“Günəşli” yatağındakı 5 saylı özüldən qazılması planlaşdırılan quyunun qazma proqramı müzakirə edilib

“Günəşli” yatağındakı 5 saylı özüldən qazılması planlaşdırılan quyunun qazma proqramı müzakirə edilib
17:32 23 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestində “Haliburton” şirkətinin “Landmark Learning” kursunu bitirmiş gənc qazmaçılara sertifikatların təqdim olunması mərasimi keçirilib.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, tədbirdə SOCAR-ın vitse-prezidentləri Yaşar Lətifov və Bəhram Hüseynov, baş ofisin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “Azneft” İB-nin, Kompleks Qazma İşləri Trestinin, Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissənin nümayəndələri iştirak ediblər. 
SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Y.Lətifov Kompleks Qazma İşləri Trestinin neft-qaz sənayesinin inkişafındakı rolunu yüksək qiymətləndirib, yeni yataqların açılmasında, hasilatın artırılmasında qazma işlərinin vacibliyini vurğulayıb. 
Tədbirdə “Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündən qazılması nəzərdə tutulan 330 nömrəli quyunun qazma proqramı müzakirə edilib. Trestin müdiri İskəndər Şirəli müasir tipli qazma qurğularının istehsalata tətbiqindən söz açıb, əldə olunmuş nailiyyətlərdə mütəxəssis hazırlığının əhəmiyyətini qeyd edib. 
“Günəşli” yatağında 5 saylı Dərin Dəniz Özülündə əlavə olaraq qazılacaq 8 quyudan biri-330 nömrəli quyunun qazma proqramının müzakirəsində SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti B. Hüseynov, qazma şöbəsinin rəisi Əliş Həsənov, həmçinin Trestin, “Azneft” İB-nin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun nümayəndələri qazmaya hazırlıq işləri, mümkün risklər və onların aradan qaldırılması yolları haqqında fikir və mülahizələrini bildiriblər. 
Tədbirdə həmçinin, Kompleks Qazma İşləri Trestinin nəzdində yaradılmış “Well Plan” analitik layihə qrupunun fəaliyətindən söz açılıb və bildirilib ki, qrup tərtib edilmiş iş planlarının istehsalatda icrasının monitorinqini və supervayzinqini uğurla həyata keçirir. Qrupda müasir qazma proqramlarına yiyələnmiş gənc mütəxəssislər çalışır ki, bu il onlardan 12 nəfəri “Landmark Learning” proqramını mənimsəyib. 
Sonda həmin gənc qazmaçılara “Landmak Learning” proqramını uğurla bitirdikləri haqda sertifikatlar təqdim olunub.                               






Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-yatagindaki-5-sayli-ozulden-qazilmasi-nezerde-tutulan-quyunun-qazma-proqrami-muzakire-edil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR