Azərbaycanda torpaq sürüşməsinin aktivləşməsinə təsir edən amillərdən biri də insanların sürüşməyə həssas sahələrdə ev tikməsidir.
Bunu Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib:
“Bakı şəhəri və Abşeron yarımadası üzrə 14 sürüşmə təhlükəsi olan sahə mövcuddur. Bu məlumatlar müvafiq qurumlara, yerli icra orqanlarına çatdırılıb. Həmin məlumatlardan istifadə edilməlidir.
Tikintinin norma və qaydaları var.
Bakı şəhəri və Abşeron yarımadası ərazisində sürüşməyə meylli bir çox sahələr var ki, həmin ərazilərdə tikinti aparılması, hər hansı strukturun formalaşması mürəkkəb vəziyyət yaradır. Həmin ərazilərdə tikinti aparılması məsləhət deyil. Maili yamaclar, subasma sahələrində ev və yaxud digər tikili tikilərkən yamacın insanlar tərəfindən şaquli kəsilməsi, yamaca digər müdaxilələr olur ki, bu da nəticədə fəsadlar törədir. Çökmə, oturma prosesi əmələ gəlir. Tikintidən sonra suvarma və kanalizasiya sularının yerin təkinə vurulması sürüşmə, çökmə və buna bənzər hallar yaradır. Bu isə suyun səviyyəsinin onsuz da yuxarı olduğu ərazilərdə texnogen təsir nəticəsində qrunt sularının səviyyəsinin qalxmasına və ərazinin su ilə basılmasına gətirib çıxarır. Ərazinin geoloji quruluşunu öyrənmək və həmin yerin gələcəkdə hər hansı ekzogen-geoloji prosesin fəsadlarına məruz qalmaması üçün mütəxəssis rəyini bilmək məsləhətdir”.
Dünyanı dağıdacaq ABŞ-Çin müharibəsi - Qalmaqallı adalar...-Oxumaq üçün tıkla |
Səmə Əhmədova / Metbuat.az