Proqnoz: Yuan ucuzlaşmağa başlaya bilər

Proqnoz: Yuan ucuzlaşmağa başlaya bilər
17:17 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Bu ilin əvvəlindən möhkəmlənən Çin milli valyutası - yuan ucuzlaşmağa başlaya bilər. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.
TV bildirib ki, cari ilin əvvəlindən yuan dollarla müqayisədə 4% bahalaşıb. Nəticədə, ötən il 7% ucuzlaşan yuan itkinin bir hissəsini kompensasiya edə bilib. Qeyd edək ki, bu iki valyutanın qarşılıqlı rəsmi məzənnəsi dünən 6,6597 CNY/USD səviyyəsində təsdiq olunaraq 2017-ci ilin maksimal həddinə çatıb. Ötən il ölkədən kapital axını nəticəsində ucuzlaşan yuan, bu il Çin hökumətinin kapitalın hərəkətinə nəzarəti gücləndirməsindən sonra möhkəmlənməyə başlayıb.
Lakin analitiklər II yarımillikdə Çin iqtisadiyyatının artım tempinin yavaşlayacağından ehtiyat etdiklərini bildiriblər. "İlin sonuna qədər iqtisadi artım yavaşlasa və ya qlobal valyuta bazarında dolların məzənnəsi möhkəmlənsə, yuan ucuzlaşa bilər", - deyə Avstraliyanın "Macquarie" maliyyə qrupunun analitiki Larri Xu (Larry Hu) qeyd edib.
"Capital Economics" araşdırma şirkətinin Asiya bazarları üzrə baş iqtisadçısı Mark Uilyams (Marc Wilyams) bildirib ki, yuanın məzənnəsi üzrə dinamikanın dəyişəcəyi proqnozlaşdırılır.
"Qeyri-maliyyə sektorunun borcunun artması əsas risk amili olaraq qalır. Bu da maliyyə həssaslığı yaradır", - deyə "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/proqnoz-yuan-ucuzlasmaga-baslaya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR