütün dünya arzunu gerçəkləşdirmək üçün
səfərbər olacaq”.
OPRA: Ən çox sevdiyim ifadə…
PAULO: Və mən haqlı çıxdım. Axı özüm də bu
prinsiplə yaşayıram.
OPRA: Sonra?
PAULO: Mən Braziliya yayım evlərinin qapılarını
döyməyə başladım. İlk yaxınlaşdığım qapı Braziliyanın ən məşhur
nəşriyyat evi idi. Buranın sahibi kitaba baxıb dedi:"Möhtəşəm əsərə
oxşamasa da, məsuliyyəti öz üzərimə götürürəm. Satışa verəcəm
“Kimyagər”i". Opra, inanırsınızmı, 3 il sonra kitabın yarım milyon
nüsxəsi satıldı. Həmin şəxslə görüşüb, təşəkkür etdim. 3 il öncə
belə uğursuz nəşrin məsuliyyətini öz üzərinə niyə götürdüyünü
soruşdum. Onun cavabı çox sadə idi:”Bilmirəm”
OPRA: İnanılmazdır.
PAULO: Bəli, amma mən möcüzələrə inanıram.
OPRA: Bir gənc macəra axtarışı ilə evdən çxır,
maneələri aşır, sonra qazandığı hikmət və müdrikliyi özünə yol
yoldaşı edib, evə dönür. Sizcə, bu əsərdə insanları nə cəlb
edir?
PAULO: İnsanlar onun yerində olmaq istəyirlər.
Lakin özlərinin buna cəsarəti çatmır.
OPRA: Qorxduqlarını düşünürsünüz?
PAULO: Hardasa bəli.
OPRA: Əsərin əvvəlində atası Santyaqonu yolundan
döndərməyə çox cəhd etsə də, qərarını dəyişmir. Onu nə gözlədiyini
təxmin etmədən, yola düşür…
PAULO: Hər birimizin içində bir uşaq var. Onu
nə qədər arzularından döndərsək də, elə hey boylanıb bizə
”Arzularımızın dalınca gedək” deyir.
OPRA: Ümumiyyətlə əsərləriniz boyu insanlara
cəsarət, qorxmazlıq aşılayırsınız. Düşünürəm ki, belə fikirlər
səsləndirən müəllifin qorxuları olmamalıdır.
PAULO: Opra, mənim o qədər qorxularım var ki,
təxmin belə etmirsiniz. Lakin arzularım, ümidlərim hər şeydən
üstündür mənim üçün. Əslində, yazdığım sətirlərdə özümü də
cəsarətləndirməyə cəhd edirəm.
OPRA: Bu günədək 30-dan çox kitab nəşr
etmisiniz…
PAULO: İnanın ki, sayını ututmuşam. Ümumiyyətlə
kitablarımı saymıram.
OPRAH: Qorxulardan danışdıq. Qorxmursunuzmu ki,
“Kimyagər”in uğuru digər kitablarınızda təkrarlanmaya bilər?
PAULO: Yox, yox… “Kimyagər” kimi uğur insanın
həyatında yalnız bir dəfə baş verməlidir. Sizə bir sirr açım, mənim
tamamlanmayan o qədər əsərim var ki. Onların bəzilərini ancaq özüm
üçün qələmə alıram.
“Biz oğlumuzu çox sevirik, amma o dəlidir"
OPRA: Əsərin əvvəlində Santyaqo deyir ki, dünya
bizə böyük yalan danışır. Bu yalan nədən ibarətdir?
PAULO: Bu yalanlar olduqca çoxdur. Məsələn,
birini mən deyim: Əsrlər boyu bizi inandırmağa çalışıb ki,
taleyimiz bizim yox, məhs onun əlindədir. Santyaqo isə bunun tam
əksini sübut edir. Taleyinin iplərini əlinə alıb, özü idarə edir.
Öz həyat təcrübəm də buna parlaq misal ola bilər. Mən yazıçı olmağa
qərar verəndə, valideynlərim nə yolla olursa olsun, yolumdan
döndərməyə çalışırdılar.
OPRAH: Bəs hansı peşəyə yiyələnməyinizi
istəyirdilər?
PAULO: Onlar məni rüşvətlə məsləyimdən
çəkindirməyə çalışırdılar. Gördülər kar etmir, xərcliyimi kəsdilər.
Hətta psixiatra apardılar. Nəhayət ümidlərini üzüb, dedilər: “Biz
oğlumuzu çox sevirik, amma o dəlidir"... Və məni psixiatrik
xəstəxanaya yerləşdirdilər.
OPRA: İnana bilmirəm… Yazıçı olmaq istədiyiniz
üçün doğma valideynləriniz sizi xəstəxanaya yerləşdirdilər?
PAULO: İncəsənət nümayəndəsi olmaq istədiyim
üçün... Valideynlərim köhnəfikirli insanlar idilər. Onlar
düşünürdülər ki, sənət adamları ya homoseksual, ya da əyyaş
olurlar.
OPRA: Xəstəxanada keçirdiyiniz günlərdən
yadınızda nə qalıb?
PAULO: 3 dəfə oradan qaçdım, tapıb geri
qaytardılar. Ancaq valideynlərimə qarşı zərrə qədər də kin
bəsləmirəm. Axı onlar bunu məni sevdikləri üçün edirdilər.
Həqiqətən də yeniyetməlik illərimdə çox çılğın idim. Bilirsiniz,
Opra, Braziliyanın çox sərt və qalmaqallı mühiti var. Onlar məni bu
mühitdən maksimal dərəcədə qorumaq istəyərkən, mən onlara
universitetə bir daha addım atmayacağımı və yazıçı olmaq istəyimi
bildirdim.
OPRA: Dispanserdə olduğunuz müddətdə özünüz
haqda nə öyrəndiniz? Yəni kəşf edə bildiniz Paulonu?
PAULO: Anladım ki, həqiqətən dəliyəm, xırçınam. Ən
əsası isə ürəyim istəyəni edirdim. Özümü pis aparanda isə deyirdim:
"Bağışlayın, axı mən dəliyəm”.
OPRA: (Gülür) Seks, içki və roknroll?
PAULO: Eynən, valideynlərim məni qorumaq istərkən
qorxduqları insana çevirdilər. Amma o yoldan tez döndüm.
OPRA: Nəhayət yazmağa başladınız?
PAULO: Öncə mahnılar üçün sözlər yazmağa başladım
və kifayət qədər pul qazandım. Valdeynlərim bunu görəndə dərindən
nəfəs alıb, xoşhal oldular. Axı dəli bu qədər pul qazana
bilməzdi.
OPRA: Sizcə, insanlar niyə Santyaqo kimi öz
möcüzələrinə doğru irəliləmirlər?
PAULO: Çünki hər bir qəlbin öz qorxuları var.
Kimliyindən asılı olmayaraq insan ürəyi çiçək kimidir. Onu
pöhrələndirmək də, soldurmaq da öz əlimizdədir.
OPRA: Mənə ən xoşbəxt anınızdan bəhs
edin...
PAULO:2011-ci il idi və mən bərk xəstə idim.
Düşündüm ki, bu gecə öləcəm. Çox möhtəşəm anlar idi, Opra. Mənim
özümə inamım da, Allaha və insanlara sevgim də ən yüksək zirvədə
idi. Qəlbim köksümə sığmırdı. O gecə anladım ki, bu mənim ən
xoşbəxt anımdır.
OPRAH: Olduqca təsirli hekayədir. Bunu mənimlə
paylaşdığınız üçün minnətdaram. Məni evinizdə qonaq etdiyiniz üçün
sizə sonsuz minnətdaram, əzizim.
PAULO: Opra Uinfri, gəldiyiniz üçün sağ olun.
Tanrı sizi qorusun!
Leyla Sarabi
Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/210278.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)