"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ

"Qarabağ"ı bu axşam Danimarkada nə gözləyir? - BAŞ MƏŞQÇİLƏRİN ŞƏRHİ
18:08 23 Avqust 2017
236 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün “Qarabağ” futbol klubumuz Danimarkanın “Kopenhagen” komandası ilə səfər matçında görüşəcək.

Publika.az xəbər verir ki, oyun Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək və “Qarabağ” qalib gələcəyi təqdirdə Azərbaycan ilk dəfə olaraq Çempionlar Liqasında iştirak edəcək.

Olduqca gərgin və həyəcan dolu keçəcək matç öncəsi ölkənin məşhur məşqçilərindən oyun haqqındakı təəssüratlarını öyrəndik.

Ağasəlim Mircavadov:

“İllərdir çalışırıq ki, Çempionlar Liqasında iştirak edək. Bu artıq hamıya məlumdur. Artıq o gün gəlib çatıb və xalqımız böyük həyəcanla tək yumruq kimi birləşib komandamızın səfər qələbəsi çalmasını gözləyir.

Evdə keçirdiyi oyunda “Qarabağ” əyani şəkildə sübut etdi ki, “Kopenhagen”dən daha güclüdür. Doğrudan da, “Qarabağ” çox yaxşı futbol sərgilədi, ancaq mən məyus oldum. Təəssüf etdim ki, “Qarabağ” nümayiş etdirdiyi gözəl oyuna rəğmən az qol vurdu. Mən hesabda daha çox irəliləyiş gözləyirdim, çünki komanda buna layiq idi.

Səfər oyunu “Qarabağ” üçün problem olmamalıdır deyə, düşünürəm. Bu axşam “Kopenhagen” daha çox hücum taktikası sərgiləyəcək, bu zaman boşluqlar yaranacaq, “Qarabağ” da bu boşluqlardan istifadə edə biləcək.

“Kopenhagen”in oyunçuları standart vəziyyətlərdə cinahlardan mərkəzə doğru hava xətti ilə oynayır. Səfər oyununda diqqət ediləcək əsas məqam bundan ibarətdir ki, "Qarabağ" həmin standart vəziyyətləri öz xeyrinə çevirə bilsin və hündürboylu oyunçuları neytrallaşdırsın. Komanda bu problemi futbolçuları arasında iş bölgüsü aparmaqla rahat şəkildə həll etməyə qadirdir.

Əgər “Qarabağ” səfər oyununda da qalib gəlsə, Azərbaycan futbolunda dönüş nöqtəsi yaratmış və bununla çox böyük missiya yerinə yetirmiş olacaq. Çempionlar Liqasında iştirak edən top klubların siyahısında adımızın hallanmağının özü elə nəyə desəniz, dəyər. Bu liqa bizim üçün bir məktəbdir və bu məktəbin verdiyi dərslərdən yararlanmaq lazımdır.

Sübut olunmuş bir teoremdir ki, evdə keçirilən oyuna nisbətən, səfər oyunu daha ağır və həyəcanlı olur. Komandamız həyəcanına yenilməmək üçün hər bir oyunçusuna meydançada yer ayırmalıdır ki, komanda şəklində oyun sərgiləyə bilsin. İlk oyunda Rəşad Sadiqov iştirak etməsə də, strat heyəti mükəmməl qurulmuşdu. Elə bu heyətlə çıxış etmək Qarabağın yaxşı oyun sərgiləyəcəyinə də bir zəmanətdir.

“Qarabağ” hücuma meyilli komandadır. Yəni o, müdafiə taktikasında oynaya bilmir. Düşünürəm ki, bu taktika məhz bu oyunda çox yaxşı işə yarayacaq. “Qarabağ”ın oyunu müdafiə deyil, ona hücum daha çox yaraşır.

Bildiyim qədərilə, "Kopenhagen" son 3 ildə Çempionlar Liqası çərçivəsində evində keçirdiyi matçlarda uduzmayıb. Bu nüansı məşqçilər korpusumuz bilir, təhlil edir və ona uyğun oyun qurur. Düşünürəm ki, komandamız evində keçirdiyi oyunun 2-ci hissəsini eynən səfər oyununda sərgiləsə, qalibiyyətini sığortalamış olacaq.

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağımız təqdirdə həm maliyyə, həm də nüfuz baxımından böyük avantajlar əldə edəcəyik. Çünki liqa çox nüfuzlu bir platformadır. Burada təkcə futbolçuların deyil, məşqçilərin də nüfuzu artacaq. Onlar həm tanınacaq, həm yeni şeylər öyrənəcək, həm də öyrədəcəklər. Bütün bunlarla bərabər, Azərbaycanın da nüfuzu artacaq”.

Vaqif Sadıqov:

“Məncə, elə bir adam yoxdur ki, bu gün “Qarabağ”dan uğurlu nəticə gözləməsin. İnanıram ki, komandamız bu oyunda qələbə qazancaq və Azərbaycan futbolunda yeni bir tarix səhifəsi açacaq. Bununla da ən güclü Avropa klubları sırasında yer alacaq. Bu gün çox ağır, çox maraqlı və intriqalarla dolu oyun bizi gözləyir. Ağır olacaq, ona görə ki, “Kopenhagen” öz evində mübarizə aparacaq və məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. “Qarabağ” isə evində əldə etdiyi nəticəni qoruyub saxlamağa çalışacaq. Maraqlı matç olacaq, ona görə ki, hər iki komanda fərqli oyun üslubuna malikdir. Komandamız texnikalı və yumşaq futbol taktikası nümayiş etdirir. “Kopenhagen” isə sırf güc hesabına futbol oynamağa çalışır.

İntriqa isə onda yaranacaq ki, bizim klubumuz ilk dəfə Çempionlar Liqasında iştirak edəcək, “Kopenhagen” isə məğlub olaraq sıradan çıxacaq. Bu məğlubiyyət hətta baş məşqçinin istefası ilə nəticələnə bilər.

Ola bilər ki, biz bu gün 90 dəqiqə deyil, 120 dəqiqə matç izləyəcək. Ola bilər ki, oyun sonrası penaltilər seyr edək. Lakin bütün bunlar “Qarabağ”ın qalibiyyəti ilə nəticələnməlidir. Çünki bizim buna ehtiyacımız var, çünki biz buna ümid edirik.

Birinci oyun göstərdi ki, “Qarabağ” böyük potensiala malikdir və rəqibini düzgün təhlil etməyi bacarıb. 1 həftə ərzində səfər oyununa hazırlaşan zaman rəqibin oyunu çox güman ki, yenidən analizdən keçirilib və buna uyğun olaraq taktikalar qurulacaq. Ən vacibi odur ki, biz evdəki oyunda şahidi olduğumuz oyunu səfərdə də görə bilək.

İki komandanın oyunçularının boy nisbətində “Kopenhagen” bizi üstələsə də, düşünürəm ki, “Qarabağ”ın komanda oyunu bizi yaranmış təhlükələrdən sığortalaya biləcək. Standart vəziyyətlərdə rəqibin əldə etdiyi üstünlüyü oyunçularımız Şehiçin köməyi ilə təhlükəli əks hücuma çevirə bilər. Bununla da doğma stadionumuzda vurulan qol kimi, ikinci bir qol görə bilərik.

İkiqat sevindirici haldır ki, “Qarabağ”ın uğurlu transferlərin olmasına baxmayaraq, Çempionlar Liqasının ilk qoluna məhz azərbaycanlı futbolçu imza atdı. Bu gün Mahir Mədətovun öz klubu və ümumi Azərbaycan üçün uğurlu, məhsuldar çıxışlar etməsi təqdirəlayiq haldır.

Mən hesab edirəm ki, “Qarabağ” axşamkı qələbəsi ilə bizə böyük bayram sevinci bəxş edəcək. Onun Çempionlar Liqasında qazanacağı maliyyədən çox, ölkəmizə və futbolumuza qatacacağı nüfuz bizim üçün ən önəmli şeydir.

Mən əminəm ki, bu gecə “Qarabağ” mütləq, mütləq və mütləq qalib gələcək”.

Şahin Diniyev:

“Bu axşamki matçdan pozitiv gözləntilərim var. Düşünürəm ki, bu gecə qalibiyyət qazanmaq “Qarabağ”ın haqqıdır. Tarixdə ilk dəfə Azərbaycan futbolunu Çempionlar Liqasında təmsil etmək üçün bundan gözəl fürsət ola bilməz. Keçən il düşünürdük ki, builki liqa çətin şərtlər altında keçiriləcək. Lakin “Qarabağ” bizə bunun tam tərsini göstərdi.

"Qarabağ" həm oyun, həm motivasiya, həm də komanda cəhətdən “Kopenhagen”dən bir addım irəlidədir. Ancaq onu da qeyd edim ki, bu futboldur və futbolda hər nəticəyə hazır olmaq lazımdır. Obyektiv bucaqdan baxsaq, bu gün “Qarabağ” layiqli favoritdir. Bu gecə bu favoritliyi oyun başlayan dəqiqədən ikinci plana keçirmək lazımdır. İnanıram ki, komandamız bu səddi keçəcək və liqaya adlaya biləcək.

Bu gün çempionlar liqasında “Kəpəz”, “Neftçi”, “İnter” kimi komandalarımızdan hər hansı biri iştirak etsə idi, bu bəlkə də bizi “Qarabağ”a sevinəcəyimiz qədər həyəcanlandırmayacaqdı. Çünki komandanın adı bizim üçün xüsusi önəm kəsb edir. Çünki “Qarabağ”ın mərhələyə düşməsi həm siyasi cəbhədən, həm də idman cəbhəsindən bizə uğur gətirir.

Əgər komandamız qalib gəlsə, klubun büdcəsinə 12 milyon avrodan artıq məbləğ daxil olacaq. Bu da klubun maddi-texniki baza baxımından güclənməsi, yeni və güclü transferlərin edilməsi deməkdir.

“Qarabağ” qalibiyyəti Azərbaycanın nəinki futbolu, siyasəti baxımından da böyük uğur olacaq. Üçüncü uğur isə futbolçularımızın ayağına yazılacaq müvəfəqiyyət olacaq. Onların gözəl performansı futbolumuza yeni baxış bucağının yaranmasına səbəb olacaq.

Səfər oyununda “Kopenhagen”in təzyiq oyunu göstərəcəyi artıq sirr deyil. Lakin “Qarabağ” oyunçularının yaranacaq boşluqdan istifadə edərək təhlükəli əks hücum qurması bizi bu təzyiqdən xilas edəcək”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR