ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz

ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz
10:22 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı genişmiqyaslı işlər həyata keçirir.
“Report” xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bu sahədə yarana biləcək çətinliklərin qarşısının alınması üçün qanunvericilik çərçivəsində mütəmadi tədbirlər görülür. Məqsəd torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi və qeyri-qanuni özbaşına zəbt olunması hallarını müəyyən etmək və qarşısını almaqdır. Eyni zamanda tədbirlərin təhlillərinə əsasən aşkar olunur ki, bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə, ƏMDK-nın rəyi olmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə torpaqlar ayrılır.
“Ölkə prezidentinin 4 may 2015-ci il 4 may tarixli fərmanı ilə təsdiq edilmiş ƏMDK haqqında əsasnamədə dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı Komitənin rəyinin alınması qeyd edilib. Yəni yerli icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və ya istifadəyə ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır.
Eyni zamanda Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. “Torpaq icarəsi haqqında” Qanununun 9-cu maddəsinə görə isə yerquruluşu layihələri əsasında torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Torpaqla bağlı yerquruluşu işlərini Komitənin müvafiq qurumları həyata keçirir.
Yer quruluşu işlərinin aparılmasının əsas səbəbi ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşmanın təmin edilməsidir. Bu isə ayrılan torpaqların ərazisinin eyni sahəyə düşməsinin qarşısnı alır. Ümumilikdə bu işlərin həyata keçirilməsi vətəndaş və dövlətin maraqlarının qorunmasına istiqamətlənib. Beləki, vətəndaş qeydiyyatla bağlı maneələrlə qarşılaşmayacaq, torpağı düzgün istifadə edə biləcək. Dövlətə verdiyi əsas fayda isə gələcəkdə dövlət ehtiyacları üçün torpaqların geri alınmasında çətinlikləri aradan qaldırır, əlavə xərclərin yaranmasının qarşısını alır.
Rəylərin verilməsində başlıca məqsəd isə torpağın təyinatından irəli gələn məsələlərin aydınlaşdırılması, torpaqların hansı kateqoriyaya aid olmasının araşdırılması, torpaqların mühavizə zolaqlarında yerləşib yerləşməməsinin müəyyənləşdirilməsidir. Rəy verilərkən torpaqların yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları mühavizə zolaqlarında, magistral neft, qaz, su boru kəmərləri üzərində yerləşməsi aşkara çıxarılır. Bundan başqa rəylərin verilməsi torpağın şəhərsalma planlarına uyğun gəlib gəlməməsini müəyyənləşdirir.
Torpaq sahələrinin qanunvericiliyin tələbləri pozulmaqla, Komitənin rəyi olmadan verilməsi sonradan sənədləşmə prosesində çətinlik yaradır. Belə ki, vətəndaşlar bilməyərəkdən ayrılmaya dair rəy alınmayan torpaqlarda qanunsuz tikinti aparır. Daha sonra müvafiq qeydiyyat prosedurunu yerinə yetirəndə isə ilkin hüquqi sənədlərin çatışmazlığı problemi ilə üzləşir.
Həmçinin belə qaydada torpaq sahələrinin ayrılması ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərə ciddi maneələr yaradır. Vətəndaşlar bilməlidirlər ki, ƏMDK-nın rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir və burada tikinti aparmaq qeyri-leqaldır. Qanunvericilik çərçivəsində ayrılan torpaq sahələrinə sonradan vətəndaş rahatlıqla mülkiyyət hüququ əldə edə bilər.
Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır. Bu istiqamətdə vətəndaşların, bələdiyyələrin, müvafq icra hakimiyyəti orqanlarının məlumatlandırılması üçün torpaqlardan istifadə və onun mühafizəsi ilə bağlı maarifləndirici forumlar təşkil edilir. Belə forumlar mütəmadi olaraq Bakı və bölgələrdə təşkil olunur. Keçirilən maarifləndirici forumların məqsədi torpaqlardan istifadədə mülkiyyətçilərin, dövlətin və vətəndaşların hüquqlarının daha səmərəli təmin olunmasıdır.
Belə forumlarda bələdiyyələr, iri torpaq mülkiyyətçiləri digər aidiyyətı qurumlar torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırılır. O cümlədən onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyi bildirilir. Torpaq idarəçiliyində yaranan qanun pozuntularına qarşı tətbiq olunan inzibati tənbeh tədbirləri, o cümlədən sanksiyalarla bağlı maarifləndirilir. Eyni zamanda torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emdk-muvafiq-reyi-olmadan-torpaqlar-icareye-ve-istifadeye-verile-bilmez

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR