Fındıq ixracı ölkəmizə 105 milyon dollar gəlir gətirib

“Keçən il fındıq Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, ötən il fındıq ixracına görə ölkəyə 105 milyon dollar valyuta gəlib:

“Bu ilin birinci yarımili ərzində isə 32,3 milyon dollar dəyərində fındıq ixrac edilib. Sözün qısası, fındıq ən çox valyuta gətirən kənd təsərrüfatı istehsalı məhsulu olub. Odur ki, ölkənin 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınmışdırsa, 2017-2018-ci illərdə daha 10 min hektar salmaq planlaşdırılır. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra isə bu rəqəm 20 min nəfərə çatacaq”.

İqtisadçı əlavə etdi ki, baramaçılıq və tütünçülükdən fərqli olaraq fındıqçılıq son illər tənəzzülə uğramayıb:

“Şimal-Qərb bölgəsində yaşayan əhalinin yeganə ümid yeri həmişə fındıq olub. Belə ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idisə, 2013-cü ildə bu rəqəm 30 min, 2015-ci ildə isə 32 min 700 hektara çatıb. Bütün bunlar çox gözəl göstəricilərdir. Hazırda dövlət bu sahənin inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb və xaricdən tinglər gətirilib. Bu vaxta qədər 14 min 800 ton fındıq ixrac edilib”.

Pərviz Heydərov Azərbaycanın fındıq ixrac etdiyi əsas ölkələrin siyahısı barədə məlumat verdi:

“İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və Almaniyaya 24 milyon dollar. Bütövlükdə isə 25 ölkəyə fındıq ixrac edilib. Odur ki, qarşıya qoyulan məqsəd odur ki, fındıq bağlarının sahəsi 80 min hektara çatdırılsın. Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında hazırda dördüncü yerdədir. Nəzərdə tutulan tədbirlər tam həyata keçirilərsə, üçüncü yerə çıxa bilərik. Ancaq, təəssüf ki, bir məsələ var. Xarici bazarlarda fındığın 1 kiloqramının qiyməti bizim pulla 10 manatdan çoxdur. Bu il kənd camaatından fındığın alış qiymətinin 3 manatdan artıq olmayacağı deyilir. Əhali buna görə məyusdur”.

Bu yoldan keçərkən DİQQƏTLİ OLUN! - Hər an qəza baş verə bilər - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR