Türkiyənin bələdiyyə üzvləri Tovuzda ön cəbhədə

Türkiyənin bələdiyyə üzvləri Tovuzda ön cəbhədə
16:54 22 Avqust 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

 

Millət vəkili Qənirə Paşayevanın dəvətilə Türkiyənin Kırşehir vilayətindən millət vəkili, Kırşehir bələdiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvü "Kırşehirden Qarabağa könül körpüsü" layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Lent.az-ın məlumatına görə, Azərbaycana ilk dəfə gələn qonaqlar ölkəmizin müxtəlif bölgələri ilə yaxından tanış olmağa başlayıblar və bu çərçivədə Tovuz rayonuna da səfər ediblər. Q. Paşayeva Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət eən qonaqlara təmsil etdiyi rayonun ən çox şəhid verən rayonlardan olduğunu deyib: “ Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan yüzlərlə qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

 

Kırşehir bəblədiyyə başqanı müavininin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti Tovuz şəhərində Heydər Əliyev abidəsini də ziyarət edib. Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva qonaqlara Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar veriblər və suallar cavablandırıblar. Qonaqlara Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vandalizm aktları barədə də məlumat verilib. Sonra qonaqlar Tovuz qalasını ziyarət ediblər, burada onlara Tovuz rayonunun tarixi barədə geniş məlumat verilib, Azərbaycanın son 200 ildə tarixini özündə əks etdirən xəritələrlə tanış olublar. Qonaqlara habelə Qafqazın ən qədim şəhər yaşayış məskəni hesab olunan, 8 minillik tarixə malik Göytəpə abidəsi ilə də bağlı geniş məlumat verilib.

 

Sonra qonarlar Tovuz rayonunun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndinə gəliblər. Burada Türkiyə nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib. Bildirilib ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olmuşlar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Türkiyəli qonaqlar eyni zamanda Tovuzun Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valideynləri ilə görüşüblər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür edib.

 

Qonaqlar Tovuz rayonu ilə geniş tanış olmaqla bərabər qədim Gəncənin tarixi-mədəni abidələrini də ziyarət ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR