Ramil Quliyev dünya çempionatında “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb

Ramil Quliyev dünya çempionatında “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb
17:12 23 Avqust 2017
155 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Türkiyə yığmasının əslən azərbaycanlı sprinteri Ramil Quliyev mükafatlandırma mərasimi zamanı “Əsgər salamı” verməsinin səbəbini açıqlayıb.
“Report”un məlumatına görə, 27 yaşlı idmançı "Anadolu" Agentliyinə müsahibəsində bunu avqustun 11-də Trabzonda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada şəhid olan 15 yaşlı Eren Bülbülün xatirəsini anmaq üçün etdiyini söyləyib. 
“Mükafatlandırma mərasimindən öncə Trabzonda 15 yaşlı qardaşımızın şəhid olduğunu öyrəndim. Nə edə biləcəyimi düşündüm və bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Çox üzücü xəbər idi. Qazandığım medalı ona həsr etmək istədim" deyə R.Quliyev bildirib.
Təcrübəli sprinter Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan prezidenti İlham Əliyevin qələbə münasibəti ilə onu təbrik etmələrinə çox sevindiyini vurğulayıb: “İnanıram ki, daha böyük uğurlar qazanıb, davamlı təbriklər alacağam. Bunu Türkiyədə bacardım. Çox adam mənə minnətdarlıq etdi. Həqiqətən hər iki ölkəni orada təmsil edə bildim. Bu, hər iki dövlət üçün böyük uğurdur. Zatən, Azərbaycan və Türkiyə tək millətdir”.
Qeyd edək ki, Ramil Quliyev 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edib. O, Londonda dünya çempionu tituluna sahib çıxana qədər 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısı olub. Quliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ramil-quliyev-dunya-cempionatinda-esger-salami-vermesinin-sebebini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR