Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin
aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində
müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə
olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər
Kabineti 86 saylı qərar qəbul edib.
Qərara görə, 5 il müddətində paytaxtın 9 rayonunda köhnə binalar
sökülərək yeniləri ilə əvəz ediləcək.
Qərarda bildirilir ki, mülki, mənzil, şəhərsalma və tikinti
qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi
görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma
normalarına cavab verməyən, Suraxanı rayonu üzrə 3828 nəfərin
yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar
nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi
rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş,
16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının,
Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99
yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı
3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə
keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı
1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə
1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının,
Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41
yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174
mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların
ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və
digər təyinatlı qeyri — yaşayış obyektlərinin sökülməsi və yenidən
qurulması həyata keçirilsin.
Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri
tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri
hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı
vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə
edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya
istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun
olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və
ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin
yaradılmalıdır. Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı
vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış
binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış
binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti
olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi
maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş
tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq
mənzillərin ayrılmasını təmin etməlidir. Bununla bağlı Suraxanı,
Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər
rayon icra hakimiyyətlərinə xüsusi tapşırıq da verilib. (Sputnik
Azərbaycan)