Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."

Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."
19:18 21 Avqust 2017
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlərdə it dişləməsindən xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Ötən günlərdə Sumqayıtda 5 yaşlı Zeynəbin ölümü əhalini daha da təşvişə salıb. Bakının Binəqədi rayonu ərazisində, eləcə də digər ərazilərdə sahibsiz itlər insanlara hücum çəkir, onları qorxudur. Azadlıq prospekti yaxınlığında, "Dərnəgül" metrosunun ətrafında, Abay Kunanbayev küçəsi yaxınlığında binaların həyətində onlarla it hər gün səhərdən axşama kimi dolaşaraq insanların rahat hərəkətinə mane olur.

Sosial şəbəkələrdə şikayətlərlə bağlı qeyd olunan ərazilərdə olduq. Sakinlərlə söhbət etdik. "Dərnəgül" metrosu yaxınlığında yaşayan sakinlər dedi ki, məhəllədəki itlərin səsindən gecə səhərə kimi yata bilmirlər. Bu ərazidə məktəb və bağçalar da var. Sakinləri ən çox narahat edən məsələ də uşaqların təhlükəsizliyidir:

"Səhər tezdən işə gedəndə sürü ilə insanın üstünə hücum çəkirlər. Uşaqları tək məktəbə yola sala bilmirik. Həyətdə oturmaq olmur. Gündüz yenə istidən qaçıb gizlənirlər. Axşam 6-dan sonra qorxa-qorxa gəzirik. Nə qədər müraciət edirik, baxan yoxdur. Gərək yenə kimsə ölə?"

Sakinlərdən İsmayıl adlı şəxs deyir ki, neçə dəfə küçə itlərinin hücumuna məruz qalıb:

"Yaxınlıqda çalışıram. Evə gec gəlirəm. 1 deyil, 5 deyil, sürü ilə cumurlar adamın üstünə. Birini vursan, o biri dişləyəcək. Dəfələrlə müraciət etmişik, baxmırlar. Gələndə də harda sakit, halsız, xəstə itlər var, onları yığıb aparırlar. Bu adama cumanlar qalır bir tərəfdə".

Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov isə dedi ki, İDEA İctimai Birliyinin köməkliyi ilə sahibsiz itlərin ərazilərdən toplanması prosesi hazırda davam edir. Onun sözlərinə görə, idarəyə ən çox Bayıl, Səbail, Mərdəkan, Xırdalan, Biləcəri ərazisindən şikayətlər daxil olur:

"İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Sağlam itlər isə yemlənir, sulanır və saxlanılır. Hazırda sığınacaqlarda 600-700 it var".

Ə.Əmiraslanov bildirdi ki, sahibsiz it gördükdə vətəndaşlar 012 565 09 26/27 nömrəsi ilə əlaqə saxlasınlar. Xidmət 24 saat fəaliyyət göstərir deyə, dərhal tədbir görüləcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/210596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR