Azərbaycanın klassik musiqisi Fransada festivalda - FOTO

Azərbaycanın klassik musiqisi Fransada festivalda - FOTO
14:03 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Fransanın Normandiya bölgəsində hər il keçirilən və sayca on üçüncü “Musique de Chambre à Giverny” festivalının “La Route de la Soie” (Böyük İpək Yolu) adlı bölməsində Azərbaycanın klassik musiqisi diqqət mərkəzində olub. 17-27 avqust tarixlərində keçirilən sözügedən festival 11 konsert və konfransdan ibarətdir. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi tərəfindən dəstəklənib.

TEAS-dan Publika.az-a verilən məlumata görə, Giverny İmpressionizm Muzeyi və Vernon Hökumət Evi də daxil olmaqla müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın Böyük İpək Yolu hissəsi Azərbaycan, şərq və şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunub. Tədbirdə həmçinin yetmiş yaşını qeyd edən Dünyaca məhşur Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Bəstəkarın simli kvartet üçün yazdığı "Muğam Sayağı" adlı əsəri ifa edilib.

Festivalın bədii direktoru violonçel ifaçısı Mişel Straussun konsert haqqında təəssüratları: "Firəngiz Əlizadə öz ölkəsinin ənənəvi musiqisini klassik avanqard musiqisi ilə birləşdirib yeni musiqi dilini yaradan qeyri-adi bəstəkardır. Onun musiqisi bu gecənin ayrılmaz hissəsidir".

Firəngi Əlizadənin dediklərindən: “Festivalda səsləndirilmiş "Muğam Sayağı" əsərim mənim üçün çox əhəmiyyətlidir. Bu əsər ilk dəfə “Kronos” kvarteti tərəfindən ifa olunub. Muğam üzərində qurulmuş bu sehrli musiqi poeziya və musiqinin incəsənət formalarının qarışığıdır.

Bu əsər kürəkləri tamaşaçıya çevrilmiş musiqiçilər tərəfindən dramatik formada ifa edilib. Əsərdə tədricən güclənən qəmgin səda, lirik parça, rəqs musiqisi və qonq səsi eşidildi. İfanın sonunda ifaçılar üzlərini tamaşaçılara tərəf çevirib səhnəni sükut içərisində tərk etdilər”.

İfadan sonrakı bir anlıq heyranlıq sükutundan sonra minnətdar tamaşaçılar Firəngiz xanımı və ifaçıları ayaq üstə alqışlayıblar. Alqış sədaları altında "Əla!", "İnanılmaz!" və "Siz mənə yeni musiqi dünyası bağışladınız" qışqırıq səsləri eşidilirdi.

Ertəsi gün "To the Heart of the 1001 Nights" əsərinin dinləyicilərinə Firəngiz xanımın müxtəlif Azərbaycan milli rəqsləri üzərində qurulmuş və “Kronos” kvarteti üçün yazılmış "Regs" (Rəqs) əsərinin təqdimatı keçiriib.

Tədbirdə səslənən digər ifalar arasında Luciano Berlonun 1964-cü il "Folk songs" (Xalq mahnıları) toplusu da yer alıb. Bu əsərə onun xatirələr oyadan soprano üçün "Azerbaijan Love Song" (Azərbaycan Məhəbbət Nəğməsi) və Moris Ravelin Mərkəzi və Şərqi Asiya, eləcə də müsəlman şərqini təsvir edən "Sheherazade" nəğmələr toplusu daxildir. Konsertdən əvvəl Böyük İpək Yolunda musiqi məsələlərinə həsr olunmuş konfrans da keçirilib.

"On the Shores of the Caspian" (Xəzərin sahillərində) adı altında gözoxşayan şəkildə bəzədilmiş İmpressionizm Muzeyində avqustun 20-də keçirilmiş konsertin mərkəzi elementi Firəngiz Əlizadənin violonçel, fleyta, iki skripka və alt üçün yazdığı "Creation" adlı əsərinin premyerası baş tutub. Konsertdə ifa edilən digər əsərlər arasında Aleksandr Borodinin "In the Steppes of Central Asia" (Mərkəzi Asiya çöllərində) adlı musiqili poeması və onun məskən salmaq üçün Xəzər sahillərinə gəlmiş türk tayfasından bəhs edən "Prince İqor" (Şahzadə İqor) operasından "Polovtsian Dances" parçası da var idi.

Bu festival özündə bir çox bəstəkarın əsərlərini, mövzuları və musiqi ənənələrini birləşdirən çox əlamətdar və yaddaqalan tədbir oldu. Onun mərkəzində Firəngiz xanım Əlizadə tərəfindən təqdim olunmuş Azərbaycan musiqisi dayanırdı.

Parisdən 80 kilometr məsafədə yerləşən Normandiyanın Giverny şəhəri incəsənəti sevən turistlərin tez-tez səyahət etdikləri şəhərlərdən biridir. Burada əfsanəvi rəssam impressionist Klod Monenin (Claude Monetin) 1883-cü ildən ölümünədək (1926) yaşadığı ev yerləşir. Təbiət və mənzərələrin vurğunu olan tanınmış bu rəssam böyük botanik olmuşdur. Onun evi və bağçası onun dünyanın hər nöqtəsində rast gəlinən pərəstişkarlarını heyran etməkdədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/210568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR