Nəriman Abdullayev: "Azərbaycanın boks yığması yaxşı formadadır"

Nəriman Abdullayev: "Azərbaycanın boks yığması yaxşı formadadır"
15:37 22 Avqust 2017
149 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ “Dünya çempionatı üçün nəzərdə tutulan hazırlığı yüksək səviyyədə bitirdik. Üç mərhələdən ibarət təlim-məşq toplanışı keçdik. Komandamız yaxşı formadadır. İnanıram ki, Hamburqda lazımı nəticəni əldə edəcəyik”. 
“Report”un məlumatına görə, bunu kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın dünya çempionatına hazırlığını dəyərləndirərkən deyib. N. Abdullayev bildirib ki, dünya çempionatına qatılacaq hər bir boksçu uğur qazanmaq gücündədir: “Hamburqda rinqə çıxacaq boksçularımız kifayət qədər təcrübəlidirlər. Onlar bir sıra mötəbər turnirlərdə özlərini yaxşı tərəfdən göstəriblər. Heyətdəki boksçularımızdan Kamran Şahsuvarlı, Lorentso Sotomayor və Məhəmmədrəsul Məcidov olimpiadaların, Pərviz Bağırov dünya çempionatının mükafatçısıdır. Bu səbəbdən, onlara ümidlər böyükdür. Yarışın Azərbaycan üçün uğurlu alınacağına inanıram. Amma boksçularımızın medala gedən yolunda püşkatma da rol oynayacaq”.
Böyük məşqçi sayca XIX dəfə keçiriləcək dünya çempionatının digərlərindən fərqlənəcəyini vurğulayıb. O bildirib ki, mundial iştirakçıları bu dəfə lisenziya ilə bəlli olduğundan, hər bir döyüş gərgin keçəcək: “Bizim mübarizə aparacağımız çəki dərəcələrində də kifayət qədər titullu boksçu rinqə çıxacaqlar. Onlar arasında Rusiya və İngiltərə təmsilçilərini fərqləndirərdim. Amma qalib olmaq üçün hər birindən üstün olmalıyıq”.
Qeyd edək ki, Azərbaycan yığması bu gün avqustun 25-dən sentyabrın 3-dək mundialın keçiriləcəyi Almaniyanın Hamburq şəhərində yollanıb. Dünya çempionatında Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) vuruşacaq. Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəkidə 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yerə AİBA “wild card” verib. Digər 26 iştirakçı isə qitə çempionatları nəticəsinə əsasən bəlli olub.
Mundialda ən çox boksçu ilə Avropa təmsil olunacaq. “Köhnə qitə”dən hər çəki dərəcəsində 8 idmançı gücünü yoxlayacaq. Hamburqa Asiya və Amerika qitələrinin hərəsi hər çəkidə 6, Afrika 4, Okeaniya 2 idmançı ilə gedəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/neriman-abdullayev-azerbaycanin-boks-yigmasi-yaxsi-formadadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR