Şuşaya peşqurtlar gəlmir

Şuşaya peşqurtlar gəlmir
11:39 21 Avqust 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Hə... İndi Şuşanın yaxşı vaxtıdı. İlin bu vaxtı adam əlindən tərpənmək olmazdı. İsa bulağı, Çıdır düzü, sanatoriya, “dom otdıx”, Güllü bağ...

 

Hər il Şuşaya dincəlməyə gələnlərə turist yox, peşqurt deyərdilər. Niyəsini bilmirəm. Bu sözün etimologiyası ilə bağlı neçə adama müraciət elədimsə, bildim deyən olmadı. Bəlkə də köhnə qalalılardan kimsə bilir bu sözün mənasını, bəlkə də Məşədi Bəylər kimi baməzə bir  el ağsaqqalı kiməsə bu adı ayama qoşub...

 

Peşqurtlar təkcə Azərbaycanın aran rayonlarından olmazdı, keçmiş SSRİ-nin hər yerindən gələrdi. Şuşa ümumittifaq istirahət şəhəri idi axı. Şuşada həm də pioner düşərgələri olardı. Bu pioner düşərgələrinə Azərbaycanın hər yerindən gələrdilər. Azərbaycanlısı da, rusu da, ermənisi də, ləzgisi birlikdə. Dalaşanda dalaşardılar, barışanda barışardılar. Sözüm onda deyil. Sözüm ondadı ki,  Şuşa ilin bu vaxtı başqa bir aləm olardı. Hamı öz kefində...

 

Bu günlərdə mövcud əlaqələri bir balaca işə saldım. Aydın məsələdir ki, dünyanın uzaq-uzaq ölkələrindən Şuşaya, Dağlıq Qarabağa turistlərin gəldiyini düşünəcək qədər düşüncəsiz deyiləm. Amma heç olmasa  Ermənistandan simvolik də olsa turistlərin Dağlıq Qarabağa gəldiyini zənn  etmək olardı. Amma...

 

Ermənilərin canfəşanlığına baxmayaraq, Dağlıq Qarabağa, Şuşaya gələn yoxdur. Yəni onlar  gözlədiyi turistlərdən söhbət belə gedə bilməz. Dağlıq Qarabağ bağlı zonadır. Erməni təbliğatı bütün dünyanı bura dəvət eləsə belə, heç kim Şuşanın gözəlliyindən ötrü öz təhlükəsizliyini riskə atmaq istəmir.

 

Dağlıq Qarabağa gəlib-gedənlərlə bağlı iki faktı diqqətinizə çatdırım. Özünüz nəticə çıxarın.

 

  • Bir neçə ay əvvəl kifayət qədər fəal ictimai-siyasi xadim olan, yaxşı tanıdığım ermənilərdən biri erməni xalqına müraciət etdi. Müraciətin məğzi “Dağlıq Qarabağa gəlin, bura qorxulu deyil” idi.
  • Dağlıq Qarabağda gənclər üçün yay düşərgəsi təşkil olundu. Xristian gəncləri təşkilatının bu düşərgəsində 80 gənc dincəlirdi. Onlardan cəmi 3-ü Ermənistandan gəlmişdi. Qalanları elə Dağlıq Qarabağdan olan ermənilər idi. Xaricdən gələnlərdən isə danışmağa dəyməz.

 

İndi isə bunun niyəsi barədə mülahizələrimi Sizinlə bölüşüm.

 

  • Əvvəla, bloger Lapşinin həbsi çoxlarının planlarını dəyişib. Bunlar əsasən qeyri-ermənilərdi.
  • Ermənilərin planlarını dəyişən isə bölgədə sürətlə silahlanmadır. Ermənistan rəhbərliyi  “İsgəndər”i nümayiş etdirməklə elə bilirdi ki, qüvvəsini nümayiş etdirir. Amma bu “İsgəndər”lər əks effekt verdi. Dağlıq Qarabağa gəzməyə gəlmək istəyənlər də gəlmək istəmir. Hətta ermənilər özləri belə. Çünki hər an aprelin yenidən gələcəyindən ehtiyatlanırlar.

 

İndi Şuşanın yaxşı vaxtıdı. İlin bu vaxtı adam əlindən tərpənmək olmazdı. İndi isə... Daha Şuşaya peşqurtlar gəlmir.


Bu kimə lazım idi? Bizə lazım deyildi. Amma əminəm ki, Şuşanın bu günü heç indi Şuşada yaşayanlara da lazım deyildi...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR